Qəhrəmanlıq sərhəd tanımır. Çünki tarix hər yetdə milli fədkarlıqların dəfələrlə şahidi olub…
Bilirik ki, 2020-ci ildə Ermənistanın xain qüvvələrinin Tovuzda törətdikləri terror zamanı Azərbaycanın bir neçə əsgər və zabiti şəhid olmuşdu. Onların arasında hər kəsin sevimlisi, general mayor Polad Həşimov da var idi. Məhz onun həlak olmasından sonar xalqımız təkidlə müharibə tələb etdi və 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu cəmi 44 günə erməni hərbi birləşmələrini darmadağın etdi…
Polad Həşimovun zabit hünəri əsl qəhrəmanlıq idi və onun qəfildən xain terror nəticəsində həlak olması təkcə bizim xalqımıza deyil, qonşu Cənubi Azərbaycandan yaşayan soydaşlarımıza da çox pis təsir etmişdi.
Məsələn, Cənubi Azərbaycandan olan şair O.D.ELMAN da Polad Həşimovun ölümünə kəskin narahat olmuş, onun misilsiz qəhrəmanlığını yazdığı şeirdə poetik şərh etmişdir. Şeir bütün mənalarda oxucu olaraq bizdə dərin duyğu və minnətdarlıq hissi yaradır. Şeirdə diqqət çəkən çox anlam var, onlardan biri də budur: “Qəbələ qibləyə döndü şanından…” Yəni müəllif bəlli şəkildə deyir ki, Polad Həşimovun şəhid olmasından sonra doğulduğu yurd ziyarətgaha çevrilib…
Şeir bizdə xüsusi maraq oyadıb, bu səbəbdən şeiri oxucularımıza təqdim edir, müəllifinə sonsuz təşəkkürümüzü bildiririk.
Hüseyn İsaoğlu Yazıçı-publisit AYB-nin və AJB-nin üzvü
AY ŞƏHİD POLAD
Qəbələ qibləyə döndü şanından,
Kəmalə yetişdin, ay şəhid Polad.
Qeyrətin anlamı qızıl qanından,
Al lalə yetişdin, ay şəhid Polad.
Səmayə ucaldın haqq qanadıynan,
İgidlik bir oldu elin adıynan.
Sevgini yaşadın vətən dadıynan,
Zülalə yetişdin, ay şəhid Polad.
Düşməni sarsıtdı güclü ürəyin,
Vətənin zəfəri oldu gərəyin.
Rəşadət, ləyaqət arxa kürəyin,
Həlalə yetişdin, ay şəhid Polad.
Aslantək yeritdin tülkünü geri,
Yurdumda nə gərək alçağın yeri.
Can verdin, cananla etdin al-veri,
Məcalə yetişdin, ay şəhid Polad.
Vətəni çağladın can dənizində,
Şücaət yaratdın eşqin izində.
"Teymur"un nişandır, "Aybəniz"in də,
Sülalə yetişdin, ay şəhid Polad.
İradən bərk olub daşdan, dəmirdən,
Heç qorxun olmadı səsdən-səmirdən.
Yıxılan qədəri uca ömürdən,
Şəlalə yetişdin, ay şəhid Polad.
Ölkə bayrağının qanlı ulduzu,
Şərəfli, şövkətli, şanslı ulduzu.
Qəlbində parlayan canlı ulduzu,
Hilalə yetisdin, ay şəhid Polad.
İgidi sən oldun Azərbaycanın,
Qəhrəman adına layiqdir canın.
Səxavət, yaxşılıq düz həyəcanın,
Xoş halə yetişdin, ay şəhid Polad.
Çiyninə ulduzlar az gələr səndə,
"Polad"am söyləyir bayraq əsən də.
Elmanam, can oğlum deyən vətəndə,
Cəlalə yetişdin, ay şəhid Polad.
O.D.ELMAN