Yazıçı-publisist Azər Hacıbəylinin Azərbaycanın Milli Qəhrəmanı
həkim-zabit Gültəkin Əsgərova haqqında “Ana haqqı” poemasından
Xarı bülbül əfsanəsi
“Vətən bağı al-əlvandır,
Yox üstündə Xarı bülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı bülbül”.
O, Vətən bağının solmaz bir gülü
Zümzümə edərdi “Xarı bülbül”ü,
Şeirlə sənətdi daim yoldaşı,
Əzizdi yurdunun çiçəyi, daşı.
O, Xarı bülbülü axtarıb müdam,
Fasiləsiz gəzirdi hey, durmadan.
Amma tapan kimi Xarı bülbülü
Necə sevinərdi bir Allah bilir.
Xarı bülbül – görən bilər ki, nədir,
Qarabağtək o, böyük möcüzədir.
Elə bil ki, bülbül qonub çiçəyə,
Təkrarsız rəng yaraşıqdır ləçəyə,
Xarı bülbül baş tacıdır güllərin,
Sınağından çıxıb çətin illərin.
O, ayrı qalmırdı həmin çiçəkdən,
Gülə bağlanmışdı qəlbdən, gerçəkdən.
Gözəllik, zəriflik, cəsarət rəmzi –
O, Xarı bülbülü – heyrətamizi
Çox ağır günlərdə bilib təsəlli
Üstündə saxlardı günlü-gecəli...
Hərbidə, döyüşdə həkim hədəfə
Alınmaz, bildirir belə hər dəfə,
Bunu vurğulayır beynəlxalq hüquq.
Namərdlər, qəlbləri, gözləri donuq,
İnsanlıq adına ləkə düşmənlər,
Həkimin canına o qəsd edənlər –
Zalımlar qıydılar susayıb qana,
Baxmayıb müqəddəs həkim adına.
Hədəfə tuş gəldi, od düşdü cana,
Bu xəbər yayıldı o dəm hər yana,
20 iyun, 92-də
Ağdam, Aranzəmin o yüksəklikdə.
Ağladı, qan tökdü Xarı bülbül hey,
Ən qəmli nəğməni çaldı qara ney.
Tarix təkrarlandı bu dəfə yenə,
Yarandı o günlər yeni əfsanə.
Beləcə dayandı döyünən ürək.
Əbədi qalacaq solmaz bir çiçək...
Ağaclar və insanlar
Payız günü. Hava nəmli. Yağacaq.
Deyirlər ki, ildırım da çaxacaq.
İsti libas harayında el-oba.
Yada düşür artıq hər evdə soba.
Qəfil soyuq bürüsə də hər yanı,
Odlu qəlbim ocaq kimi hey yanır.
Ağaclarsa dözümlüdür əzaba,
Məəttələm bu tavana, bu taba.
Qorxutmur onları nə qar, nə boran,
Nə külək, nə yağış, nə də ki, tufan.
Yayda bizi qoruyar kölgəsində,
Qışa yaxın dərdin çəkər yerin də.
“Nə sirdir?” – düşünür durmadan beyin:
“Nədən qüdrətlidir ağaclar deyin?!”
Ürəyim dillənir: “Yaxşı baxsana,
Ağaclar övladdır, torpaqsa Ana!
Torpağa köküylə bağlıdır onlar,
Hər ağac canlıdır – mərifət anlar!”
Onların nə qədər safdır kökləri –
O qədər güclüdür torpaq eşqləri.
Yerdən köklərilə gələn qidadan
Onlar güclüdürlər ən uca dağdan.
İnsandan bir qədər onun fərqi var –
Payızda qaytarar borcu ağaclar.
Yarpaqlar səpilər yerə astaca,
Torpağı bürüyər elə ordaca.
Ağacın vəfası budur əzəldən –
Borcunu qaytarar qızıl xəzəldən.
Torpağı döşəyib yarpaq xalıyla
Yazmağa ruh verər bu əhvalıyla.
İnsan da borcludur doğma yurduna,
Bir də ki, o ülvi Ana adına.
Bu borcu verməyin olurmu fəsli?! –
Budur həqiqətin əsası, əsli.
Baxmadan qızmara, qış soyuğuna –
Hər mövsum hazırlıq gərəkdir buna...
İgid ərənləri, aslan qızları –
Yurdumun parlayan o ulduzları
Dözüblər şaxtaya, qara, borana,
Od tutub yanıblar Vətən oduna,
Can fəda ediblər torpaq adına,
Dar gündə çatıblar elin dadına.
Bu yerdə izn alıb ustadlardan mən
Deyəcəm bir solmaz çiçək ömründən.
Gül ətri adətən bir anlıq olur,
Gül açır, sonra da saralıb solur.
Mənsə danışacam elə çiçəkdən,
O, sonsuz bir qüvvə almışdı göydən.
O qədər bağlıydı köküylə yerə,
Durmadan ucaldı yüksək zirvəyə.
Vətən səmasından, sonsuz fəzadan,
Uca zirvələrdən, qarlı dağlardan
Adı çəkilincə gəlir nidalar,
Ətrafa yayılır əks-sədalar:
“Yaz Vətən qızından, sarıl qələmə,
Şöhrəti bəllidir elə, aləmə!
Yaz yurddan – oğlu, həm qızı möcüzə,
Dağı, dərəsi, həm suyu möcüzə!
Ona xor baxanlar düşəcək dizə,
Tanrı olacaqdır mütləq yar bizə!”