hemle

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində hərbi dəniz aspektlərinə dair kitab çapdan çıxıb

Tarix:4-04-2018, 17:09
Baxış Sayı:791

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin rəisi, tarix elmləri doktoru, professor Nurulla Əliyevin müəllifi olduğu “1918-1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hazırlanan bu elmi-tədqiqat əsəri Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyinə həsr olunub.

Kitabın elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, elmi redaktoru isə AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.

Nəşrdə 1918-1920-ci illərdə Azərbaycanda baş vermiş mühüm hərbi-siyasi hadisələr, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hərbi-dəniz sahəsindəki fəaliyyəti kompleks şəkildə işıqlandırılıb. Eləcə də Azərbaycanda hərbi-dəniz qüvvələrinin yaranması və inkişafı, hərbi-dəniz potensialının quruculuq problemləri və ölkəmizin müvafiq sahədə müdafiəsinin təşkili istiqamətində görülən işlər əhatəli şəkildə oxucuların diqqətinə çatdırılıb.

Elmi-tədqiqat əsərinin “Xəzər bölgəsinin böyük aparıcı dövlətlərin geostrateji rəqabət obyektinə çevrilməsi və Azərbaycan Xalq Cümhuriyyəti 1918-1919” adlandırılan birinci fəslində Birinci Dünya müharibəsi illərində, eləcə də Rusiya imperiyasının süqutundan sonra Qafqaz bölgəsində baş verən proseslərdən, Xəzər regionunun böyük dövlətlərin geosiyasi rəqabət obyektinə çevrilməsindən söhbət açılır. Həmçinin belə gərgin ictimai-siyasi şəraitdə xalqımızın milli azadlıq mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etməsi və onun möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər geniş işıqlandırılıb.

Nəşrin “1919-1920-ci illərdə Azərbaycan hökumətinin ölkənin hərbi-dəniz müdafiəsinin təşkili sahəsində fəaliyyəti” adlı ikinci fəslində isə Xəzər bölgəsinə nəzarət uğrunda aparılan gərgin mübarizə, eləcə də xalqımızın müstəqilliyi üçün yaranan təhlükə ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyətinin ölkənin müdafiə qabiliyyətinin artırılması, xüsusən Xəzərdən yarana biləcək təhdidlərin qarşısının alınması üçün hərbi-dəniz qüvvələrinin möhkəmləndirilməsi istiqamətində reallaşdırdığı tədbirlərdən ətraflı söhbət açılıb.

Əsərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması və hərbi-dəniz qüvvələrinin yaradılması istiqamətində fəaliyyətini əks etdirən fotoşəkillərə də geniş yer verilib.

Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyinə dəyərli töhfə olan nəşr ali humanitar məktəblərin və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, adyunkt və aspirantları, tələbə və kursantları üçün sanballı elmi mənbədir.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı