Adım Röyadır. Həyatımın 18- ci qışına yağan qar dənəciklərinə tamaşa edirəm, otağımın dörd bir yanı qara haşiyəyə alınmış kiçik pəncərəsindən. Anam yanımdadır, hər zaman olduğu kimi. Sağ yanımda. Və birdə o var, sol yanımda. Soruşsanız, o kimdir? - deyə: odur mənim 17 illik adətinə qurban getdiyim qışım. Odur mənim ürəyimi donduran boranım. Odur mənim gözlərimdə əriyib yanağımda suya çevrilən qar dənəciklərim.. O, indiyə kimi bitməyən və bitəcəyinə hələ də ümid etdiyim boşluğumdur. O boşluq ki, içərisi atasızlıqla doludur. Elə doludur ki…məni vadar edədi qələmin mürəkkəbini özündən də mürəkkəb sətirlərlə kağıza tökməyə…
Anam deyir, uşaq vaxtı üzümdən təbəssüm ayrılmazmış. Kimi görərdimsə gülərmişəm, sən demə. Hətta atamın etil spirti qoxuyan saqqallı siması da gülüşümə səbəb olarmış. Atamın onu “cəngavər” edən butulkalarını daha çox sevərmişəm anamın həzin laylasından. Məyərsə, mən uşaq ikən atalıymışam.
Bilməzdim, qayğısız günlərimin astanasını yaxın edən rüzgar əsəcək bir gün. Bilməzdim, xoş anlarımı atasızlığım cəzb edəcək nə zamansa… Və beləcə, böyüdüm. Böyüdük. Özümü dərk etdim. Özümü dərk edərək gülüşümü, sevincimi ürəyimə dəfn etdim. Amma böyüdüm, böyüdük. Özümə, xiffət çəkmədiyin anların oldumu deyə sual edərkən, heç bir zaman! cavabını alıram. Nədənmi deyə sualına isə cəsarətsizliyimdənmi, ya gördüklərimdənmi dolayı cavab verə bilmirəm.
Nə yalan deyim, ata və anası yanında olan bir uşaq görərkən qibtə də etdim. Bəzən qızının saçına tumar çəkən ata görəndə öz atamı danladım da. Hələ eşidəndəki qonşumuz öz ərini içkidən ayırıb, əvvəlki həyatına qaytarıb, hədəfi dəyişib anamı da danladım. Bəli, danladım. Məni bir an belə yalnız qoymayan anamı. Sadəcə, səssizliyimlə. Dilimə gətirə bilməyib boğazıma düyünlədiyim hayqırıqları sol köksümə atıb, hər döyüntüsündə sıxıldım. Sıxıldım, çünki atasızlığın məngənəsi çox ağır imiş… Üzümdəki hər saxta gülüşü ürəyimə göz yaşı təki süzdüm. Damla, damla. Amma “damla, damla göl olar”- ataların deyimi doğrultmadı özünü. Oldu, oldu da..ü mman oldu! Göl nə ki?!
Ən pisi odur ki, öz öhdəliklərini icra edə bilməyən atam, öz kürsüsünü yoxluğuna verdi. Əslində o, vardı. Amma ucu-bucağı bilinməyən ünvanda. Bəzən düşünür və ən əlacsız vəziyyətdə atamın məndən uzaq olmasını istəyirdim. İstəmək sözmü?! Bunun üçün nələr etməzdim, nələr..! Fərqi yoxdur harada olmağının, istər Çikaqoda, istərsə də Afinada. Yetər ki o zəhrimardan da uzaq olaydı atam. Əslində, məsafələrdən doğan həsrət, mənəvi həsrətin kölgəsinin küncündə qısılacaq qədər cılızdır. Buna görə dözərdim o həsrətə. Amma rəqibim çox güclü oldu, atalıq vəzifəsini yerinə yetirməkdən qorxacaq, övladına olan sevgini üstələyəcək qədər güclü…Əslində yanımdaydı atam, nəfəs təki. Amma onun hənirtisini duymurdum. Bəlkə də o özüdə duymurdu; ata olduğunu, xanımına yoldaş olduğunu.
Mən, çırpıntılarımı xısın-xısın ürəyimə ataraq böyüdüm. Böyüdük. Məndən bir addım belə geri qalmayan, hətta hər fürsətdə məni haqlayan, dərinliyi bitməyən və içərisi atasızlıqla dolu olan boşluğumla. Acınacaqlısı o idi ki, atam hər dəfə “Zolotoye Koltso” nu başına çəkəndə özünü ən xoşbəxt insan sanırdı. Amma mən tək ona deyil, həm də yoldaşsız anama və düşünəndəki belə atalar var, bax o zaman yüzlərlə Röyalara, puç olan ümidlərə acıyırdım.
Bəzən ətrafın o qədər insanla əhatə olunar ki, sənə zillənmiş kənardakı göz(lər) xoşbəxt sanar(lar) səni. Amma bilməzlər, heç bir kəs tək “Onu” əvəz edə bilməz. Bir əskikin varmış kimi davam edər həyatın. Sanki gözünün biri yoxmuş kimi baxarsan həyata. Bu zaman kənardakılar öz məşhur bayraqlarını əsdirə-əsdirə deyərlər: “Kişi içər də…!” Xeyr! Övladının həyata tək gözlə baxmağına razı olmayan ata içməz! Övladını unudacaq, öz ötəri “xoşbəxtliyi” naminə içməz ata! Bir neçə kişinin qucağında ailəsinə təhvil veriləcək qədər içməz kişi! Onun səndəlləyə- səndəlləyə yerişi “gizlən, qaç” oynayan uşaqların gülüşünə səbəb olacaqsa, içməz kişi!
…Dünən də pəncərəmdəm bir ailə tablosunu izlədim. Əsl ailə. Qızının hörülmüş qəhvəyi saçına tumar çəkən ana. Qızının başını köksünə, sol əlini ovucuna sıxan ata. Bəli, ata! Üzərindən spirt qoxusu gəlməyən, övladını tək gözlü qoymayan ata! Ama nədənsə daha qibtə etmədim o qıza.
Elə bu an başqa bir tablo da gördüm. Anam və gözündə bir damla yaş. Nə az, nə də çox. Tək damla yaş. O da çuxura düşmüş sol gözünün altında. İndi başa düşürdüm, həyata tək gözlə baxan bircə mən deyilmişəm. İki gözə bais olan atam, görəsən, dörd gözlə necə baxır həyata?!
19- cu fəslin ilk baharını cüt gözlə yaşamaq diləyi ilə… kaş ki, Röyanın röyası ola, onun atasızlığı...
Azadə Bayramova