Zidd fikirlər hər zaman vardır, ancaq o ziddiyyət əsnasında veriləcək dəyər bir başqadır. Bir insanın geyiminə, fikirlərinə, davranışına, çalışdığı sahəyə və s. təzadlı mövqe tuta bilərsən. Çünki, bu sənin hazırkı vəziyyətdə oturuşmuş qərarındır. Lakin, həmin qərar bir insanı pis-yaxşı deyə iki qütbə ayıracaqsa tələsmə. Çünki, "danışmayana qədər dəli də ağıllıdır" (Atalar sözü). Demək ki, "ağıllı qiyafə" alan birinin də "ağıl limiti" elə danışanadək də ola bilər. Ona görə də tələsməyək "dəyərləndirmə rakursumuzu" işə salmağa. Məsələn, (ən son halda) bir insanın geyimindəki rənglərin bir-biri ilə uzlaşmadığını de. Yaxud "bu fikrin əvvəlki fikrinə ziddir" de. Lap de ki, "bu hərəkətin yersizdir". Və ya "mən sənin ixtisasını bəyənmirəm, çünki yorucudur" falan-filan. Ancaq geyiminə görə "insanlıq şkalasını" heç bir rəqəm üzərində qərarlaşdırma. Çünki paltara bürünmüş vücud o qədər təmiz , pak ola bilər ki, utanarsan özün-özündən. Brend geyimə layiq vücudunun olmadığını dərk edərsən. Bax budur, ziddiyyət. Bu səbəbdən tələsmə. Axı geyim danışmır. Ki desin: "Sahibim vicdanlıdır, dürüstdür, şərəflidir. Baxmayın, o mənə bürünüb. Əsas olan sardığım vücudun daxilən "brend" olmasıdır. Siz onu vicdanının dili ilə qiymətləndirin. Əsil qiyafə bax oradadır, ovalşəkilli, kiçicik ət parçasının içərisində".
Buna görə də belə bir ziddiyyət yanlışlığının dərinliyinə varaq... Nimdaş geyimli birini, tutaq ki, hər tərpənişdə üzərindən toz dənəcikləri tökülən plaşı, bağları fərqli rəngin çalarlarına boyanmış ayaqqabısı, diz hissəsi sallaq qalaraq maili xəttlər yaradan şalvarı, boğaz tərəfindən kobudluğu seziləcək qədər plaşın xaricinə çıxmış jaketi, göyərçinə isti yuva ola biləcək saçı, üzündə sanki hörümçəyin 2 illik yaradıcılıq potensialı olan saqqalı və daha nələri görərkən ilkin təəssürat belə olar: "bu, səfildir". Olsun!
İndi isə, fosfor rəngi təsirini bağışlayan, sanki heç zaman qatlanmayacağını qət etdirən, göz qamaşdırıcı kostyumu, eyni parlaqlığı özündə təcəssüm etdirən, nəyinki düşməni, elə dostu da özünə baxmağa sövq edən ayaqqabısı, ətəyindən belinə kimi perpendikulyarlığını saxlayan şalvarı, aysberqin görünən qismini təzahür etdirən köynəyi, bakenbordundan tutmuş başının ən pik nöqtəsinə kimi hər bir telin harmoniyasını, derma qatının füsunkar hamarlığını və daha nələri görərkən ilk təpki belə olar: "kişi, adam kimi adamdır".
İndi ziddiyyətə baxaq...
Səfil, 50 yaşı haqladığına görə heç bir tikinti obyektinə fəhlə qismində belə işə götürülmədiyindən maşın silərək pul qazanmağı üstün tutdu; maşın qarışıq onların sahiblərini soymaqdansa...Adam kimi adam isə, 22 yaşı olan kimi şəkər diabetindən əziyyət çəkən anasını və 50 yaşını haqlayaraq xəstə arvadına dəva -dərman almaq üçün maşın silməyə belə razı olacaq atasını Bakı küçələrinin birinə ataraq qaçdı Rusiyaya...
İndi kimdir, adam kimi adam? Bəs kimdir, səfil?
Azadə Bayramova