Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Meydan hərəkatı ilə başlayan yol və Qarabağ” mövzusunda Dəyirmi Masa keçirilib. QAT tədbir iştirakçılarına müzakirə üçün aşağıdakı tezisləri təqdim edib: 1. Meydan hərəkatı Qarabağ məsələsi ilə başlanmışdı. Bu hərakatın nəticəsi olaraq Azərbaycan müstəqillik əldə etdi. Məqsədlərdən birinə nail olduq- müstəqillik əldə edildi. Digər məqsədə nail ola bilmədik, Qarabağ Ermənistanın işğalı altına düşdü və işğal altında qalır. Ərazisinin bir hissəsi işğal altında qalan ölkənin müstəqilliyini tam müstəqillik hesab etmək olmaz.
2. Ötən dövr ərzində Qarabağın azadlığı üçün aparılan diplomatik fəaliyyət öz məqsədinə çatmadı. Ermənistan işğalçı dövlət kimi tanınmayıb. Dağlıq Qarabağa “muxtar respublika” statusunun verilməsi təklifini uğurlu diplomatik təşəbbüs hesab etmək olmaz. Bu təklif heç olmasa “Ermənistandan qovulan azəbaycanlılar geri qaytarılandan sonra onlara hansı status veriləcəksə, Dağlıq Qarabağa da o cür status verilə bilər” şəklində olmalı idi.
3. Ordu quruculuğunda xeyli nəticələr əldə olunub, lakin hələ də ordu amilindən kifayət qədər səmərəli istifadə olunmayıb. Düşmənə qalib gəlmək üçün on qat hərbi üstünlüyə nail olmalıyıq. Bu üstünlük varmı?
4. Hazırkı vəziyyətdə torpaqlarımızın azad edilməsi üçün imkanlar varmı?
a) Dinc vasitələrlə nizamasalmanın imkanları yox dərəcəsindədir. Beynəlxalq təşkilatlar tam fəaliyyətsizdi. Regionda Rusiya şəriksiz hökmrandı. Türkiyə və İranın regionda fəallaşma imkanları yaranıb.
b) Torpaqlarımızın işğal altında qaldığı dövrdə “xalq diplomatiyası” yalnız zərər gətirə bilər.
c) Məsələnin hərbi yolla həll edilməsi imkanları getdikcə artır. Buraya Ordunun gücünün artması, cəmiyyətdə döyüş həvəsi və istəyinin güclənməsi, beynəlxalq rəyin nisbətən yumşalmasını aid etmək olar. “Qarabağın açarı Rusiyadadır” düşüncəsinin yerinə “Qarabağın açarı Türkiyə və Rusiyadadır” düşüncəsi gəlir. 1920-23-cü illərdə də regiondakı münaqişəli məsələlərin taleyi Rusiya ilə Türkiyə arasında razılaşdırıldı. İndi İran da bu məsələlərə müdaxilə etmək imkanındadır.
5. Qələbənin əldə olunması üçün Azərbaycan cəmiyyətində bir sıra amillər ya yoxdu, ya da yarımçıq vəziyyətdədir.
a) Dövlət və cəmiyyət səviyyəsində ədalət psinsipi yox dərəcəsindədir. Haqq-ədalət gözlənilmir, dövlət orqanlarına, xüsusilə də hüquq-mühafizə qurumlarına inam yoxdur. Yüzlərlə insan haqsız yerə həbsdə yatır, Qarabağ döyüşçüləri, siyasi və dini fəallar həbsdədirlər.
b) Siyasi partiyaların əksəriyyəti ağır durumdadırlar. Onların fəaliyyətinə normal şərait yaradılmır. Siyasi partiyalar ümummilli məsələlərdə bir araya gələ bilmirlər.
c) Hakimiyyətin Qarabağ məsələsi ilə bağlı qəti və konkret siyasi iradəsinə, xüsusilə də müharibənin başlanması ilə bağlı siyasi qərarın verilməsinə ehtiyac vardır. Çatışmayan ən ciddi amil budur.
e) Hakimiyyətin qərəzli və əsassız tənqid edilməsi, bəzən təhqir edilməsi praktikası yolverilməzdir. Tənqid hakimiyyətlə cəmiyyətin birliyinə xidmət etməlidir. Ən əsası isə hər kəs tənqidi özündən, özünütənqiddən başlamalıdır. Hər kəs başqasının nə etməli olduğunu deyil, özünün nə etməli olduğunu düşünməlidir.
Bizim məqsədimiz Azərbaycan hakimiyyətini Qarabağın azadlığı naminə müharibəyə təşviq etmək, ölkədə müharibə əhval-ruhiyyəsini gücləndirmək və Qarabağ naminə milli birlik ideyasını təbliğ etməkdir.
QAT sədri Akif Nağı giriş sözü ilə çıxış edib, sonra tədbir iştirakçılarından Yusif Səmədov , Nemət Pənahlı, Cəmil Həsənli, Növrəstə İbrahimova, Camal Əhmədov, Fəzail Ağamalı, Mübariz Əhmədoğlu, Sərdar Cəlaloğlu, İxtiyar Şirin, Elxan Şahinoğlu, Əvəz Həsənov, Rüfət Muradlı və digərləri çıxış edərək fikirlərini bildiriblər. Dəyirmi Masa iştirakçıları belə bir fikirdə yekdil olublar ki, Qarabağda hərbi qələbənin əldə olunması üçün milli birlik ən vacib amildir.
QAT Mətbuat Xidməti
16 noyabr 2016