ŞAİR TƏKİ ŞEİR YAZIR .
İndiki məhdudiyyətdə vəziyyət.
Eşqdən yanır "Mələk " qəlbi ,
Sevgilisin sanır Nəbi
İlham alır , gəlir təbi ,
Şair təki şeir yazır .
Gedir bağça - bağa sarı ,
Görür çiçək üstə arı .
Xəyalına gəlir yarı ,
Şair təki şeir yazır.
Sanır onu yaman güclü ,
Zəmanəni edir suçlu
Qələm alır qızıl uclu ,
Şair təki şeir yazır .
Səbahət , tay gediş yoxdur ,
Yollar bağlı , görüş yoxdur .
Onun məhəbbəti çoxdur ,
Şair təki şeir yazır .
11.04.2020
Səbahət Lənkəranlı.
MƏNƏ ŞEİR YAZAN KƏS VAR.
Gendə qalıb , hər an süzüb
Eşq yanğısı qəlbin söküb .
Sevgisin misraya düzüb ,
Mənə şeir yazan kəs var.
Sözləri qiymətli daş -qaş ,
" Bənd" ə yığır ehmal , yavaş .
Vəsfi edir yaman çaş - baş ,
Mənə şeir yazan kəs var .
Sinəsində saf ürəkdir ,
Daxilində saf diləkdir
Kəlmələri çox gərəkdir ,
Mənə şeir yazan kəs var.
Dilidir bal ilə şərbət ,
Sözləri şəkərə nisbət .
Edir Səbahətə rəğbət ,
Mənə şeir yazan kəs var.
09.04.2020
Səbahət Lənkəranlı.
ƏRİDİR .
İki sevən qəlbin məhəbbətindən ,
Odlu nəfəsləri qarı əridir .
Bir gözəl sənəmin nazı , işvəsi ,
Sevgiyə tutulan yarı əridir.
Çırpınır ürəyi , döyünür qəlbi ,
Könlü tutmur aram gördükcə ləbi ,
Nəğməyə çevrilir coşaraq təbi ,
Sinəyə sıxdığı tarı əridir.
Yar , yarın yanında olur bəxtəvər ,
Sevinclə açılır hər sabah , səhər ,
Bu eşqdən ətrafa səs salan zəfər ,
Göydə qanad çalan " sar " ı əridir.
07.04.2020
Səbahət Lənkəranlı.
NƏHƏNGƏM EL ARASINDA.
Mənasız sözləri heç vaxt yazmaram ,
Cəvahir olsa da ləl arasında .
Xoşuma gəlməyən donu geymərəm ,
Hətta qoyulsa da şal arasında.
Dolu könlüm coşur , səslənir hərdən ,
Sinəm dalğalanır , söz gəlir sərdən .
Əgər söyləməsəm boğullam birdən ,
Sözün dəryasında lil arasında.
Təb gələndə əldən verməm fürsəti ,
Qoy yayılsın eldə sözün qüdrəti .
Təsvir eyləyirəm bağda vüsəti ,
Bülbülü qoyuram gül arasında.
Heç uymaram iblis ,şeytan sözünə ,
Mələk görünərəm dostun gözünə .
Bir şair ki , yana eşqin közünə ,
Deyin o qalarmı çöl arasında ?!
Ayıra bilirəm sözün incisin ,
Tanıyıram dostun yaxşısın , pisin .
Səbahət istəməz kimsə incisin ,
Dözürəm , nəhəngəm el arasında.
P.S : " SƏR " - baş deməkdir.
06.04.2020
Səbahət Lənkəranlı.
SEVGİYLƏ DÖYÜNÜR BU SAF ÜRƏYİM .
Görəndə çəməndə gülü , çiçəyi ,
Sevgiylə döyünür bu saf ürəyim .
Əlimə alanda xallı böcəyi ,
Sevgiylə döyünür bu saf ürəyim.
Susuz səhralara gələndə sular ,
Qarlı düzənlərə gələndə bahar ,
İsti ölkələrdən gələndə quşlar ,
Sevgiylə döyünür bu saf ürəyim.
Vardır yaxşılıqdan yoğrulan canım ,
Çaylar tək coşqundur damarda qanım ,
Məhəbbətlə ötür hər günüm , anım ,
Sevgiylə döyünür bu saf ürəyim.
Qurub tikirəm mən hər axşam - səhər ,
Kiçicik qəlbimdə işıqlı evlər ,
Dostlardan gəlincə mənə şad xəbər ,
Sevgiylə döyünür bu saf ürəyim.
Ürəklər isidən çox söhbətim var ,
Xoş arzularım var , xoş niyyətim var ,
" El " imə xüsusi bir hörmətim var ,
Sevgiylə döyünür bu saf ürəyim.
Hamı Səbahətdən razıdır , razı ,
Həvəslə əlimə alıram sazı ,
Dalıram xəyala , çalıram sazı ,
Sevgiylə döyünür bu saf ürəyim.
Mənasız ötürür saat , zamanı ,
Günahkar edirlər gözəl dünyanı ,
Fərqinə varmıram yaxşı , yamanı ,
Sevgiylə döyünür bu saf ürəyim.
04.04.2020
Səbahət Lənkəranlı.
MƏN HEÇ ŞAİR OLMAZDIM Kİ .
Olmasaydı nakam sevgi ,
Mən heç şair olmazdım ki.
Görməsəydim nakam eşqi ,
Mən heç şair olmazdım ki.
Fərhad gülüng çalmasaydı ,
Sal qayanı çapmasaydı ,
Şirin deyib anmasaydı ,
Mən heç şair olmazdım ki.
Yar , yardan gen qalmasaydı ,
Ətrafa ah salmasaydı ,
Gözlər yaşla dolmasaydı ,
Mən heç şair olmazdım ki.
Ətirli gül solmasaydı ,
Bülbül fəryad etməsəydi ,
Bu məhəbbət bitməsəydi ,
Mən heç şair olmazdım ki.
Kəpənəklər uçmasaydı ,
Çiçək üstə qonmasaydı ,
Arı gendən baxmasaydı ,
Mən heç şair olmazdım ki.
Səbahətəm , sevməsəydim ,
Yar həsrətin çəkməsəydim ,
Ondan ilham almasaydım ,
Mən heç şair olmazdım ki.
02.04.2020
Səbahət Lənkəranlı.
QƏLBİMİ.
Saf sevgimə hər an inan ,
Gəl yoxla sən bu qəlbimi .
İncitmə öz aşiqini ,
Tez haqla sən bu qəlbimi .
Gözüm baxmaz səndən yana ,
Eşqimdə varam mərdana .
Məhəbbətlə al nişana ,
Ovçu tək oxla qəlbimi.
Ürəyim sanki tər çiçək ,
Bir qönçə tək ləçək - ləçək .
Durma gendə , yaz gülü tək ,
Al ələ , qoxla qəlbimi .
Səbahət vurğundur sənə ,
Həsrət çəkir nəfəsinə .
Xahiş edir dönə - dönə ,
Yanında saxla qəlbimi.
01.04.2020
Səbahət Lənkəranlı.
MƏNDƏDİR.
Şair döyül , hey yazıram ,
Sözün dəryası məndədir .
Hər misramın , hər kəlməmin ,
Necə mənası məndədir.
Hər gün sahildə qalıram ,
Dənizə mən tor atıram.
Böyük simuzər tuturam ,
"Qızıl"ısı , bil məndədir .
Hünəri var , de , o kəsə ,
Gəlib , girsin mənlə bəhsə.
Çevirsə də bəxti tərsə ,
Ən yaxşısı , bil məndədir.
Mən dostuyam ürəklərin ,
Arzuların , diləklərin .
" Taleh " adlı o , dəftərin ,
Yazılısı , bil məndədir.
31.03.2020
Səbahət Lənkəranlı.
ALLAH !
İlin bu yaz çağı , gözəl bir vaxtda ,
Ölkəm zülm içində boğulur , allah !
Karantin rejimli ciddi zamanda ,
Körpələr qorxuyla doğulur , allah !
Nə gözdə işıq var , nə ürəkdə qan ,
Tapılmır heç yerdə bu dərdə dərman .
Yalvarırıq gəlsin keçən o dövran ,
Külümüz hey göyə sovrulur , allah !
Virusdan gör bizə nələr oxundu ,
Sən bu xalqın taleyinə bax indi .
Bazar , dükan , yemək , içmək yox indi ,
Əriştəmiz sudan yoğrulur , allah !
Dünyanı alıblar bu " Vor Koronlar " ,
Gəlib qara günlər , buzlu boranlar .
Yada düşür o xoş günlər , o anlar ,
Yanır bu canımız , yaxılır , allah !
30.03.2020
Səbahət Lənkəranlı.
YADIMA DÜŞDÜ.
Səhər açılanda , günəş doğanda,
O məktəb illəri yadıma düşdü.
Qapımın önündən şagird keçəndə ,
Sinif uşaqları yadıma düşdü.
Gözlərim görəndə bahar gülünü ,
Anıram getdiyim ilk dərs gününü .
Düşünüb mükəmməl müəllim öyüdünü ,
Hey nəsihətləri yadıma düşdü.
Anam bant bağlayıb yola salardı ,
Arxamca baxaraq fikrə dalardı .
" Zirvədə olasan " arzulayardı ,
Onun duaları yadıma düşdü .
Gözməyəsiz ömrünüzdə siz xəzəl ,
Hər işdə olasız mükəmməl , özəl .
Xoş bənizli , şirin dilli , həm gözəl ,
O fənn müəllimləri yadıma düşdü.
Necə xoşbəxt idik biz bir zamanlar ,
Söyləyərdik şeir , həm də mahnılar .
Gəldi xəyalıma həmin o anlar ,
Məktəb tədbirləri yadıma düşdü.
Gözümdə canlandı tədris otağı ,
Ədəbiyyat dərsi , keçdiyim ağı .
O mənfur düşmənlər , o iblis yağı ,
Vuran igidləri yadıma düşdü.
29.03.2020
Səbahət Lənkəranlı.