HİCRAN BAĞRIN YARAR...
Bir aşiq yarından ayrı düşərsə ,
Qəlbi yanıb, külə dönər o anda,
Hicran bağrın yarar , artacaq qəmi,
Məcnun kimi gözü qalar cananda.
Parça - parça olar ,ürəyi qəmdən ,
" Könül " adlı quşu ağlar qəfəsdə .
Eşqdən ötrü , qəlbi düşər yüz dərdə,
Boğular , təngiyər, sanki nəfəs də .
Süzər oğrun-oğrun, qaşqabaq ilə ,
Qəhərdən ürəyi olacaq şan- şan.
Gecələr gözündən qaçar yuxusu,
Göydən baxan ay da olar pərişan.
Həsrət neştər kimi , yaralar canı,
Nə təbib tapılmaz , nə də ki ,dərman.
Yaralar sızıldar , Allahdan dilər ,
Dərdinə nazlı yar qoy olsun loğman.
04.05.2020
HƏSRƏTDƏN SİNƏNDƏ DARIXSA ÜRƏK.
Dalıb seyrəngaha gəz bağça , bağı ,
Həsrətdən sinəndə darıxsa ürək.
Qarışla günəşi hər səhər çağı,
Həsrətdən sinəndə darıxsa ürək.
Çalış ki, həyatda tənbəllik etmə,
Boş-boş xəyalların ardınca getmə.
Kitab oxumaqdan heç vaxt yan ötmə,
Həsrətdən sinəndə darıxsa ürək.
Ata - baba öyüdündən hey dərs al ,
" Cəfa sürən , səfa sürər " var misal .
O xoş günü xatırlayıb., yada sal ,
Həsrətdən sinəndə darıxsa ürək.
Zülümün tayası qoy odda yansın ,
Qəm -qüssə qoy səni bir cani sansın .
Sözünü zildən de, qanmazlar qansın
Həsrətdən sinəndə darıxsa ürək.
Allaha sığınıb , bağla belini
Xoş keçirt ,hər gələn ayı , ilini
Gəz, gözəl yurdunu , doğma elini ,
Həsrətdən sinəndə darıxsa ürək.
Yaz fəsli ömrünün ən gözəl çağı ,
Qız - gəlin seyr edir aranı , dağı .
Olsun sevinc yerin , elin yığnağı,
Həsrətdən sinəndə darıxsa ürək.
Bürün zər- xaraya , yaşıla, ağa ,
Sığal çək telinə, alma yanağa .
Köklə öz könlünü, sən kef- damağa ,
Həsrətdən sinəndə darıxsa ürək.
03.05.2020
Səbahət Lənkəranlı.
DƏRDƏ QƏMƏ SON QOYMUŞAM.
Xına yaxıb siyah telə
Dərdə ,qəmə son qoymuşam.
Hər qüssəni verib yelə ,
Dərdə ,qəmə son qoymuşam.
Çağlayır ilham dənizim ,
Yayılır hər yana sözüm.
Dilə gəlir telli -sazım ,
Dərdə ,qəmə son qoymuşam.
Sevincindən coşur ürək,
Könlümdə var ən xoş dilək
Kədərdən yan duram gərək,
Dərdə - qəmə son qoymuşam.
Sarılmışam zər qələmə,
Dürr qatıram hər kəlməmə.
Baş əymərəm mən ələmə,
Dərdə ,qəmə son qoymuşam.
Dönüb xoşbəxt, o xoş çağlar ,
Çiçək açıb yenə bağlar.
Səbahəti Allah saxlar,
Dərdə , qəmə son qoymuşam.
P.S : Ələm - qəm , dərd deməkdir.
03.05.2020
Səbahət Lənkəranlı.