hemle

Dünya gör necə dardır... - Zemfira Məhərrəmli - hekayə

Tarix:15-05-2020, 16:08
Baxış Sayı:587

Ağgül divanda əyləşib döşəkçələrə söykənərək yerini rahatladı. İstirahət günü olduğundan işə getməyib məişət qayğılarıyla məşğul olmuşdu. Biş-düş, yır-yığış eləmiş, evdə səliqə-sahman yaratmışdı. Bircə soyuducu işləmirdi, odur ki, səhər tezdən usta çağırmışdılar.

Fevral ayı yaman sərt gəlmişdi. Boz ayın şaxtası, sazağı göz açmağa aman vermirdi. Bu üzdən ailəsi ilə harasa getmək, əyləncə yeri axtarmaq heç ağlından belə keçmirdi. Qızı Günel və oğlu Azər havanın şıltaqlığına baxmayaraq, xəstəxanada yatan tələbə yoldaşlarına baş çəkməyə getmişdilər.

Artıq gün yarı olmuşdu. Bayaqdan susan cib telefonunu masadan götürüb açdı. Sosial şəbəkədə yayılan xəbərlərə aram-aram göz gəzdirdi. Öz-özünə dodaqaltı pıçıldadı: "İlahi, indi internetdə nədən yazmırlar ki"...

Uzun illərdən bəri yaşadığı bu soyuq şimal şəhərində çevrəsindəki insanlara da, ətrafda baş verənlərə də həmişə həssas yanaşır, hadisələrdən baş çıxarmağa, görüb-götürməyə can atırdı. Hələ doğma yurdda yaşayarkən rus dilində təhsil alması, necə deyərlər, qanının arasına girmişdi. Sovet dönəmində digər respublikaların əhalisinin "Böyük kənd" adlandırdığı Moskvada ali təhsil almışdı. Paytaxt universitetlərindən birində oxuyan azərbaycanlı gənclə - öz həmkəndlisi ilə ailə qurmuş, iki övladı dünyaya gəlmişdi. Ömür-gün yoldaşı ali məktəbdə dərs deyirdi. Özü isə Moskvadakı ədəbi nəşrlərdən birində çalışırdı.

Qürbətdəki həyata nə qədər alışsalar da, el-oba üçün darıxır, arabir doğma kənd-kəsəyə baş çəkirdilər. Bəlkə də qürbətdə yaşaması Ağgülü şair eləmişdi. İncə şeirlər yazır, vətən sevdalı misraları bir-birinə calayırdı. Qələm nümunələri qəzetlərdə, dərgilərdə dərc olunurdu, onu imzasıyla tanıyırdılar.

***

Zəng səsi Ağgülü xəyallarından ayırdı. "Yəqin çağırdığımız ustadır", - deyə düşündü. Adətən zənnində yanılmırdı. Özünü qapıya yetirdi və gözlükdən baxıb:

- Kimdir? - deyə soruşdu. Cavab gözləmədən qapını açdı.

Kandarda görünən qara rəngli qalın gödəkçə geyinmiş, təxminən 40-45 yaşlı ucaboylu kişi içəri girdi. Qardan islanmış uzunboğaz çəkmələrini döşəmədəki kiçik ayaqaltının kənarında çıxara-çıxara soruşdu:

- Usta gözləyirdiniz?

"Hə" cavabı eşidəndə əlindəki dəmir qutunu döşəməyə qoyub daha da ürəkləndi:

- Bağışlayın, bir az gec oldu. Qar lap güclənib, şaxta da bir yandan. Avtobuslar elə bil havaya buxarlanıb.

Yanaqları soyuqdan qızarmışdı. Buz kimi əllərini ovuşdura-ovuşdura:

- Soyuducunu mənə göstərin, - dedi.

Ev sahibəsinin ardınca mətbəxə keçdi. Ağgül masanın arxasında oturub qəzet oxuyan həyat yoldaşına:

- Ustamız gəldi, - deyib soyuducunu açdı. Sonra isə:

- Görürsünüz, dünəndən bəri işləmir. Azca da olsa soyutmur.

Həyat yoldaşı ustanı eynəyinin altından süzərək:

- İş ustadan qorxur, tezliklə düzələr, - dedi. Ona doğru irəliləyib:

- Adım Sərvərdir. Qapıbir qonşularımız, bir də iş yoldaşlarım məni "Saşa" deyə çağırır.

- Mən isə Dmitri, sadəcə Dima.

Əl verib tanış oldular.

- Deyəsən, şaxta hamını çaşdırıb. Qışın tufanı, sırsırası lap dözülməzdir. Moskvada uzun illər yaşasaq da, bu soyuğa alışa bilmirik. Heyf deyil bizim yerlərin istisi, hərarəti. Doğma yurdumuzu deyirəm - Azərbaycanı!

Dizlərini yerə qoyaraq soyuducunun alt qatındakı bəzi hissələri açıb yenidən yığan Dimanın diqqəti evin sahibində idi. Bəyaz saçlı, xoşqılıq kişinin rusca danışığındakı qismən sezilən aksent ona xoş gəlirdi. Bu nurlu insanın arada bir xanımıyla öz dillərində danışması da nəzərindən qaçmadı. "Azərbaycan" ifadəsini eşidəndə isə bir an duruxdu. Ayağa qalxıb təmiz Azərbaycan dilində:

- Sizin yurdunuzu mən də sevirəm. Bakı mənə də doğmadır, - dedi.

Ər-arvad sevinc dolu təəccüblə ustaya sarı boylanıb onun bu dili necə öyrənməsi ilə maraqlananda Dima köks ötürüb xəyala daldı. Handan-hana: "Bu, köhnə söhbətdir, tarixçəsi uşaqlıq çağlarımla bağlıdır", - dedi.

Təmir işini axıra çatdırıb, alətlərini dəmir qutuya yığırdı ki, Ağgül armudu stəkanlarda pürrəngi çay gətirdi. Ustanı süfrəyə dəvət etdilər.

- Belə qarlı-buzlu havada isti evdə oturub, limonlu, mürəbbəli çay içməyin ayrı ləzzəti var. - Ağgül söhbətə körpü saldı.

İndi üçü də yalnız azərbaycanca danışırdı. Uzun illərin əzizi, doğması, sirdaşı kimi. Dima qısa zaman kəsiyində dostlaşdığı bu mehriban, istiqanlı insanlara öz həyat hekayəsini nəql etməyə başlamışdı.

***

- Uşaqlıq hafizəmdə ilişib qalan xatirələr indi də canlı, diridir. Ufadakı uşaq evində tərbiyə alırdım. Onu da deyim ki, lap körpə çağlarımdan gözümü açıb özümü burada görmüşəm. Məni və yaşıdlarımı dilli-dilavər dayələr, tərbiyəçilər əhatə etsə də, gözüm daim qapıdaydı. Altı-yeddi yaşım olanda daim düşünürdüm: Bu nisgilli məkanın ağır dəmir qapısı görən nə vaxt açılacaq? Ata-anam görüşümə nə zaman gələcək?!

Heyhat... Öz uşaq ağlım, fəhmimlə dərk edirdim ki, bu arzuya çatmaq mümkünsüzdür. Hər dəfə "bəs mənim anam, atam niyə gəlmir" soruşanda mənə ürək-dirək verirdilər: "Valideynlərin mütləq gəlib səni öz evinizə aparacaq".

Dima baxışlarını qeyri-müəyyən nöqtəyə zilləyib susdu, sonra sözünə davam elədi:

- Aylar, illər keçirdi, bu sarışın, fındıqburun rus balasına isə gözünün kökü saralanadək yollara baxmaq qalırdı. Yan-yörəsindəki bütün atılmış, unudulmuş, tənhalığın acısını dadan uşaqlar kimi. Yemək sarıdan korluq çəkməsək də, bəzən üzləşdiyimiz qaba rəftar, köntöy davranış, üzümüzə tərs şapalaqtək çırpılan "yetim", "atasından-anasından bixəbər" ifadələri bizi odsuz-ocaqsız yandırırdı. Kiçik yaşlarımızda bunları çox anlamasaq da, dərk edəndən sonra bu təhqiramiz sözlər bizə ən ağır zərbə idi.

Az sonra bizim dərdli, qüssəli evimizə Ruslan adlı bir uşaq gətirilmişdi. Bu suyuşirin, amma çox qaraqabaq oğlancığazın üzü gülmür, eyni açılmırdı. Tərbiyəçilər də, uşaqlar da daim ağlayıb-sızlayan bu oğlanın xiffət etdiyini görüb onu sevindirmək istəyirdilər. Mənim də Ruslana yazığım gəlir, tez-tez onun könlünü almağa çalışırdım, az qala öz dərdimi də unutmuşdum.

Bir gün ona yaxınlaşıb boynunu qucaqladım, başını sığalladım. Dedim: "Gəl dost olaq". Kövrəlib elə hönkürdü ki... Onu sakitləşdirmək, ovutmaq mümkün deyildi. Dayəmiz Manya xala bizə yaxınlaşdı, mənə möhkəm tapşırdı ki, Ruslandan heç nə soruşmayım. Çünki bir şey soruşan kimi, əhvalı pozulur, ağlamağa başlayırdı.

Sonralar deyirdilər ki, bu yazıq uşağın nə anası, nə də atası var. Hər ikisi avtomobil qəzasında həlak olub. Mən bunu eşidəndə özüm də ağlamışdım. Öz valideynlərim barədə heç bir təsəvvürüm olmasa da, onları qətiyyən xatırlamasam da, Ruslanın yerinə də hönkürmüşdüm. "O, bu ağır itkiyə necə dözür, görəsən. Tanıdığın, sevgisini duyduğun ata-ananı necə unutmaq, bu ağrıya necə tab gətirmək olar?! - deyə özüm-özümdən soruşurdum. Sən demə, deyilənlər doğruymuş. Ruslanın ata-anası Ufada yaşayan qohumlarına baş çəkməyə gələrkən avtomobil qəzasına düşüb həyatlarını itirmişdi. Kimsəsiz qalmış balaca Ruslan bizim uşaq evinə verilmişdi.

***

Ağgül uzun illər öncə baş vermiş, amma indi də ürək dağlayan bu hadisənin, sanki iştirakçısı kimi Dimanı sorğu-suala tuturdu:

- Axı, siz o vaxt çox kiçik, arxasız-köməksiz idiniz. Yəqin, heç bilmirdiniz ki, bütün dərdləri unutduran, heç olmasa qismən yaddan çıxaran zamandır. Hər şey zamana möhtacdır. Bəs sizin, dostunuz Ruslanın sonrakı taleyi necə oldu?

- Ailədə, doğma insanlarla yaşamaq ən böyük arzumuz idi. Bu əlçatmaz istəyimiz bizi bir an tərk etmirdi. Artıq məktəb yaşına çatmışdıq. Bizə dərs keçirdilər, yaxşı da oxuyurduq. Dostum rus dilini öyrənir, mən isə ondan Azərbaycan dilini öyrənirdim. On yaşında ikən Ruslanla qəti qərara gəldik ki, uşaq evindən qaçaq. Məsələ belə olmuşdu: uzun müddətdən sonra Ruslanın Ufadakı qohumu Niyaz dayı onun yerini bilib uşaq evinə gəlmişdi. Hal-əhval tutub, vəziyyətindən xəbərdar olmuş, ona evlərinin ünvanını da vermişdi. Ən əsası isə bu xeyirxah insan öz evində yaşamağı Ruslana təklif eləmişdi.

Ertəsi gün sözü bir yerə qoyaraq, həyətdəki gəzintidən sonra kimsəyə heç nə demədən küçəyə çıxıb uşaq evini tərk etdik. Yaxşı ki, məktub yazıb gedəcəyimiz ünvanı bildirmişdik. Bir gün öncə isə Ruslan mənsiz getməyəcəyini qəti şəkildə bildirmişdi və mən də çətin günün dostunu, ruh əkizimi tək qoya bilməzdim.

Ağgül söhbətin bu yerində çox təsirlənib göz yaşlarını saxlaya bilmədi. Üçü də kövrəlmişdi. Nə yaxşı ki, gec də olsa, bir ailənin ocağına, istisinə qovuşmuş bu kimsəsiz uşaqların sonrakı taleyindən dolayı arxayınlıq, əmin-amanlıq yaranmışdı.

- Rəhmətlik Niyaz dayının sonsuz sevgisi, təbii ki, həm də çörəyi və xeyir-duası ilə böyüdük. - Dima həyat hekayəsinin sonrakı səhifələrini vərəqləyirdi. - Onun ömür-gün yoldaşının - bizi öz balalarından ayırmayan Məsumə xalanın ana qayğısını da heç vaxt unutmadıq. Ruslan ali təhsil aldı, indi iqtisadçı-mühəndis işləyir. Mən isə məişət avadanlığının təmiri üzrə peşə məktəbini bitirdim. Yeniyetməlik və gənclik çağlarımızda Niyaz dayı ilə Azərbaycanda çox olmuşuq. Bakı o qədər gözəldir ki... Sizin dilinizi o qədər sevmişəm ki, hətta oğluma da öyrətmişəm.

Ağgüllə Sərvər çətin günün dostlarının indi Moskvada yaşayıb çalışdığını, ailə qurub oğul-uşaq sahibi olduğunu biləndə lap sevindilər. Söhbətin bu yerində Dima ayağa qalxıb:

- Mən daha gedim. Əvvəlcə xəstəxanaya, oradan da evə. Üç gündür ki, oğlum əməliyyat olunub.

Elə bu vaxt içəri girən Günellə Azərin şaqraq səsi mənzili başına götürdü. Yanaqları allanmış, saçına bəmbəyaz gözəllik səpilmiş, qar qıza bənzəyən Günel onları qarşılayan anasına sevincək deyirdi:

- Mən bilməzdim ki, tələbə yoldaşım İqor azərbaycanca belə səlis danışa bilir. - Sonra ata-anasının kandarda yola saldığı "qonağa" nəzər salıb:

- Özü də deyir ki, bizim dilimizi ona atası öyrədib...

Bu sözləri eşidən "qonağın" sevinc qarışıq hiss-həyəcanı onun gözlərindən oxunurdu. Dima üzünü bacı-qardaşa tutub titrək səslə:

- Siz nə dediniz? İqor tələbə yoldaşınızdır? Siz təcili yardım xəstəxanasına getmişdiniz? - deyə sualı suala caladı.

Günel başını tərpətməklə "hə" cavabı verəndə "qonaq":

- O ki mənim oğlumdur! - dedi.

Hamı yerində donub qalmış, təəccüb və heyrətlə bir-birinə baxırdı. Dünya gör necə dar imiş...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...