hemle

."Qarabağ Gündəliyi"

Tarix:17-10-2016, 17:09
Baxış Sayı:983

Müsahibimiz, Aqil Sabiroğlu, 1960-cı ildə Salyan şəhərində doğulub.
1993-cü ildə könüllü olaraq Qarabağ savaşlarında iştirak edib. İlk şeir və hekayələri Rusiya mətbuatında dərc edilib."Qarabağ Gündəliyi" adlı kitabın müəllifidir.


Salam, Aqil bəy, necəsiz?

-Aleykum salam, çox sağ olun yaxşıyam.
Həmişə yaxşılardan olun.

Ədəbiyyat sizin üçün hansı anlamı daşıyır?

- Ədəbiyyatın əhatə etmədiyi sahə yoxdur. Bülbülün cəh-cəhindən tutmuş, çaqqal ulaşmasına qədər hamısı ədəbiyyatdır. Ədəbiyyat bütün dünyanı nura boyamağı da bacarar, zülmət etməyi də. Dünyada baş verən, Suriya, İraq, Əfqanıstan, Qarabağ hadisələri və.s

Son illər ədəbiyat, hansı səviyyədədir?

Son illər ədəbiyyatımızın səviyyəsi haqqında çox danışırlar. Yenilik barəsində heç nə deyə bilmərəm. Yalnız onu qeyd edə bilərəm ki, yaxşı əsərlər həmişə olub, olacaq da. Qədir Rüstəmovdan soruşdular ki, indikilər necə oxuyur? “Cavab verdi ki, oxuyurlar də, hamısı əziyyət çəkir.” Hamı yazır, əlbətdə, onun yaxşısı-pisi olmalıdır. Əsl qiyməti oxucular və vicdanlı tənqidçilər deyə bilər. Şəxsi fikrimə gəlincə, yazının (şeirin, hekayənin) zəifi və ya güclüsü olar, əsas odur ki, əsər məddahlıqla yazılmasın, şəxsi məqsədlər güdməsin. 1970-ci illərdə orden-medal naminə yazılan əsərlərin və onların müəlliflərinin taleyini bu günkülərdən də yaşayan az olmayacaq. Bu yaxınlarda verdikləri müsahibələrə görə bir-neçə şairin, yazarın qazandıqları hörməti bir anda itirdiklərini gördüm. Ağrılıdır...
Bildiyim qədəri ilə siz, daha çox, nəzmə üstünlük verirsiz, nə zamansa nəsr yazmaq haqqında fikirləşmisinizmi yoxsa nəzmlə kifayətlənməyi qərara almısınız?
-Bəli, şeir dili ilə daha çox danışıram. Amma, nəsr janrı ilə də məşğul olmuşam, hekayələrim var.
Ədəbiyyatçı olmaq üçün nə etmək gərəkdir? Sizcə istedad, yoxsa mütailə?
Ədəbiyyatç olmaq... Hər ikisi, yəni istedad da, mütailə də. Zəhmət çəkməməyi unutmayaq. Çəkilən zəhmətin çox zaman yuxusuz gecələrin töhfəsi müəllifə həmişə şirin anlar bəxş edir və bu zaman çəkilən ağrılar, iztirablar qismən azalır. Məncə mütailə vacibdir. Mütailəyə o qədər alışmışam ki, bir gün mütailəsiz qala bilmirəm.

Cəmiyyətin sosial vəziyyəti barədə nə deyə bilərsiz?

Cəmiyyətin sosial vəziyyəti haqqında intiharların dediyi bəs deyil ki, məndən soruşursuz? Vəziyyət acınacaqlıdır. Yeri gəlmişkən, bir-iki saat bundan öncə yoldaşlar, paltar və ayaqqabının olmaması ucbatından məktəbə gedə bilməyən uşaqlara kömək etmək üçün mənə də “ağız” açdılar. Hər halda soğan, göy-göyərti əkib becərməklə bu vəziyyətdən çıxmaq olmaz. Pambığa gəldikdə isə xalqımız yetmiş ilə yaxın pambıq yığdı. Yaxşımı yaşadı? Yox! Bəlkə indiki vəziyyətə baxanda yaxşı idi. Bəs onda səbəb nədir? Inanın, nə vaxt insanların haqqı özlərinə çatsa, heç bir çətinlik olmayacaq, hamı yaxşı yaşayacaq. Hələ... gözləyək? Yox, haqqımızı tələb edək!

İnsan olmağın meyarı nədir?

Insanlar bir-birindən həmişə öz əməlləri ilə fərqlənib. Yaxşı əməl sahiblərinə “gözəl insandır” deyənləri azmı görmüşük? Yaxşılığı biz bəzi hallarda verdiyimiz qəpik-quruşla ölçürük. Unutmayaq, yola düşüb insanlara mane olan bir daşı (dəmiri, məftili) o yoldan kənarlaşdırmaq özü, böyük bir insanlıq nümunəsi ola bilər. Çoxlarına təəccüblü gəlir, ona görə ki, çoxumuz bu hisslərdən məhrum olmuşuq.

Aqil Sabiroğlu imzası ilə neçə ildir nəşr olunursuz?

Aqil Sabiroğlu imzası, orta məktəb illərindən mətbuatda görünən imzadır, artıq illərdir...
Yazıçı tanınmalıdır yoxsa tamamlanmalıdır, yazdığınız mətnlər sizi qane edirmi?
Yazıçının (şairin) haqqında onu deyə bilərəm ki, özü tanınan, amma əsərləri sevilməyən yazar, şair kimə lazımdır? Kiminsə tanınması bu gün olduqca asandır. Amma sevilmək...Bu çox ciddi məsələdir. Müxtəlif yollarla tv-lərə çıxıb “tanınmaqdansa” (camaatın zəhləsini aparmaqdansa), evində eyləşib bir az düşünsə, yazı pozu ilə məşğul olsa, daha yaxşı olar. Yazdığım mətnlər məni tam olaraq qane etmir desəm yerinə düşər. Təvazökarlıqdan uzaq olsa da, qane olduğum və oxucuların xoşuna gələn yazılar yazdığım vaxt da olub, felyetonlar yazırdım...
Yazdığım yazıların bir neçəsinin ürəyimi oxşayan cəhətləri olub, əlbətdə. Bu hamıda olur. Amma yazı var ki, ürəyimi parçalayıb, nə inki oxşayıb. Bayaq nəsrdən danışdıq, Rusiya mətbuatında dərc edilən “A potom tam vıros sad” adlı hekayəm var. Öz uşaqlıq xatirələrimdir. Deməli dörd yaşım olanda biz tamam başqa bir məkana köçmüşdük. Yadımdadır, orda bizdən qabaq məskunlaşan kişi atama həmin torpaq sahəsinə yaxın buraxmırdı. Atam isə təmkinini pozmadan ora getdi və bu zaman kişi tüfəngi götürüb atamın üstünə gəldi. Bizi yetim qoyacağını açıqca deyirdi. Ağlamağım, anamın qışqırığı yadımdadır. Atam cəld bir hərəkətlə kişinin üstünə şığıdı və tüfəngi onun əlindən aldı. Sonra kişinin adamları gəlib atamdan silahı geri qaytarmasını xahiş edəndə dedim: “Ata, vermə, böyüyəndə onu öldürəcəm!.. “Dərd odur ki, bu gün həmin kişinin oğlu, nəvəsi həmin yolu gedir, müxtəlif bəhanələrlə insanların yolunu kəsməyə cəhd edirlər...

Sonda gənclərə necə formalaşmağı arzu edərdiniz?

Gənclərə formalaşmağı telekanallar “öyrədir”, onlar məni və mənim kimiləri eşitməzlər...
Dəyərli vaxtınızı ayırıb sualları cavablandırdığınız üçün təşəkkür edirəm. Yeri gəlmişkən Aqil bəyin şeirlərindən sizə təqdim edirik.

Ağla, möhkəm ağla...

Kim deyir ağlamaz şəhid anası?
Ağla, möhkəm ağla...
Ey bədbəxt elimin nakam sonası...
Ağla...
Sən elə ağla ki,
Səsin haray salsın Ərşi-Əlaya... 
Onsuz da uşağın doğulan gündən
nə bir gün görmüsən,
nə şənlənmisən.
Bir tikə çörəyin,
bir udum suyun
Fikrini çəkdikcə qəhərlənmisən.
Baxıb övladının ayaqlarına,
Cırıq qaloşların çıxıb yadından.


Ağla...möhkəm ağla,
Batmasın səsin!!!
Oğlunun haqqını yeyən nakəsin,
Murdar bədəninə düşsün vəlvələ!
Rədd olsun torpaqdan haram yeyənlər-
Qızıldan, gümüşdən tutanlar şələ.
Ağla...
Möhkəm ağla, sənin səsinə
Allah cavab versin,
Peyğəmbər gəlsin.
Qiyyə çək ucadan,
fəryad et bərkdən-
Qoy xalqın dərdini çəkənlər gəlsin! 
Sən ey uzun saçlım, bir ah çəksənə!..
Axı deyirlər ki, yerdə qalmayır,
Sinəndən qopan ah,
çəkdiyin nalə.
Sən elə ağla ki-
Sənə dərd verənlər gorda səksənə!

Darıxma!

Üzülmə, heç qəlbini sıxma-
Səni tərk edənin
Ardınca baxma-
Darıxma!
Qoyma əllərini gözünün üstə,
İmdadı,
Yardımı Allahdan istə.
Əhdindən dönənin yoluna çıxma,

Darıxma!
İnanma bir daha axtarar, sorar,
Bəlkə də...
Bəlkə də başqa bir xallıca kəpənəyi
var?!
Ümidlərin içində...
Başına fırlanıb evini yıxma-
Darıxma!
Darıxma!!!

Daha incitməyək...
Yamanca dolmuşam...
İki yol ayrıcı düşüb qalmışam;
Birində balığam,birində durna.
Suya düşərəmsə qopar fırtına,
Nəhəng balıqlara yem ola billəm.
Qanad açaramsa havada,o an,
Ovçu tərəfindən vurula billəm.
Bir daşa dönmüşəm bu yolun üstə,
Nə üzə bilirəm,nə də ki süzə.
Bəlkə elə bir də...
Bax,elə burada gələk üz-üzə?!.
Daha incitməyək pak ruhumuzu,
Sındıraq bu yersiz qürurumuzu!



Hazırladı: Gülnarə İsrafil

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı