2030-cu ilə qədər dünyada təxminən yarım milyard yeniyetmə piylənmə və ya artıq çəkidən əziyyət çəkəcək, 1 milyardı isə qarşısı alına bilən xəstəliklər riski altında olacaq.
Bu barədə "The Lancet" sağlamlıq və rifah komissiyasının hesabatı xəbər verir.
Bildirilir ki, son iki onillikdə yeniyetmələrin ölümü dörddə birdən çox azalıb, lakin, qlobal məlumatların təhlili göstərir ki, beş il ərzində dünyada 10-24 yaşlı gənclərin ən azı yarısı HİV/AİDS və erkən hamiləlik kimi sağlamlıq problemləri yaşayacaq. Depressiya və pis qidalanma "onların sağlamlığı, rifahı və həyat şansları üçün gündəlik təhlükə" yaradır.
Xəbərdarlıq edilir ki, gənclərin səhhəti “döyüş nöqtəsinə” çatıb. Hesabata görə, 2030-cu ilə qədər 464 milyon gənc obez və ya artıq çəkidən əziyyət çəkəcək ki, bu da 2015-ci illə müqayisədə 143 milyon nəfər çoxdur.
Hesabatda həmçinin gənclərin psixi sağlamlığının "əhəmiyyətli dərəcədə pisləşməsi" aşkar edilib və iqlim böhranının onların sağlamlığı üçün "yeni təhlükələr" yaratdığı bildirilir.