hemle

ALLAH TELEVİZORA BAXMIR...

Tarix:4-10-2018, 11:38
Baxış Sayı:733

Xaqani Ədəboğlu

Öncələr bekar olanda, iş-güc soruşanlara deyərdik ki, "it daşlayırıq". Amma daha ölkəmizdə "itə sahib çıxanlar" tapılıb deyə, bu sözü demək bir az təhlükəlidir. Ən azı cəriməsi var. İnsanlarımıza bir faydası dəyməyən Nazirlər Kabinetinin isə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında əməlli-başlı bir qərarı da var. Yəni bunu yazmaqda məqsədim, heç də bekarçılıqdan "Şəhid adlarının verilməsi haqqında" qərarı punkt-punkt ləğv edən bir quruma söz atmaq deyil. Sadəcə son zamanlar kişilərimiz qeybətsevərlikdə qadınlarımızı keçdiklərinə görə əməlli başlı, peşəkar jurnalist kimi köşə yazanda da ölkə qanunlarına istinad etməyə başlamışam. Çünki qorxuram ki, tutub mənə də mənzildən-zaddan verərlər bu yaşımda biyabır olaram. Allah göstərməsin!
Konkret deməyim odur ki, bizim ölkədə sahibsiz olan tək bircə varlıq insandır. O da yazıqdır. Yazıq olmasa, gedib düz-əməlli bir ölkədə doğulardı, burada nə ölümü vardı?
Amma Ana dilimizdəki bu deyimin də yerini boş qoymaq olmaz. Hərçənd ki, mövcud qərara görə, " Heyvanlarla rəhmsizcəsinə davranaraq, onları şikəst və ya tələf edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar". Yəni, ya bu deyim dilimizdən çıxarılmalıdır, ya da ki, Nazirlər Kabineti deyimi, bu şəkildə deyilməsi tədbirləri haqqında müvafiq bir qərar imzalamalıdır: "Bekarçılıqdan adam daşlayıram".

Biz Avropa konvensiyasına imza ataraq bildirmişik ki, "ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir:
- heyvana lazımi səviyyədə yem və su verməli;
- heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli;
- Dövlət Baytarlıq Xidmətində qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə qeydiyyatdan keçirməli;
- baytarlıq xidmətində ev heyvanlarını müayinədən keçirməli, quduzluğa qarşı müalicə-profilaktik tədbirlər həyata keçirməli;
- lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli;...
- ölmüş heyvanların cəsədlərini utilləşdirmək və basdırmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə təhvil verməli; və s.
Bu itin-pişiyin hüquqlarıdır ha, elə bilməyin sizlərə aiddir. Məsələn, "ölmüş heyvanların cəsədlərini utilləşdirmək və basdırmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə təhvil verməli";-yazılan bu bəndə diqqət yetirin. O gün atasını dəfn edən bir nəfər şəstlə məzar yerinə 17 min manat pul verdiyini deyəndə, özümü saxlaya bilmədim: "Təcili "kupçasını" al, o üzdə dədənin əlindən bahalı məzarı tutub İnkir-Minkir alacaq". Tanışım ironiyamı tutmadı və soruşdu ki, kupçanı necə alım? Dedim ki, qəbristan mollasına yaxınlaş, oraların "JEK" müdiri mollalardır, səni başa sala bilsə, o salacaq. İndi özünüz deyin, urvatla utilləşdirilməyə aparılan itmi bizi daşlamalıdı, yoxsa bizmi İti?
Onsuz da 1 milyon 900 minlik iş yeri açılan məmləkətdə it daşlamağa vaxtmı olar? İş yerləri küçə süpürmək, təkər qraltmaq, ərəb küləkləmək, parkomata qoruq çəkmək, qapıçı, pulla mitinqlərə getmək, iclasda pulla əl çalmaq, mətnli və mətnsiz yaltaqlıq və s. Yoxsa bu ağılla kosmonavt olmaqmı istəyirdiniz? "İt daşlamaq" köhnə avara kişilərin sənətiydi. Gedin özünüzə sənət tapın.
Bir yoldaş da dirənib ki, bizim deputatlar, məmurlar televizorda elə danışırlar ki, ölkəmizə vurulduqca vurulursan. Məgər elə bu işi həyatda etmək olmazmı? Allahın cəzasına gəlmişik. Yaltaqlar televiziyada bizi ələ salır? Buna bir baxan yoxmu? Dedim ki, hər halda, Allah televizora baxmır, əməllərə baxır. Baxır və istəyimizə uyğun televizor verir ki, içndə Samirlə Samiraldoya baxaq...
Bilirəm çoxlarınız soruşacaqsınız ki, iş yox, güc yox, çayxanaya getməyə pul yox. Bəs biz onda hara daş ataq? Ərəbistanda daş atmağa bir yer var, amma daşı 3 dollar, atmağa gedən yolu 4000 dollara çıxır. İndi ay adam oğlu, Adam, sənin çay içməyə 1 manatın yoxdusa 3 dollarlıq daşı niyə atasan? Özünü bu kökə saldığına görə, bax gör daşlanmalı kimdir? Hələ Almaniyada aztəminatlı, yəni 4 nəfərlik ailənin gəliri 2355 evrodan azdırsa, aztəminatlı sayılır və bu ailənin itinə hökumət bu ailəyə İT ÜÇÜN ayda 90-150 yevro (180-300 manat) da müavinət verir. Ağlınıza sarsaq fikirlər gəlməsin. İt də qiymətə mindi, daş da qiymətə mindi, ortada qalana bizim türkcədə Adam deyillər. O da sənsənsə mənə qulaq as...
Eşşəyinə 160 manat xərclik, 40 il çalışmış təqaüdçüsünə 140 manat aylıq hesablanan bir ölkədə daş atılmalı tək varlıq elə özümüzük.
Düşünün və baxdığınız aynanı daşa basın...

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR