Yox, bu artıq onun son qərarı idi... Daha yaşamaq istəmirdi. Boğazına keçirdiyi kəndiri bir az daha bərk sıxıb ayağının altındakı kətilə baxdı. İndi, onu ölümdən sadəcə bir addım ayırırdı, sadəcə bir addım... İlahi, bəzən necə də çətin olurmuş bu bir addımı atmaq! Bir ömürlük yolu bir addımla başa vurmaq necə də çətin imiş. Nə vaxtsa eşitmişdi ki, öləndə bütün həyatı bir film kimi gözləri önündən gəlib keçir insanın. “Belədirsə, bu gördüyüm ən kədərli film olardı”, - deyə düşündü...
Yenə aşağı, kətilə baxdı. Ayağının birini azacıq irəli qoydu. Artıq ölümə bir addımdan daha yaxın idi. Gözlərindən axan yaş yanağı boyunca süzülüb gilə-gilə ayaqlarının altındakı boşluğa düşürdü. Süzülən damlalara baxdıqca nədənsə özünü görürdü bu damlalarda... Bir azdan o da bu damlalar kimi boşluğa düşüb, həyatla əbədi vidalaşacaqdı.
Bütün bədəni titrəyir, əlləri əsirdi. Elə bil canına üşütmə gəlmişdi. Dişləri bir-birinə dəyib şaqqıldayırdı. Nə idi onu bu qərara sövq edən, nədən həyatına son vermək istəyirdi, özü də öz əli ilə? Yenə düşündü və pıçıldadı: “Necə də düz deyirlərmiş, intihar edən adamlar həyatı, yaşmağı ən çox sevən adamlar olur. Bəs niyə, həyat bizimlə belə amansız olur axı?!”
Doğulandan bu günədək hər fürsətdə həyat onu acımasız olaraq qamçılamış, vurmuş, xəyallarını puç etmiş, ürək dolusu gülməyi belə ona çox görmüşdü. Bir yandan maddi çətinliklər, bir yandan ailədəki söz-söhbətlər, bir yandan üzləşdiyi uğursuzluqlar onu çox yormuşdu. Yaşamağa gücü, həyata tutunacaq bir səbəbi belə qalmamışdı daha. “Kim üçün, nə üçün yaşamalıyam” deyə yenə düşündü. Yaşamaq üçün son dəfə bir səbəb axtardı. Ata-anası, bacı-qardaşları, dostları, həyat yoldaşı, övladı bir-bir gəlib gözlərinin önündə dayandı. Kimə gərək idi o axı?! Ona hər kəsdən yaxın olan bu insanlar belə ona qarşı laqeyid olmuşdular. Kimsə onu anlamır, daha doğrusu anlamaq istəmirdi. Onların da hər birinin özlərinə görə öz həqiqətləri var idi...
Ata-anası onu pis- yaxşı böyütmüş, həyat yollarında ilk addımları atmağı öygətmiş, sonra isə körpə qanadları hələ tüklənməmiş sarı dimdikli quş balası kimi öz doğma yuvasından uçurub öz qanadları üstündə uçmasını istəmişdilər ondan. Kimsə düşünməmişdi ki, o öz qanadları üzərində necə və hara qədər uçə biləcək. Ata-ana olmaq təkcə övladı böyüdərək qanadları tüklənən kimi yuvadan uçurmaqdan ibarət deyildir axı! Bir ömür boyu onun qayğısını çəkmək, yeri düşəndə yenidən pərvazlanmağına yardım etmək, həyatın yollarında düz istiqamətdə uçmağını təmin edə bilməkdir. Hər insanın içində heç vaxt böyüməyən, sarı dimdikli, körpə qanadaları hələ də çılpaq bir quş balasına bənzər uşaq yaşayır. Hər zaman qayğıya, köməyə, yardıma, nəvazişə ehtiyacı olan bir uşaq... Bax, onun içindəki bu uşaq yıxılmışdı indi. Sarı dimdikli quş balası çarəsizcə civildəyirdi indi. Amma heç kim eşitmir, nə də eşitmək istəmirdi bu harayı...
Bacı-qardaşları da onun kimi öz yuvasından sarı dimdikli quş balaları kimi hərəsi bir istiqamətə uçmuşdu. İndi onların özlərinin də qayğıları başlarından aşırdı. Bir zamanlar yıxılanda bir-birinin əlindən tutan, səhərdən axşamacan şən oyunlar oynayan, bir-birindən bir an ayrı qalmaq istəməyən bacı-qardaşları, indi hərəsi bir yuva qurmuş, öz körpə balalarının qayğılarına qalmış və... beləcə, bir-birlərini unutmuşdular. Beləmi olmalıdır bacı-qardaşlıq?! Bir zamanlar, eyni ailədə ipə düzülmüş mirvari dənələri kimi bir yerdə cəmlənən bacı-qardaşlar nədən böyüdükdən sonra bu ipi qıraraq hərəsi bir yerə dağılmışdılar axı?! Nədən bir-birinə dəstək olmaqdansa, sadəcə kənardan durub yad insan kimi baxmağa üstünlük verirlər?! Dəyişən nədir, zamanmı, yoxsa bu ötən zamanın soyutduğu isti münasibətlərmi?!
Həyat onu çox insanlara rast eləmiş, o, çoxlarına dost demiş, amma yanıldığını, bu “dostların” bir çoxunun əslində dost deyil, sadəcə bir yerə qədər yol yoldaşı olduğunu anlamışdı. Dostluq da bir sevgidir. Təmannasız, qarşılıqlı bir sevgi. İki insanın bir-birini anlaması, onu hər halı ilə qəbul etməsi, bir-birinə ürəkdən bağlanması, sadəcə xoş anlarında deyil, ən çətin və çarəsiz anlarında belə birgə olması deməkdir! Onu anlayan, onu təmanasız, qarşılıqlı sevən, həmişə yanında ola biləcək dostları vardımı görəsən?! Bir zaman məclislərdə şəninə sağlıqlar deyən, başında pərvanə kimi cəm olan “dostlar” indi hara dağılmışdılar axı?! Dostluq onlar üçün sadəcə yeyib-içib, deyib-gülməkdən ibarət idimi görəsən?! Yox, bu dosluq ola bilməzdi... Dost - dünyanın o biri başında olsa belə hər zaman sənə bir nəfəs qədər yaxın olan biridir. Dost - hər düşdüyündə əlindən tutub səni o düşdüyün yerdən çıxardan biridir. Dost - sənin harayına hər kəsdən qabaq gələn biridir.
Nə dəyişdi, zamanmı yoxsa ötən zamanın saf-çürük elədiyi dostlarmı?!
Yaşadığı sürəcə sevgi adlı duyğuyla ürəyi bir neçə dəfə çırpınmışdı. İlk sevgisi... Eh, uşaqlıq illərinin yaddan çıxmaz ən şirin və eyni zamanda da, ən acı xatirələri bu ilk sevgi ilə bağlı idi. Sonra bir başqası... Yenə ayrılıq, yenə hərə öz yoluna, yenə növbəti dayanacaq... Nəhayətində, axtardığı sevgisini tapmış, ona qovuşmuşdu. İlk başda hər şey necə də gözəl idi. Xoş sözlər, hədiyyələr, romantik görüşlər, sübhədək nağıllardakı kimi yuxusuz gecələr...
Can deyib, can eşidirdilər. Hər zaman onu anlayan, onu duyan bir insanı indi nə dəyişib görəsən?! Söz-söhbətlər, səbəbsiz dava-dalaşlar, yersiz qısqanclıqlar, bitib tükənməyən tələblər... Budurmu sevgi?! Yox, sevgi bu ola bilməzdi. Sevgi bir ömür tükənməyən, ilk baxışdan necə alovlanıbsa, eləcə də əbədi məşəl kimi yanan bir duyğudur. Sevgi ölə, itə, yox ola bilməz. Sevgi ya vardır, ya yoxdur. Sevgi səni hər zaman həyata bağlayan bitməyən yaşamaq həvəsi deməkdir, axı! Bəs elədirsə Onun bu həvəsi necə bitmişdi görəsən?! Bir zaman sənin üçün ölərəm deyən birisi indi nədən belə yad olmuşdu?! Bir zaman, isti əlləri əlini yandıran, isti nəfəsi üzünü yandıran birisi niyə belə soyuyub buza dönmüşdü?! Nə dəyişdi, zamanmı, yoxsa bu ötən zamanın gətirdiyi çətinliklərə sinə gərməkdən boyun qaçırıb, hər şeydə onu günahlandıran sevdiyimi?!
Bir anlıq üzündə təbəssüm yarandı. Övladının dünyaya gəldiyi günü xatırladı. İlahi, necə də balaca, necə də məsum görünürdü bu körpə. Yaxşı yadındaydı, kiçik əllərini ilk dəfə əlləri arasına aldığı o an... Balası kiçik əlləri ilə onun barmağından möhkəm-möhkəm yapışmış, bir müddət buraxmaq istəməmişdi. Necə də şirin görünürdü bu kiçik körpə... İndi hər şeydən çox, onun üçün üzülürdü. Həyatın nə demək olduğunu övladına öyrədə bilmədən, onu pərvazlandıra bilmədən həyatdan ayrılmaq... Hər şeydən çətin olan - bax elə bu idi.
Balası həyatın enişli-yoxuşlu yollarında hər dəfə düşəndə kim tutub onun əllərindən qaldıracaqdı axı, kim ona düz yolu göstərəcəkdi axı, kim ona hər gərəyində dəstək olacaqdı?! Ona belə laqeyid olan bu insanlarmı?!
Bax ən çox bu suallar narahat edirdi onu. Onun yoxluğunda nələr gözləyəcəkdi balasını, nələrə qatlaşacaqdı... Hey düşünürdü: “Görəsən, məndən savayı onun harayına yetən olacaqmı, mənsiz onun həyatı necə olacaq?! Yəqin ki, mənə nifrət edəcək, yəqin ki, onu belə atıb getdiyim üçün lənətlər oxuyacaq, arxamdan qorxaq deyəcək mənə... Yox, mən qorxaq biri deyiləm! Əgər qorxaq olsaydım, özümə qəsd etməyə cəsarətim olmazdı. Yaxşı, qorxaq deyiləmsə, yaşamaqdan niyə qorxuram onda?! Yenilmək, təslim olmaq bu qədərmi sadə, bu qədərmi bəsit bir şey imiş?! Mən bu qədərmi çarəsiz, bu qədərmi gücsüz, iradəsiz biriyəmmiş?! Nə düşünəcək övladım mənim arxamca... Eh... zaman dəyişdikcə, onunla bərabər balam da dəyişib laqeyidlər cərgəsində dayanacaq, başı öz qayğılarına qarışıb məni unudacaqdır. Bəli...təəssüf ki, başqaları kimi o da dəyişəcək ...”
Nə vaxtsa həmsöhbət olduğu bir qocanın sözlərin xatırladı... Qoca ona təxminən belə bir söz demişdi: “ Həyatı sevməsən o səni əsla sevməz”.
“Nə demək istəmişdi qoca bu sözləri ilə?! Həyatı kim sevməz ki?! Əksinə, o, həyatı, yaşamağı çox sevsə də, həyat onu heç vaxt sevməmişdi. Hər zaman ona ögey olmuşdu. Niyə görəsən?! Yoxsa qocanın dediyi bir başqa sevgi idi?! Bəlkə, qoca İlahi bir sevgidən söz açmışdı o zaman?! Bəlkə o dünyanı, axirəti, cənnəti, cəhənnəmi nəzərdə tutmuşdu qoca?! Axı, deyirlər özünə qəsd eləmək Allah qarşısında ən böyük günah hesab olunur və əbədi cəhənnəm odunda yanır insan bu əməlinə görə. Yaxşı, bəs elədirsə, bu dünyada çəkdiyimiz əzablar nə üçündür?! Yoxsa Allah elə bizi bu dünyada ikən cəhənnəm əzabına hazırlayır?! Olmazdımı ki, insan kimi gəldiyimiz bu həyatda insan kimi yaşayaq?! Bəlkə, bu dünya özü o deyilən cənnət və cəhənnəmin özüdür elə?! Bəlkə, başqa dünyalarda etdiyimiz əməllərə görə doğulub bu dünyaya gəlib, etdiyimiz əməllərə uyğun olaraq da kimimiz cənnəti, kimimizsə cəhənnəmi yaşayırıq bu dünyada?! Görəsən, mənim günahım nə olub?! Yəqin ki, o məhcul dünyada,Allahın ən günahkar bəndəsi olmuşam ki, bu dünyada bütün ömrümü cəhənnəm əzabına məhkum olmuşam?! Görəsən, indi, mən öləndən sonra bu əzab bitəcəkmi, yoxsa özümə qəsd etdiyim üçün daha çətin, daha dəhşətli əzablara düçar olacağam?! Necə deyərlər, “yağışdan qaçıb, yağmura düşəcəm”?! Bəlkə də, öldükdən sonra yenidən doğulub, daha əzablı bir ömür yaşamağa məhkum olacam?! Bəlkə, bu da bir sınaqdır və bu sınaqdan dözümlü, səbirli, iradəli çıxanları Allah daha gözəl bir həyatla mükafatlandırır?! Deməli, iradəsiz və qorxaq adamlar heç Allaha da gərək deyillər. Deməli, qoca bunu demək istəyirmiş o bir cümləlik sözü ilə....”, - deyə düşünürdü.
Əslində o bu kətilə özü çıxmamışdı. Onu bu kətilə çıxardan heç həyat da deyildi! Öz doğmaları, ətrafındakı insanlar idi, hansı ki, ona qarşı laqeyid olmuş, onu anlamamış, anlamağa çalışmamış insanlar idi!
O, indi həyatla ölümün arasında olan bir addımlıq yolda idi. Bu uzun və eyni zamanda qısa yolda ayağını basmaq üçün bir yer, yaşamaq üçün bir səbəb gəzirdi... Gözləyirdi... Onu bu kətilə çıxaran adamlar, oradan ya ölüsünü, ya da dirisini düşürəcəkdilər...
O, yenə pıçıldadı: “İntihar edən insanlar, əslində, həyatı ən çox sevən insanlardır...”