İlk müsahibə üçün Bakıdan təxmini 350 km bir məsafəni qət edib Qarabağa, Ağdam rayonu Quzanlı qəsəbəsinə yollanıb, Ağdam təhsil şöbəsinin nümayəndəsi Nailə xanım Yüzasifli ilə həmsöhbət olduq.
- Nailə xanım, biraz özünüzdən danışın.
12 aprel 1961- ci ildə Ağdamda anadan olmuşam. Keçmiş N.Tusi adına Predoqoji İnstitutun,indiki Pedoqoji Universitetin Filologiya fakültəsini bitirmişəm. Uzun illər ixtisasım üzrə müəllim, 15 ildən artıq məktəb direktoru vəzifəsində işləmişəm. Hal-hazırda Ağdam rayon Təhsil Şöbəsində məsləhətçi kimi fəaliyyət göstərirəm.
- Həyatda çox çətinliklər yaşamısınız. Bu çətinlikləri uğurlu sınaq adlandırmaq olarmı?
Əlbəttə. həyatın yolları hər zaman hamar olmur, hər ömür bir roman təsiri bağışlayır. Mənim də zaman-zaman aşılmaz dediyim çətinliklərim olub ancaq birinci Allahın köməyi ikinci öz ağlım və iradəmlə bu çətinliklər aşaraq uğurlu sınaq kimi xatıralyıram.
- Müəllimlik peşə olsa da daxili potensial tələb edir. Bir təhsil işçisi olaraq gənc müəllimlərdə bu potensialı görürsünüzmü?
İndi təhsil sistemi əvvəlki illərdən çox fərqlidir. İndi müəllimlər durmadan öz üzərində çalışmalıdır ki yeniliklərə və tələblərə cavab verə bilsin. Sevindirici haldır ki, bəli, qismən də olsa bu gün gənc müəllimlərdə bu potensial var. Əminəm ki, zaman keçdikcə bu tələbat tam ödəniləcək.
- Uzun illər rəhbər vəzifədə çalışmısınız. Sizcə bu vəzifənin öhdəsindən nə qədər gəlmisiniz?
Böyüklərimdən eşitdiyim bir sözü hər zaman özümə şüar etmişəm: "Həyatda ən böyük üstünlük dürüstlükdür". Mən tək rəhbər vəzifə yox, bütün iş həyatım boyunca bu şüarı rəhbər tutmuşam və işimin öhdəsindən gəldiyimi düşünürəm. Yenə də işlədiyim kollektiv və iş təmasında olduğum şəxslər bu sualı real olaraq cavablandıra bilərlər.
- İxtisasınızın hansı xüsusiyyətləri xarakterinizdə özünü göstərir?
Ədəbiyyatçılar təbii romantik düşüncəli və incə fikrli olurlar. Bu məndə də belədir.
- Həyatda həm iş qadını həm ana olaraq ortaq nöqtəni nə qədər tapa bilmisiniz?
Çox çətindir həyatda iki mövqe tutmaq və tərəzinin hər iki gözünün tarazlığını qorumaq. Ancaq həyat bəzən ağırlığı bir tərəfə salmağa insanı məcbur edir. Qismən də olsa çalışmışam ki bu tarazlığı qoruyum.
- Seçdiyiniz sahədə özünüzü doğrultmusunuzmu?
İxtisasımı da, peşəmi də sevərək seçmişəm. Qürurla da deyə bilərəm ki, bəli, özümü doğrultmuşam.
- Ən böyük azadlıq məcburiyyət yaşamamaqdır deyiblər. Siz özünüzü azad hesab edirsinizmi?
Azadlıq mücərrəd bir məfhumdur və nisbi anlayış daşıyır. Mən dünyanın ən azad insanıyam deyən bir kəsin belə asılı olduğu məcburiyyətləri vardır. Buna görə təbii açıq deməliyəm ki, özümü tam azad hesab etmirəm.
- Özünüzdə razı olduğunuz və razı olmadığınız cəhətləriniz hansılardır?
Bu suala qısa cavab vermək istərdim: Qüsurlarımdan narazı, üstünlüklərimdən razıyam.
- Həyatınızın ən çətin və ən asan qərarı nə olub?
Bütün qərarlar yalnış verildiyi təqdirdə müəyyən risk daşıyır. Ailəmin çətin günlərində öhdəmə düşən bütün qərarlar çətin olub. Bəlkə də bu məsuliyyətin ağırlığından mənə bu qədər çətin gəlib. Ancaq bu gün qürurla deyə bilərəm ki, heç bir qərarımdan peşmançılıq yaşamamışam. Elə məhz buna görə də həmin qərarları mən bu gün tərəddüd etmədən ən asan qərar adlandıra bilərəm.
Qabil Ədalət