Bir çox ölkələrdə kriptovalyuta ilə mərc etmək qeyri-qanuni hesab olunur. Lakin istifadəçilər saxta sxemlər vasitəsilə bu platformalara çıxış əldə edə bilirlər. Azərbaycanda da kriptovalyuta ilə fəaliyyət göstərən onlayn kazinolar mövcuddur. Oyunçular beynəlxalq platformalara daxil olmaq imkanına sahibdirlər. Digər tərəfdən, bu platformaların fəaliyyəti ölkə daxilində rəsmi şəkildə tənzimlənmir.
Hansı risklər mövcuddur? Belə sistemlər vətəndaşlara nə qazandırır və ya nəyi itirməsinə səbəb olur?
Informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, Azərbaycanda qumar oyunları qanunla qadağandır:
"Mərc fəaliyyəti isə yalnız qanunvericiliklə müəyyən edilmiş çərçivədə və rəsmi lisenziyaya malik subyektlər vasitəsilə həyata keçirilə bilər. Bu çərçivədən kənar istənilən fəaliyyət, o cümlədən kriptovalyuta ilə onlayn kazinolarda iştirak qanunsuz sayılır. Həm təşkilatçı, həm də iştirakçılar üçün hüquqi məsuliyyət yaradır. Kriptovalyuta ilə işləyən qeyri-qanuni onlayn kazinolar hüquqi cəhətdən tənzimlənmədiyinə görə, istifadəçilər həm maliyyə, həm də şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risk altına düşürlər".
Ekspert bildirib ki, qazanc vəd edən bu platformalar əslində vətəndaşların pullarının mənimsənilməsi, fişinq və digər fırıldaq sxemlərlə müşayiət oluna bilər:
"Belə sistemlərdə istifadəçi məlumatları və vəsaitləri qorunmur. Mübahisə yarandıqda isə hüquqi bərpa imkanları demək olar ki, mövcud deyil. Bu cür platformalar cəmiyyətə heç bir real fayda vermədən fərdləri maddi, psixoloji və hüquqi problemlərlə üz-üzə qoyur. Qanunvericiliyə uyğun fəaliyyət göstərmək və maarifləndirici tədbirlər vasitəsilə vətəndaşların bu risklərdən qorunması vacibdir. Dövlət və cəmiyyət birgə şəkildə bu halların qarşısını almağa çalışmalıdır".