İran - Ermənistan münasibətlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, İranın daxili işidir və buna qonşu dövlətlərin etiraz etmək haqqı yoxdur. Lakin bu dövlətlərin birgə fəaliyyətlərinin mənfi nəticələri qonşu dövlətlərə qarşı yönəldilməməlidir. Əgər yönələrsə bu dövlətlər arasında ciddi narazılığa fikir ayrılığına hətta münasibətlərin pisləşməsinə səbəb ola bilər. İranın erməni təsübkeşliyi və qardaşlığı, İranın öz daxili işidir, dediyim kimi buna bir ziyalı kimi etiraz etmək haqqım yoxdur.
Lakin deməliyəm ki, İran İslam Respublikası adlansada onun dövlət siyasətində din amili rol oynamır. Din İranın daxili siyasətində əhalinin hökumət üzvlərinə qarşı münasibətdə köləliyi qorumaq üçün bir vasitədir. Ölkənin xaricində isə bu siyasət tamamilə fərqlidir məsələn; Ermənistanda İran liderinə içki və donuz əti yeməyi təklif edilər o buna yalnız yüngül gülümsəməklə cavab verir, etiraz etmir. Regionda islam dini abidələrini məhv edən Ermənistana müxtəlif sahələrdə yardımlar edir.
İran, Azərbaycanın 20% torpaqlarını 20 ildən çox müddət ərzində işğal altında saxlayan Eermənistanla münasibətləri çox yüksək səviyyədə inkişaf etməkdədir. İran Ermənistana nəinki iqtisadi, sosial və mədəni sahələrdə yardımlar edir, eyni zamanda Azərbaycan mədəniyyətinin məhv edilməsində və toponimlərin dəyişdirilməsi işlərində ermənilərə geniş şərait yaradır. Bunun bariz nümunəsi kimi İrəvan Qalasına məxsus bütün növ tikinti və istehkamların hətta qala divarlarının tamamilə sökdürüb yerində yaşayış evləri və iaişə müəsisələrinin tikildiyini göstərmək olar. İrəvan şəhərində və şəhərətrafı qəsəbələrdə yüzlərlə bədii daş nümunələrini və türbələrin məhv edilməsini, bir zamanlar mövcud olmuş 35 Məsciddən yalnız birinin öz mövcudluğunu qoruyub saxlaya bilməsi bu ərazidə baş verən erməni vandalizminin nə qədər geniş və əhatəliliyindən xəbər verir. Lakin öz tarixi ərzində ən azından Ermənistan ərazilərində (Qərbi Azərbaycan torpaqlarında) İslam dövrü abidələrinin ermənilər tərəfindən məhv edilməsinə qarşı İran bir İslam dövləti kim öz etirazını heç olmasa adi bir bəyənatlada olsa da ifadə etməyib.
1992-ci ildən Azərbaycan ərazilərini işğal edən Ermənistan, işğalda saxladığı ərazilərdə də Qərbi Azərbaycanda istifadə etdiyi metodu Qarabağda da tətbiq edərək burada da Azərbaycanın mədəni-irsinin məhv edilməsinə və saxta erməni tarixinin yaradılmasına yönəli fəaliyyət həyata keçirir. Hətta Ermənistan rəhbərliyi İslam Dininə öz nifrətini ifadə etmək üçün Ağdam cümə məscidində mal-qara və donuz saxlatdırmağa qərar verdi. Ermənistan Respublikasının bu qərarına İran Ali Dini lideri səbr nümayiş etdirərək, özünə dost və qardam hesab etdiyi erməniləri bu allah evinin təhqir edilməsinə görə qınamadı.
Ağdam cümə məscidi 1868–1870-ci illərdə Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği tərəfindən inşa edilmişdir. Məscidin mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə kvadrat forma vermişdir. Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir.
Ağdam məscidi ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalmışdır. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilmiş, Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqir edici ifadələr və sözlər yazılmışdır. İşğal dövrü ermənilər Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirdilər.
Bu abidə ətrafında gedən söz – söhbətlər arasında önəmli hadisə ondan ibarətdir ki, 2016-cı ilin dekabrında İran prezidentinin Ermənistana səfəri ərəfəsində Ağdam cümə məscidinin xarabalıqları, Ermənistan ordusunun əsgərləri tərəfindən heyvan peyininlərindən, digər zibillərdən və çirkablardan təmizləndi.
Bizim tədqiqatlarımız zamanı İişğal altındakı Azərbaycan abidələrinin məhv edilməsində İranın birbaşa rolu olduğu da qeydə alınmışdır. Bu hadisə İran Ermənistanla Araz çayı üzərində müştərək su bəndinin tikintisi zamanı baş vermişdir. Su bəndi Azərbaycanın ərazisində Azərbaycan hökumətinin razılığı olmadan, Ermənistanın təhriki ilə tikilmişdir. Bu qeyri-qanuni tikinti zamanı, Xudafərin körpüsünün lanşaftının bir hissəsi məhv edilmiş, abidənin yüz hektardan çox ərazisi arxeoloji qazıntılar aparılmadan su və ya tikinti altına salınmışdır.
Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.
Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir.
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən İran, Azərbaycanın işğal altında fəaliyyət göstərən seperatçı rejimin bu bənd vasitəsi ilə enerjiyə olan təlabatını tamamilə ödəyir. Bu isə seperatizm və terrordan əziyyət çəkən Azərbaycanın Dövlət mənafeyinə uyğun deyildir.
Faiq Ismayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
ictimai birliyinin sədri