hemle

Kişi qeyrətli, rəşadətli Azərbaycan qadını

Tarix:3-11-2016, 21:54
Baxış Sayı:1 670

Kişi qeyrətli, rəşadətli Azərbaycan qadını
Qadın zərif məxluq sayılır. O, zərif olsa da, qətiyyən zəif sayıla bilməz. Çünki ilk növbədə anadır. Deməli, qadın həyat mənbəyidir. Onun cəmiyyətdə rolu təkcə bununla bitmir. Həyatın mənbəyi və mənsəbi olan qadın həm də onun istiqamətçisidir. Başqa sözlə desək, məhz incə duyğuların daşıyıcıları olan qadınlar cəmiyyəti xoş məcralara yönəldirlər. Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşən Azərbaycanın uğurları birbaşa onun qadınının uğurları sayıla bilər.
Azərbaycan qadını. Ana südündə halal nemətləri toplayan, laylasında ilahi zümzüməni pıçıldayan, ən yüksək insani keyfiyyətlərin daşıyıcısı olan insan övladı. O öz zəkası, nüfuzu və müdrikliyi ilə bəşər tarixində özünəməxsus iz salmışlar. Belə ki, ta qədimdən ulu nənələrimiz cəmiyyətin inkişafında və idarəçiliyində fəal iştirak ediblər. Son min ilin tarixinə qısa nəzər salaq. Adına 1186-cı ildə Naxçıvanda Əcəmi Əbubəkr tərəfindən möhtəşəm türbə ucalan Mömünə xatun Azərbaycan Atabəyi Şəmsəddin Eldəgizin xanımı olmuşdur. O, Sultanla Atabəylər arasında xoş münasibətlər yaradaraq, ara müharibələrinin qarşısını almışdır. XII əsrdə təkcə Azərbaycanda deyil, bütün Şərqdə tanınan, rübailərində fikir dərinliyini və gözəlliyi özündə birləşdirən Məhsəti Gəncəvi dövrünün kişi yazarlarından heç də geridə qalmamış, gözəl musiqi duyumu, şahmat oynamağı ilə hamını heyran qoymuşdur. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun və gəlini Dəspinə xatun tarixə səfir xanım kimi imza atmışlar. Osmanlı sultanı Məhəmməd İkinci Fatihin dövründə o, öz səfirlik missiyasını ləyaqətlə yerinə yetirib. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə öz ailəsinə, ərinə, müqəddəs ocağına sadiq bir qadın kimi tarixdə özünəməxsus yer tutub. Belə ki, Fətəli xan Dərbənddə olmadığı dövrdə şəhəri öz qardaşı Əmir Həmzənin başçılıq etdiyi koalisiyadan müdafiə edərək Fətəli xana təhvil verib. XVI əsrdə Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri əfsanələşərək şifahi xalq ədəbiyyatına qovuşmuş, Xan qızı Natəvan isə həm lirik şerləri ilə, həm də apardığı siyasətlə Azərbaycan tarixinə öz dəyərli töhfəsini verib.
Bu günümüzün Tomrisi isə məhz Aybəniz Qafarlıdır. Gəlin onu bir az da yaxından tanıyaq.
Aybəniz Baxşəli qızı Qafarlı 1960 ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində ziyalı ailəsində doğulub. Bakı Dovlət Universitetini bitirib. Bədii yaradıcılığa tələbəlik illərindən başlasa da, dövrü mətbuatda 1987-ci ildən nəşr olunmağa başlayıb. İlk kitabı 1998-ci ildə çap olunub. "Qəm üstünə köklənmişəm" , "Apar məni ay işığı", "Kipriyimdən qəm süzülür", "Dağlardan boylanan günəş" və "Bir ocağam öz içimdə" kitablarının müəllifidir. 2003-cü ildən "Türk dünyası" beynəlxalq qəzetinin təsisçisi və baş redaktorudur. Bir çox xarici ölkədə - Almaniyada, Hollandiyada, Belçikada, Türkiyədə, Rusiyada Azərbaycan mədəniyyət günlərində və elmi konfranslarda, Şiir şölənlərində Azərbaycanı təmsil edib. Şeirləri Türkiyədə nəşr olunan "Kumbet altında" və "Avrasiya sanat edebiyyat" dərgilərində dərc edilib. Azərbaycanda öz qələmi ilə Qarabağ savaşının qaynar nöqtələrində əsgərlərlə çiyin-çiyinə səngərdən-səngərə, bölgədən-bölgəyə qarış-qarış gəzib, hər şəhid ailəsindən olarkən aldığı təəssüratları göz yaşları ilə yazıb. Bəzən haqsızlığa dözməyib qələmini tənqidi mövzulara tuşlayan Aybəniz Qafarlı kəskin yazıları ilə də fərqlənib. Jurnalistika sahəsindəki xidmətlərinə görə 2000-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, İrak Türkmən Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və İLESAM- ın üzvüdür. İki dəfə Parlament seçkilərinə qatılıb və Millət Vəkilliyinə namizəd olsa da, uğur qazana bilməyib. "Turana açılan könüllər" antologiyasının həmlayihə rəhbəridir.
Poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür. Kişi qeyrətli, rəşadətli Azərbaycan qadını şair Aybəniz Qafarlı kimi.
Aybəniz Qafarlı poetik dünyasına vurğun olduğum bir şairdir. Onun qəlbi və həyata baxışı nurlu, əsərləri günəş tək hərarətli, yaz yağışı qədər həzindir. A.Qafarlı qəlblərdə məskən salan, könüllərə işıq saçan əbədi bir xatirədir. Hansı ki, özü bu həyatda olmasa belə, uzun illər yaşayacaq.
Aybəniz poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlilik məziyyətlərini itirər. Onun ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir. O, bizim yüz dəfələrlə gördüyümüz əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni keyfiyyətlər tapmaq, onun yeni şəkildə mənalandırmaq qüdrətinə malik bir sənətkardır. Onun şeirlərini oxuduqca misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız nurla, şəfəqlə qidalanır.
Aybəniz öz şeirlərində vətənin ucsuz-bucaqsız düzlərindən, başı göyləri dələn dağlarından, dibi gün görməyən meşələrindən, buz bulaqlarından, əzəmətli quruculuq meydanlarından söz açır, xınalı qayaları, naxışlı daşları, Koroğlu nişanəli, Cavanşir izli yalçın qayaları, laləli, nərgizli çəmənləri böyük iftixar hissi ilə vəsf edir.
A.Qafarlı şair qarşısında, söz sənəti qarşısında yüksək vəzifələr qoyur. O göstərir ki, şeir asan yaranmır, şair qəlbi ümman kimi çağlamalı, şimşək kimi parlamalı, daim axtarışda olmalı, yazmalı, yaratmalıdır. Aybəniz şairi, şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, loğmanı, təbibi, dayağı bilir, sənətkarı bir vətəndaş kimi Vətən, el, bəşəriyyət uğrunda, kamillik uğrunda mübarizəyə səsləyir.
Aybəniz daha çox təbiət və gözəllik, dərd və sevgi şairidir. O, adi yoncanı, yovşanı, yarpızı Vətənin bir zərrəsi kimi sevir, əzizləyir, adi yovşan kolunun qoynunda şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir.
Təbiət və təbiətin insanlara bəxş etdiyi nemətlər Aybənizin qəlbini qürurla doldurur, onu riqqətə gətirir, daim özünə çəkir.
Aybəniz xanım təbiəti sevdiyi kimi, onun yağışını, qarını, buzunu, şaxtasını, tufanını, bir sözlə, istisini, soyuğunu qəfil baş verən hay-harayını da sevir və onlara dözməyi bacarır. O, təkcə təbiətin deyil, istehsalatın, zəhmətin, ucsuz-bucaqsız tarlaların mehini, ətrini şeirə gətirir, insan zəhmətinə yüksək qiymət verir, qurub-yaradan insanları, böyük sənət və yarış dostlarını sənətin dili ilə alqışlayır.
Mən Aybəniz Qafarlı poeziyasını çox sevirəm və inanıram ki, bu lirik söz xəzinəsi əsrlərlə yaşayacaq, öz müəllifini şöhrətləndirəcək.
Aybəniz xanım sadiq dostdur, yoldaşdır, sirdaşdır. O, elinə, obasına. Yurduna bağlı azərbaycanlı qızıdır. Bəlkə də yurdunu onun qədər sevən, əzizləyən ikinci xanım tanımıram.
Ona kürəyini söykəyə bilərsən. Aybənizdən heç vaxt naxələf hərəkət gözləməzsən və görə də biməzsən. Sözü bütöv, əməli saleh bir xanımdır. O, əsl türk xanımlarının xarakterini özündə cəmləşdirmiş, ehtiva etmiş yazardır, qadındır, anadır, hər şeydən əvvəl, vətəndaşdır, İnsandır.
Öz valideynlərinə qarşı hörmətcil olan Aybəniz xanım rəhmətlik anasının sağlıq durumunda səhhəti pisləşərkən düz 6 ay onun yanından əl çəkmədi, gecə-gündüz bilmədi, qulluğunda əsl övlad kimi dayandı. Vaxtilə anası onun gözlərini bu dünyaya açmışdısa, anası gözlərini yumarkən məhz Aybəniz onu gözlərini bağladı. Bu gün də özündə rahatlıq tapa bilmir. Hərdən ana barədə söz düşəndə, mən öz anam barədə yazanda o da kövrəlir, hisslərini gizlədə bilmir, internetdə mənə dəstək verir. Bu da onu mənə dostlarımdan əsas fərqləndirən cəhətlərindəndir.
Aybənizin Türk dünyasına sevgisi hədsizdir. İçindəki türkçülük, millətçilik daim qaynayır, vulkan kimi ətrafa püskürür. Qəlbi Turanla, turançılıqla döyünən Aybənizin daxili, iç dünyası həmişə narahatdır. Odur ki, o, “Turana açılan könüllər” antologiyasının tərtibatçılarından biridir. Bu yaxınlarda antologiya artıq sevimli oxucuların ixtiyarına veriləcək.
Sənə uğurlar diləyirəm, mənim çox hörmətli sadiq dostum!


Daşdəmir ƏJDƏROĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR