hemle

Sabir Rüstəmxanlı - Xocalıdan sonra şeiri. hemlemedia.az

Tarix:4-11-2016, 19:56
Baxış Sayı:1 219

XOCALIDAN SONRA

Xocalıdan sonra özümdən zəhləm gedir,
Qohumumdan, qonşumdan,
"Müstəqillik yolundan",
"Azadlıq vuruşundan",
Görüşümdən, şerimdən, sözümdən
zəhləm gedir!

Nə iş başlayıram, hara gedirəm
Üzü bahar olur, üzü qış olur
Dünyanın ən böyük möcüzələri
Məni torpağımdan qoparmış olur,
Bir anlıq əyləncə - şimşək işığı,
Sonra qara zülmət başlanır yenə.
Düşmən süngüsündən imdad diləyən
Bir ana baxışı, gəlin baxışı
Bir qisas baxışı, ölüm baxışı
Mənim daş üzümə tuşlanır yenə!..

Asılıb qalmışam vaxt boşluğunda,
Daha bu sabahım, o keçmişim yox!
Mənim Xocalıdan başqa tarixim,
Mənim Xocalıdan başqa işim yox!

Yazır Malıbəyli məktəbliləri,
Qırx uşaq əlinin izi kağızda:
"Çınqılda bənövşə açılıb gəlin,
Axı demişdiniz gələrəm yazda".

Çınqılda bənövşə açılır yenə,
Şuşa dağlarında əriyəcək qar
Hardadı məni də bir adam sayan,
Yolumu gözləyən doqquzuncular.

Mənə bu xəcalət ölümdən betər,
Biz o mart günündən hayana qaçaq
Millət dövlətsiz də yaşaya bilər,
Kişisi cırlaşsa öləcək ancaq.

Daha Allaha da inamım qalmaz,
Mənə bu qisməti fələk qıyıbsa.
Bu dərdi heç nəylə ovutmaq olmaz
İntiqam məlhəmi tapılmayıbsa.

Yazıq, canı yoxkən hələ sağ olan,
Beş ildi vuruşu ağlamaq olan,
Əli qılıncına yetə bilməyən,
Bu ölə bilməyən, itə bilməyən,
Kürsü qəhrəmanı bizlərə, yazıq,
Yazıq, "namus" deyən o gəlinlərə,
Yazıq, nifrət saçan gözlərə, yazıq!

Xocalıdan sonra
qısılıb səsim...
Səsim o dağlara ilişib qalır.
Xocalı ləkəsi daşıyan millət,
Vuruşdan savayı nə işin qalır?!

1992

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı