Yazıçı-publisist Azər Hacıbəylinin
"Mehdi Hüseynzadə" poemasından bir hissə
...Belə çox bağlandı partizanlara
Orada toplanmış nər oğlanlara.
Gördükcə şir təki cəsur qızları,
Döyüşən cocuqlar, həm babaları
İgidlik coşurdu onun qanında,
Beynində, ruhunda, həm də canında.
Hər günə hesabat verəntək Mehdi
Düşmənin canını durmadan diddi.
İndi sadalayaq, oxucu eşit,
Xəyal qanadında o vaxtlara get!
Triyest. Restoran. Qış. Fevral ayı.
Məhv olur bir anda faşist alayı.
Gurultu titrədir göyü, həm yeri
Düşmənin yüzlərə zabit, əsgəri
Sovrulur havaya toz-torpaq kimi.
Çünki kamil bilən bu hərb işini
Mehdi dayanmadan çalışıb xeyli,
Düşünüb, məşq edib günlü-gecəli.
Nəticə uğurlu. Sarsılır düşmən.
Suallar yaranır: “Kim bunu edən?”
Düşünür, axtarır cavab gestapo:
“Bunca cəsarətli, yalnız “Mixaylo”.
Onu axtarmaqçün nələr edilmir,
Hansı üsulların üstə gedilmir.
Bir daha deyirlər: “Mükafat verək,
Onun məkanını biz tapaq gərək!”
Əvvəlcə deyirlər: “Neçə min lirə”
Sonra qiymət qalxır yüz-yüz minlərə.
Məbləğ arta-arta qalxırdı göyə,
“Tapın “Mixaylo”nu!” – hey deyə-deyə
Faşistlər əlindən eləyirdi dad,
Yatmağa qoymurdu onları bu ad.
Lakin işindəydi qəhrəman Mehdi,
Bir də görürdülər, harasa itdi.
Deməli “Mixaylo” keçirir tədbir,
Uçacaq havaya faşistlər bir-bir.
İndi növbəsidir kinoteatrın,
Həm də məqamıdır başqa libasın.
Mehdi hərəkətdə. Döyünür nəbzi.
Həyəcan. Partalyış. İtirir izi.
Bir az küçələrdə vuraraq dövrə,
Qayıdır dostların olduğu yerə.
Deyirlər: “Qırılıb neçə yüz alman,
Kəsilib nəfəsi onların yaman!”
Bundan sakitləşmir döyüşkən ürək,
Deyir: “Yeni bir plan cızılsın gərək!”
Bilərək hər anın o, dəyərini,
Axtarır yağının zəif yerini:
“Aha, tapılmışdır, yeni fikir var!” –
Təklikdə söhbətə keçirlər dostlar.
Sabahkı tədbirin xırdalıqları
İndi düşündürür artıq onları.
Onlar çəkilirlər indi xəlvətə,
Mehdinin sözləri salır heyrətə.
Bütün suallara tapılır cavab:
“Bu çanta olacaq mina üçün qab,
Birinci girəcək İvan meydana,
Diqqət dikiləcək bir anda ona,
Sonra başlayacaq Mehdi oyuna –
Qəhvə sifarişi onun boynuna.
Süfrə arxasında əyləşib əvvəl
Guya tutacaqlar bir az hal-əhval.
“Çantanı unudub masa altında”
Çıxıb gedəcəklər tam zamanında.
Ardınca həminki ssenari təkrar –
Mina saat ilə işə salınar.
Uğur olacaqdır yar igidlərə,
Hay-haray qalxacaq yenə göylərə”...
Beləcə bir tədbir yenə baş tutdu,
Düşmən öz adını yenə unutdu.
Qurudu boğazlar, qan qoydu gözlər,
Ancaq bir kəlməni söylədi dillər:
“Tapın “Mixaylo”nu, tapın tez onu,
Çıxardın əynindən alman donunu!”
Ancaq tapılmadı, cəhdlər əbəsdir,
Bunlar çox gülüncdür, adi həvəsdir.
Onlar anlamırdı, igid Mehdinin
Nədədir əsası onun sirrinin.
Onlar bilmirdi ki, sovet adamı
Təmsil edir qədim Azərbaycanı.
Xəzərdən öyrənmiş o kükrəməyi,
Bakı küləyindən göydə gəzməyi,
Əncirin, şanının təsiri vardı,
Tükü tükdən seçən gözləri vardı.
Bir də ki, ən əsas sonsuz istedad,
Qorumalı olduğu tərtəmiz ad...
Ancaq o, nəinki qorudu adı,
Ad üstə gətirdi qəhrəman adı.
Olduğu o məkan doğma Bakını –
Geniş meydanını, dar dalanını
Mehdiyə nə qədər xatırlatsa da,
Vətən nisgilini hey ovutsa da
Adria Xəzəri etmirdi əvəz.
Odur söyləyiblər, qürbət eldə gəz,
Son məkan öz doğma yurdun yaxşıdır –
Fikir uluların bir baxışıdır.
O, çətin anlarda açıb könlünü
“A dost!”da demişdi ürək sözünü.
Mehdi söyləmişdi qəlb yanğısıyla,
Vətən arzusuyla, yurd sevdasıyla:
“Gecə ay üzünə salırkən işıq,
Verir camalına hərdən yaraşıq –
Adria, bil, sənə olmaram aşiq,
Mən öz Xəzərimə vurğunam, a dost!”
Yaxın, əzizlərdən nigaran idi,
Belə danışardı bunlardan Mehdi:
“Ömrüm kam almayıb çatmadı başa,
Könlümün şüşəsi dəyibdir daşa,
Bir namə yazmadım yara, yoldaşa,
Xəzan yarpağıtək solğunam, a dost!”
Şair təxəllüsü “Qürbətzadə”ydi,
Sözü düşündürən, fövqəladəydi...