Şeirlərilə ürəklərə sevgisini və səmimiyyətini paylayan Vaqif İsaqoğlunun yenicə çapdan çıxmış «Təki ürək qocalmasın» (Bakı, 2025) şeirlər toplusunu bir nəfəsə oxudum və şairin hər şeirinin maqnit gücünü hiss elədim. Onu da hiss elədim ki, bir çox şeirlərində qocalıqdan şikayət edən Vaqif, qocalsa da, yenə həminki Vaqifdi.
«Təki ürək qocalmasın», - deyən şair haqlı olaraq belə yazır:
Can sökülür-dərd ha deyil,
Saç tökülür dərd ha deyil,
Bel bükülür- dərd ha deyil,
Təki ürək qocalmasın.
Və yaxud bu misralara diqqət yetirək:
Qəm-kədərlə çox görüşüb,
Üstünə dağlar sürüşüb.
Təki ürək xəstə düşüb,
Təki ürək qocalmasın.
Əvvəlki kitabları kimi «Təki ürək qocalmasın» kitabı da ürəkdə xoş duyğular oyadır. Həm də bu kitab bizi yaşadığımız illərə çəkib aparır, atalı-analı günlərimizi gözlərimiz önündə canlandırır, çox-çox uzaqlarda qalan kənd həyatını, uşaqlıq illərini, o qayğısız günləri, mürgülü xatirələri…yaddaşımızda silkələyib oyadır və istər-istəməz yaşanmış illəri təzədən yaşamalı olursan. O illəri təzədən yaşaya-yaşaya kövrəlirik. Kövrəldikcə ölümə getdikcə daha çox yaxınlaşdığımızı hiss edirik:
De, Vaqifdən nə qalacaq?
Çürüyüb torpaq olacaq.
Məni yada kim salacaq?
Qəbrim üstə kim gələcək?
Vətənpərvərlik duyğuları, ana məhəbbəti, yurd sevgisi, yada düşən xatirələr… kitabın əsas leytmotivini təşkil edir. Şairin ana məhəbbəti, anaya olan sonsuz oğul sevgisi ürəyimizi qubarlandırır, ana həsrətilə için-için odlanmaya bilmirik:
Dərd canımı sıxanda,
Gözümdən yaş axanda,
Hər gün evdən çıxanda,
Anamı axtarıram.
Və yaxud bu misralara diqqət yetirək:
Ölüm mələyinin əlindən tutub
Anamı görməyə getməliyəm mən.
Kitabda sevgi şeirləri ürəkləri daha çox ovsunlayır. Bu da səbəbsiz deyil. Axı qəlbimizi sızıldadan eşqin özü də bir yaradıcılıqdır. Və söz yox ki, Vaqif yaradıcılığında sevgi, məhəbbət önəmli yerlərdən birini tutur. Düşünürəm ki, eşq olmadan əsl sənət əsərləri yaratmaq mümkün deyil. Bu mənada Vaqif İsaqoğlu əsl sənət nümunələri yarada bilib. Şübhəsiz ki, Vaqifin sevgi şeirləri öz ruhuyla adamı başqa bir aləmə çəkib aparır və biz bu sirli-sehirli aləmdə eşq bizə həyatı yenidən kəşf etmək gücü verir. Bu gücü ürəyimizdə hiss edirik. Hiss edirik ki, eşq böyük qüvvədir. Bu gücü, qüvvəni Vaqifin sevgi şeirlərində bir daha görürük:
Çıx sinəm üstünə sən doyunca gəz,
Ağrıyan ürəyim şikayət etməz.
Bu qəmli gözlərim yalan söyləməz,
Mənim ürəyimin dərmanı sənsən.
Eşq nəcib bir hissdir. Bu hissi şeirlərinə hopduran Vaqif isaqoğlunun hər şeirində əsl şair obrazı boy göstərir. «Mənim ürəyimin dərmanı sənsən», «İydə ağacları çiçəkləmişdi», «Ən gözəl qadını sənsən dünyanın», «A kənqd gözəli» və s. şeirlərdə lirik qəhrəmanın yaşam fəlsəfəsi açılıb-göstərilir.
Günəş şəfəq saçır, sən varsan deyə,
Daş da çiçək açır, sən varsan deyə.
Mənim can dərmanım olarsan deyə-
Sənin tək qadını necə sevməyim?
Şeirlərilə oxucu qəlbinin ən incə tellərini titrədən, insanları mənəvi təmizləyə çağıran, sevib-sevilməyə səsləyən ,həyatın reallığını olduğu kimi açıb-göstərən Vaqif İsaqoğlunun «Təki ürək qocalmasın» şeirlər kitabı deyərdim ki, nurlu bir işıqdır. Oxucuları bu işığa çağırıram. Bu işıqda Vaqif dünyası ilə daha yaxından tanış olacaq, onun dünyasının adamlarını yaxından tanımaq imkanı əldə edəcəksiniz.
İnanıram ki, «Təki ürək qocalmasın» - deyən şairin özü yavaş-yavaş qocalsa da, ürəyi son nəfəsinə kimi qocalmayacaq, o, hələ illər sonra da ürəyindən qopub gələn səsləri şeirə çevirəcək və Vaqifsevərlərə göndərəcək.
«Təki ürək qocalmasın» kitabı şeirimizə, ədəbiyyatımıza, poeziyasevərlərə həqiqətən dəyərli bir hədiyyədir. Bu söz hədiyyəsinə görə «qələm dostuma «Sağ ol» deyir, yeni-yeni kitablarıyla görüşümüzə gəlməyini arzulayıram.
Hüseyn İSAOĞLU,
AYB-nin və AJB-nin üzvü,
yazıçı- publisist