hemle

Qətiyyətli qələmilə əbədiyyət qazanan şair

Tarix:6-10-2016, 12:26
Baxış Sayı:1 289

Nə xoşbəxtdir o kəs ki,özündən sonra bir iz qoya bilir; yaxşı bir ad, xeyirxah bir övlad, qürur dolu ömür yoluyla... Nə çoxdur ad “qazanan” qazanclılar... Hansı ki, ölümündən sonra həm ürəkdə, həm zehniyyətdə qeybə çəkilib unudulurlar. Ancaq danılmaz həqiqətdir ki, nə həyat, nə də zaman şücaətli şəxsləri və şəxsiyyətləri unutdurmur, unutdura bilmir. Əksinə, həyatın ən coşğulu çağında, çərxi-fələyin ən dolaşıq fitnəsində daha çox yada salır, zamanın ələyindən cəmiyyət ələndikcə o cür əvəzolunmaz şəxsiyyətlərə daha çox ehtiyac duyuruq. Qabil kimi...
Yaradıcılıq dünyası tamamilə özünəxsus olan, öz dəsti-xəttilə heç kəsə bənzəməyən,sarsılmaz vüqarlı, qətiyyətli qələm sahibi bir ustad – Xalq şairi Qabil Allahverdi oğlu İmamverdiyev...
Ədəbiyyata gətirdiyi novatorluğa, şedevr sayılan əsərlərinə baxmayaraq olduqca sadə, sevilən, səmimi, sözlü-söhbətli , duzlu-məzəli deyimlərilə könüllərdə taxt qurub, sadəliyi ilə Azərbaycan xalqı kimi sərrast bir kütlənin məhəbbətini qazanıb. Xalqın məhəbbəti elə bir sərvətdir ki,onu illərlə, zərrə-zərrə qazanırsan və əbədi olaraq da bu sərvətin nemətilə, şirinliyilə, sevincilə ömrünü başa vurursan. Əbədiyyətə qovuşduqda belə səni o sərvət yaşadır.
Qabilin ədəbi irsində elə bir nüans yoxdur ki,ona rast gəlməyək. İnsani keyfiyyətlərdən tutmuş, vətənpərvərliyə, saf duyğuların tərənnümündən bəşəri dəyərlərəcən qırılmaz zəncir təşkil edir onun yaradıcılığı. Lirik-psixoloji, dərin fəlsəfi mühakimələrin ifadə olunduğu söz sənəti nümunələri şairin kəskin qələminin bariz nümunəsidir. “Yaza bilmirəm”, “Sona”, “Həm adi, həm ali”, “Yarpaqlar tökülür”, “Ustadına kəc baxanın...”, “Əslində”, “İşin düşəndə”, “Ağla qara arasında”, “İnsaf” və s. kimi dərin mənalı sənət nümunələri Qabilin fərqli, eyni zamanda haqlı tutarlı məzəmmətlərinin ən dəyərli nümunələri kimi bu gün də səslənir. Məsələ burasındadır ki, o əsərlərini, sanki gələcəkdə baş alıb gedəcək riyakarlığı, özbaşınalığı, insani sifətlərə xas olmayan xüsusiyyətləri, haqqın nahaqqa badalaq verəcəyini görərək, ancaq ömrün vəfa etməyəcəyini şair qəlbilə duyaraq haqlı tənqidlərini gələcəyə çatdırmaq üçün özünün ən dərin hissiyatı ilə qələmə almışdır.
Qabil İmamverdiyev ədəbiyyatın, cəmiyyətin, həm yaş, həm də vəzifə cəhətdən özündən üstün olan hər bir kəsin sözünə etibar etdiyi, fikirlərinə ehtiyac duyduğu, əsl el və ədəbiyyat ağsaqqalı kimi hörmətini qazanmışdır. Heç bir siyasi vəzifəsi olmayan bu sadə insanın mənəvi dərinliyi çiyin-çiyinə çalışdığı, yazıb yaratdığı qələm dostlarının, tanınmış ziyalıların da dəyərinə güvəndiyi zənginlik olmuşdur. Buna ən laiqli nümunə kimi Ulu öndər,əbədiyaşar,dünya şöhərtli şəxsiyyət Heydər Əliyevin Qabilin 70 illik yubileyində şairlə səmimi görüşü zamanı söylədiyi təqdirəlaiq və əsaslı nitqi olmuşdur. Onun təpərli, haqq sözünü deməkdən çəkinməyən bir söz ustası olmağı dahi liderin də rəğbətini qazanaraq bir daha özünü təsdiqləmişdir.
Qabil yaradıcılğı dəryadır desəm yanılmaram. Hikmət dəryası... Bir dərya ki, yaşlısından gəncinə, qadınından kişisinə qədər hər bir fərdin mənliyinə sızır, ruhunu dirçəldir və əgər belə demək mümkünsə hətta gözlərini açır... Elə bir insan tapmaq çətindir ki, ustadın bir şeirinə bələd olmasın, yaxud sevməsin. Undulmaz sənətkar hər bir ifadəsində dərin məna yükü daşıyan, bir misrası bir kitaba bərabər şeirlərində yenilikçi düşüncələrini ən anlaşıqlı dillə ifadə etmişdir. Buna görədir ki, ustadın şeirləri bu qədər oxunaqlı və yadda qalandır. Şair Fikrət Sadıq qüdrətli qələm yoldaşı haqqında çox dəyərli və həqiqətə uyğun olaraq demişdir: “Qabil şeirin zirvəsindədir desəm yalan olar. Şair – özü zirvədir!” Bəli! Bu onun özünün özünə qazandırdığı bir zirvədir. Bu zirvəyə hər kəs can atsa da yetişə bilmir. Onun ağrılı,məşəqqətli yollarına tab gətirmək hər oğulun işi deyil. Ancaq Qabil kimi sənətkarlar,sözün dəyərini bilən,onu bir inci kimi sapa düzmək qüdrətinə malik olanlar bu çətin,ancaq şərəfli yolun yoxuşuna üstün gələrək istənilən zirvəni fəth edə bilər.
Qabil yaradıcılığının hər bir nümunəsi mükəmməldir. Ancaq elə söz inciləri də var ki, kamillik nümunəsi sayılmağa laiqdir. Yaradıcılığının şedevri sayılan bu nümunə uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri,ürəyindən xəbər verən “Səhv düşəndə yerimiz...” şeiridir. Başdan ayağa nəsihətlərlə dolu olan bu şeir Qabilin iç dünyasının insana, bəşəriyyətə, haqq-ədalətə laqeyd qala bilməməsinin bədii təzahürüdür :

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz...

Həqiqətən insanın həyatda öz yerini tapa bilməməsi qədər müsibət heç nə yoxdur. Bu sadə və gerçəkliyi inkar edilməz olan fikir Qabil zehninin və ürəyinin məhsulu, geniş idrak qabiliyyətinə malik bir şəxsiyyətin şairanə ifadələrilə ərsəyə gətirilmiş halıdır və şairin ölməzlik qazanan ən ümdə əsərləri sırasındadır. Ustadın oğlu Mahirə yazdığı “Qarışdırma” şeiri də olduqca konkret,eyni zamanda dərin mənalı öyüdlər toplusudur:

Kobudluqla cəsarəti qarışdırma.
Yaltaqlıqla nəzakəti qarışdırma.
Mütiliklə sədaqəti qarışdırma.
Lovğalıqla ləyaqəti qarışdırma...

Bu cür nəsihət dolu şeir günümüzə verilmiş ən lazımlı töhvədir. Şair övladına dəyərləri dəyərsizliklə qarışdırmamağı, hər şeyi öz həqiqətilə yaşamağı bir ata olaraq nəsihət edir. Xəsisliklə qənaət ,xəta ilə cinayət, zorbalıqla əzəmət kimi ziddiyyətləri bir-birindən ayıra bilməmək insanın həyatda tutacağı mövqeyini yanlış seçməyə gətirib çıxarır. Yanlış tutulan mövqe isə şairin özünün də dediyi kimi müsibətdir...
Xalqın sadə oğlu Qabil könülləri fəth edən fatehdir. Elə bir fateh ki, onun təvazökarlığı yaradıcılıq yolunda,daim klassikləri öyrənməyə can atmaqla,onların dəyərli irsindən faydalanmağı özünə şairlik borcu bilməklə biruzə vermişdir. Ancaq bəhrələndiyi heç bir sənətkarın izinə ayaq basmamışdır. “İz ilə gedənin izi olmaz” şüarı Qabil yaradıcılığında təsdiqini tapmışdır. Xalq arasında olmağı, özünü sadə insanlar arasında sadə aparmağı onu həm də bir insan, təvazökar bir şəxsiyyət kimi tanıtmışdır. Buna görədir ki, Qabil həm insaniyyəti ilə, həm də hikmət dolu əsərləri ilə unudulmazlıq qazanmışdır. Uşaqdan-böyüyə hər kəs onu tanıyır, sevir, uzaqdan-yaxından yaradıcılığı ilə maraqlanır. Uşaq şairi kimi tanınmasa da balaca oxucularını da unutmayan xalq şairi indi özü ürəklərdə daim xatırlanır, anılır. Onun “Sözün qısası” adı altında yazdığı silsilə şeirlər qısa,amma kəsə deyilmiş ən dəyərli şeir nümunələridir. “Deyil”, “Söz”, “İynə-sancaq”, “Kin”, “Qar yağır”, “Deməli”, “Dayı-əmi”, “İnsan”, “Dəyişmir”, “Təmizlik”, “Pul”, “İnam”, “Zırrama”, “Yaradardım”, “Ehtiyac”,”Sına” və s. kimi bəzisi iki misradan ibarət olan şeirlərdə əslində görürsən ki,bir dastan yatır. Bax budur Qabil şeiri,Qabil hikməti... Budur onu unudulmaz qılan, həmişə fərqləndirən, ayıran... Özünün də dediyi kimi:

Mən daha heç bir şey yaza bilmirəm,
Daha çimçəşirəm qələmdən,sözdən.
Bu hərc-mərcliyə dözə bilmirəm
Sənət və sənətkar düşübdü gözdən

Dünyada nə qədər söz bilməyən var,
Qələmə qurşanır,sözə qurşanır.
Cızma-qaraçıya qapı açanlar,
Ziyankar işini yaxşı iş sanır...

Şair qəlbi onun hər yetənin özünə şair deyib, söz sahibi kimi tanıtmasına və bu müqəddəs sənətin ucalığını və dəyərini aşağı salmasına etinasız qala bilmir.
Qabil qəti və kəsərli deyimlərilə yanaşı, həm də lirik düşüncələri,saf duyğuları dilə gətirən şeirlər müəllifidir. “Məhəbbət deyil”, “Küləkli havalarda,yağışlı havalarda” adlı dillər əzbəri olan şeirləri incə duyğuların,düşüncələrin Qabil qələmindən axıb gələn bəddi nümunələrdir. Onun yaradıcılığı, bu gün də gündəmdədir. Vaxtilə özünün dilindən eşitdiyimiz “Ümid sənədir ancaq...” şeiri qəhrəman əsgərlərimizə xitabən yazılmış tükənməz inamın və etibarın qüdrətli ifadəsi olaraq bu gün də var salnamə kimi oxunur, əsgərlərimizi döyüşə səsləyir. Xalqının ən çətin, ən ağır günlərində ürəyinin oduyla hər zaman millətinin yanında olmuş, öz şair qəlbilə yurdun dərd yükünü daşımışdır. Onun 20 Yanvar faciəsinə həsr etdiyi “Mərsiyə” şeiri bu qanlı tarixə başlıcası bir vətəndaş olaraq öz münasibətinin birbaşa ifadəsidir. Hər il 20 Yanvar qurbanlarının anım günündə şeirin tədbirlərdə yüksək pafosla ifası insana o zamanın müsibətini ilkgünkü kimi hiss etməyə sövq edir və unutmağa imkan vermir.
Bu gün artıq Xalq şairinin qələmi 8 ildir ki, susub. Ancaq indiyədək yaratdığı bütün əsərlər ustadın haqq səsinin kəsilməz simvoludur. Onun vəfatı ilə Azərbaycan ədəbiyyatı parlaq, odlu-alovlu, sönməz bir günəşini itirdi. Bəli. Qabil sönməz,əbədi bir günəşdir. Elə bir günəş ki,hərarəti hələ də könüllərimizi isidir, işığı hələ də həyat yolumuza nur saçır. Budur əbədiyaşarlıq,ölməzlik... Böyük şəxsiyyət,akademik Vasim Məmmədəliyev xalq şairi haqqında belə demişdir: “Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən daha çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, var və olacaq da. Sənətkar üçün əbədiyyət budur...” Hər bir kəlməsində böyük həqiqət yatır bu fikrin. Doğrudan da Qabilin söz sənəti özünü hər zaman doğruldub. Onun həyat amalının həqiqi vətəndaşlıq, əsl millətçilik mövqeyində olması gözardı edilə bilməz. Odur ki, qədirbilən xalqımız, ustad Qabili torpaqda dəfn etsə də qəlbində daim yaşadır və yaşadacaq.
Sən öz qətiyyətinlə özünə əbədi xalq məhəbbəti , milyonlarla könül yurdu qazanmısan. Əbədiyyətin mübarək, məkanın cənnət, ruhun şad olsun Ustad!

Əsmər Qasımlı

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış