Atama bənzəyən oyuncaq
(20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunur)
Günəş üfüqdən boylandı, onun al şəfəqləri yerdəki qarın üzərinə səpələndi. Sakit bir qış səhəri idi. Bu sakitlik o sakitliklərə bənzəmirdi. Sanki fəlakətdən öncəki sakitliyi xatırladırdı.
Həmin gün Lalənin doğum günü idi. Beş ili tamam olurdu onun dünyaya göz açmasının. Doğum gününün nə olduğunu anlamırdı, sadəcə o bilirdi ki həmin gün hamı ona hədiyyələr alacaq. Lalə o qədər sevinirdi ki, sevincindən baxışlarından sevgi damırdı. Gah mətbəxdə qızı üçün tort bişirən anası Gülnazın, gah da yemək hazırlayan nənəsi Pərinin yanına qaçırdı. Anasının bişirəcəyi tortun hazır olmasını dörd gözlə gözləyirdi. Atası Sakit isə şənbə gününü fürsət bilib, dostlarıyla istirahət etmək üçün çıxmışdı evdən.
Hava qaralanda Sakit evə gəldi. Ayaqqabılarını soyunub evə keçmək istəyəndə qızı qaça-qaça onun üstünə atıldı. Atasının əllərini boş görüb dodaqlarını büzdü. Mızıldana-mızıldana sözə başladı:
-Ata, sən mənə söz vermişdin ki, mənə doğum günümdə böyük oyuncaq alacaqsan. Bax, mənim doğum günümdü, anam da mənimçün tort bişirib süfrəni hazırlayıb. Nənəm də dadlı yeməklər bişirib. İndi bizə çoxlu adamlar gələcək, mənə hədiyyələr alacaqlar. Amma sən mənim oyuncağımı almamısan.
Qızının bu sözlərindən sonra Sakit nə edəcəyini bilmədi, boğazından açdığı şərfi yenidən boğazına dolayıb evdən çıxdı. Pilləkanları düşərkən qızına necə bir hədiyyə alacağını düşünürdü. Axşam olduğu üçün yaxınlıqdakı hədiyyə dükanları bağlı idi. Evə yenidən əliboş dönmək qorxusu Sakiti qorxudurdu. Hardan olursa-olsun, mütləq qızına hədiyyə almalı idi. Dükan soraqlaya-soraqlaya evdən xeyli uzaqlaşdı. Böyük hədiyyə dükanı tapıb Laləyə gözəl bir gəlincik aldı. Gəlinciyi götürüb sevincək dükandan çıxdı, iki addım atmamış sədəf boyda dəmir parçası onun sinəsini dəlib keçdi. Onun gözündə dünya, dünyalıqdan çıxdı.
-Qızım, qızım deyə-deyə yerə yıxıldı.
Bir neçə saat keçdi, Lalə səbirsizliklə atasının gəlməsini gözləyirdi. Atasının gedişindən anladı ki, ona hədiyyə almaq üçün getdi. Gözü qapıda idi. Tez-tez qapı döyülürdü, gələnlərin heç biri gözlədiyi deyildi. Qohum-əqrəba hamısı gəlmişdi. Çoxlu hədiyyələr almışdılar Laləyə, o isə heç birini sanki görmürmüş kimi gözünü qapıya zilləmişdi. Qonaqlar Sakiti soruşduqca Pəri nənə deyinməyə başladı:
- Ay oğul, sən bilirsən ki, bu gün qonağımız olacaq. Gəl çıx da… Pəri nənə deyindikcə Lalə də sevinclə qışqırırdı:
- Atam mənə oyuncaq almağa gedib, indi gələcək.
Bir saat da keçdi. Sakitin evə qayıdan yollarına çözülməz düyün düşmüşdü. Lalənin məsum baxışlarla qapıya zillənən gözləri belə o düyünü aça bilmədi.
Bir tərəfdə Gülnaz, bir tərəfdə Pəri nənə dodaqaltı deyinirdi:
- Ayıb deyil, ev yiyəsi evdə yox. Qonağa qarşı diqqətli olan Sakitdən bu cür hörmətsizliyi heç kim gözləmirdi.
Qapı döyüldü. Lalə “atamdır” deyib, qapını açdı. Evə qırmızıya bükülmüş böyük bir hədiyyə daxil oldu. Qonaqlar bir-birinə dəydi, Pəri nənə bir tərəfə, Gülnaz da o biri tərəfə yıxıldı. Lalə isə hər şeydən xəbərsiz hədiyyənin sevincini yaşayırdı. O, hələ bu cür böyük hədiyyə görməmişdi. Hər kəs çalışırdı ki, qıc olmuş Pəri nənəni və Gülnazı ayıltsın. Lalə səssizcə gəlib hədiyyəsini açdı, sevincək qışqırdı:
- Ana, ana atam mənə özünə bənzəyən böyük kukla alıb ki, o evdə olmayanda mən darıxmayım. Bax nənə, atam evdə olmayanda mən onunla oynayacam.
İlahi, bu mənzərə cəhənnəmin hansı qatından görüntü idi?
Qonaqlar Laləni sevimli hədiyyəsindən uzaqlaşdırdılar birtəhər. Başını qatıb, yatırtdılar.
Nəhayət, səhər açıldı, Sakiti dünənki günün sakitliyini pozan ahəngli səslərlə yola salmaq zamanı gəldi.
Lalə: - “Hədiyyəmi aparmayın, onu mənə atam alıb. Atam gələn kimi deyəcəm ki, mənə aldığın hədiyyəni əmilər əlimdən aldı. Hədiyyəmi aparmayın, o atamın mənə doğum günü hədiyyəsidi...”
Günay Nəriman