hemle

Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı

Tarix:29-05-2025, 21:56
Baxış Sayı:445

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbçi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o, 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyini, atəş açdığını söyləyib və deyib: "Bilirsiniz ki, döyüş və müharibə qanunlarına görə, hərbi bölmə yalnız hərbi bölmə ilə vuruşmalıdır. Amma onlar kəndlərə, dinc əhalinin yaşadığı ərazilərə qadağan edilmiş mərmilər atırdılar, zəhərli, yandırıcı mərmilər atırdılar. Yəni, Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən kütləvi şəkildə istifadə edirdilər.

"Şrapnel tipli" adlandırdığımız mərmilərin tərkibində çuqun qəlpələrdən əlavə, bir mərminin içərisində 2 mindən çox iynə yerləşdirilir. Bu, elə iynələrdir ki, onların birinin insana dəyməsi belə kütləvi zəhərlənməyə səbəb ola bilər. Bizə keçirilən təlimlər zamanı videogörüntülər vasitəsilə izah edilib ki, həmin iynələrə dəriyə batmadan, sadəcə əl ilə toxunmaq belə insan orqanizminə təsir göstərir və zəhərlənməyə səbəb olur".

Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin vəkillərinin, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs Levon Mnatsakanyan sual verən zaman əvvəlcə Aprel döyüşlərində iştirak etdiyini bildirib və deyib: "Mən 2016-cı ildə keçirilən əməliyyatlarda iştirak etmişəm və "ordu komandiri" olmuşam. Düzünü desəm, təqdim olunanların baş verdiyini ilk dəfədir eşidirəm".

O, hadisə zamanı E.Abbasovun hansı hərbi vəzifəni tutduğunu və rütbəsini soruşub. Zərərçəkmiş şəxs həmin vaxt artilleriya divizionunda batareya komandiri olduğunu, kapitan rütbəsində xidmət etdiyini deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Digər xəbərlər
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək
21:54 Gəncənin bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları elan olundu - məhkəmə
21:51 Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
21:33 Ukrayna və Rusiya ikinci raundda anlaşacaqmı? – İstanbul görüşünün şifrələri
21:09 Bu sərnişinlər 30 manat cərimələnəcək
21:05 Azərbaycanda bu cərimə 500 manata qaldırıldı
16:18 Trampdan Netanyahuya İranla bağlı ŞOK XƏBƏRDARLIQ