Nəriman Həsənzadənin “Qanlı kitab” şeiri Qara¬bağ müharibəsi qəhrəmanlarının ruhuna həsr edilən ən yanğılı şeir, ən ağrılı layladır. Bu əsər tarixi fakt¬lığı, bədii tutumu, daxili emosiyasına görə yalnız S.Vur¬ğunun “Mənə belə söylədilər” şeiri ilə müqayisə edilə bilər.
Şeirin epiqrafından məlum olur ki, döyüş zamanı həlak olan bir əsgərin qoltuq cibindən şairin “Fikir eləmə” kitabı çıxıb. Əsgər “Fikir eləmə”dən sonra ver¬gül qoyub “Vətən, fikir eləmə” yazıbmış. Bundan sonra əsər boyu şairin fəryadını və təəssüfünü eşidirik. Görmədiyi, tanımadığı əsgərin ölümünə ürəyi qan ağlayan şair, ağır hisslərə qapılır. Haradasa onun ölü¬mündə özünü də günahkar sayır:
Mən bilsəydim –
dəmirdən üz çəkdirərdim o kitaba,
misdən, tuncdan tökdürərdim misraları,
ya poladdan kəsdirərdim vərəqləri,
təki namərd bir güllədən
saxlayaydı o əsgəri.
Demək, şairin günahı onda idi ki, o kitabının cildini dəmirdən, misralarını misdən, tuncdan, vərəq¬lərini isə poladdan hazırlatmayıb. Əgər belə olsaydı əsgərin sinəsində gəzdirdiyi “dəmir kitab” onun kök¬sünü düşmən gülləsindən qoruyardı.
Digər tərəfdən şair sözü gedən əsgəri şəxsən tanımasa da, kitabının əsgərlə eyni səngərdə “döyüş¬məsini” özünün əsgərlə birlikdə döyüşməsi kimi mənalandırırdı. Yəni şair cismən olmasa da mənən özünü əsgərin yanında görür və onunla birlikdə eyni hədəfə güllə atırdı:
İkilikdə bir səngəri
qorudu bu məmləkətin
bir şairi,
bir əsgəri.
Şairi daha çox düşündürən o idi ki, görəsən onun hansı şeiri, hansı misrası, hansı fikri olmuşdu əsgəri bu qədər cəlb edən ki, müharibənin odu-alovu içəri¬sində həmin şeiri sinəsinə sıxıb ondan güc almışdı:
Hansı sözüm,
Hansı şeirim
istəyindən xəbər verib? –
Döyüşlərdə qoluna güc,
ürəyinə təpər verib?!
Bu elə bir andır ki, onun doğurduğu suallar şairi bir ömür boyu düşündürəcək və bu müəmmaların cavabı əsla tapılmayacaqdı.
Ölümlə üz-üzə dayanan qəhrəmanın belə bir za¬manda hansısa bir şeirin misralarından duyğula¬na¬caq qədər dərin həssasiyyətə malik olması şair qəlbinin kövrək tellərini titrədirdi. Bu hisslərin təsiri altında şair, əsgəri Vətənin timsalı kimi rəmzləşdirir və onun döyüşdüyü səngəri görmək və bu səngərin qüdrətini bir daha dərk etmək istəyirdi:
Mən görmədim o əsgəri,
sən o yeri göstər mənə.
Vətəndəki o vətəni –
o səngəri göstər mənə.
Əsərin sonunda isə qəhrəmanlığı ilə böyükləşən, amalları ilə dərinləşən əsgərin xatirəsi ülviliyə yük¬səlib duyğuları ilə müqəddəsləşirdi:
Qoy zəvvarın qəbul olsun ziyarəti,
O zəvardı.
Mənim Kəbəm, ziyarətim
o məzardı.
Naməlum əsgər özü də bilmədən yarımçıq qalan ömrünü bir şairin əbədiyyət qədər uzun ömrünə cala¬yıb yaşadı. Nə qədər ki, “Fikir eləmə” adında bir kitab mövcuddur, həmin əsgərin xatirəsi də kitabın qanı tökülən səhifələrində yaşayacaqdır!