hemle

Talış separatçıları niyə erməni kimi danışır?

Tarix:11-10-2016, 21:53
Baxış Sayı:741

Bu günlərdə Moskvada bütün rusiyayönümlü separatçıların qurultayı keçirilib. Adəti üzrə qurultayda Azərbaycan əleyhinə fəaliyyət göstərən talış separatçılarının liderləri – Rusiya talış diasporasının prezidenti İsmayıl Şabanov, “Tolişpress” informasiya agentliyinin redaktoru Kahin Mirəlizoda (Əbilov), Talış dirçəlişi uğrunda hərəkatın lideri Fəxrəddin Aboszada iştirak ediblər.

Heç kəsə sirr deyil ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət göstərir və birbaşa xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirirlər. Xüsusilə də, ermənilərlə əlbir olub İrəvandan yayımlanan “Talışıstan” televiziyasının fəaliyyətini koordinasiya edirlər.

Separatçıların qurultayında talış separatçıları adından Fəxrəddin Aboszada çıxış edib. O öz ənənəsinə sadiq olaraq Azərbaycana və Türk dünyasına böhtanlar yağdırmağa başlayıb. Nuru Paşanın ötən əsrin əvvəllərində bir neçə gün ərzində 30 min talışı qətlə yetirdiyini iddia edib. Aboszadənin bu sayaqlamasına əhəmiyyət verməmək olardı, amma onun ermənilərlə eyni mövzuda çıxış etməsi məni, bu məsələ barədə bir neçə kəlmə deməyə vadar etdi.

Birincisi, bütün dünyaya bəllidir ki, 1918-ci ilin mart hadisələrində 33 mindən artıq azərbaycanlı bolşevik-erməni birləşmələri tərəfindən qətlə yetirilib. Nuru Paşa isə bu qətliamın qarşısını alıb. Azərbaycanlıların qətliamına rəhbərlik edən Lalayan və digər erməni quldurbaşılarını məhv edib. Əgər həmin ərəfədə erməni və ya digər millətlərin nümayəndələri öldürülübsə, bunlar ancaq və ancaq əlində silah müsəlmanlara atəş açan şəxslər olub. Dinc əhaliyə isə toxunulmayıb. Ümumiyyətlə, baş verən qətliamlara rəğmən Azərbaycanda erməni xalqına düşmən mövqe sərgilənməyib. O zaman yeni yaradılmış parlamentdə erməni təmsilçilərinin yer alması da bunu sübut edir.

İkincisi, isə bunlar talış xalqına böhtan atırlar. Həmin ərəfədə ermənilər təkcə azərbaycanlıları qətlə yetirməyiblər. Onların əsas hədəfi Azərbaycanın müsəlman əhalisi idi. Onların arasında talışlar və digər etnik qruplar da var idi. Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun məqsədi isə müsəlmanları xilas etmək idi. Həmin ərəfədə də Nuru Paşa təkcə azərbaycanlıları deyil, talışları, ləzgiləri, eləcə də digər etnik müsəlmanları xilas edib.

Aboszadənin açıqlamasının digər bir diqqəti cəlb edən tərəfi isə onun ermənilərlə eyni fikirdə olmasıdır. Erməni yazar Xaçatur Dadayan da öz kitabında Nuru Paşanın guya 30 min ermənini qətlə yetirdiyini uydurub. Bu, təsadüf deyil. Bunun özü də sübut edir ki, bu insanlar Azərbaycan qarşı, ümumiyyətlə Türk dünyasına qarşı fəaliyyətlərində erməni separatçılarından maddi və mənəvi dəstək alırlar. Məqsəd isə Azərbaycana, Azərbaycanın tarixinə böhtan atmaq, erməni xislətinə uyğun olaraq tarixi faktları təhrif etməklə özlərini məzlum kimi göstərərək guya bunların hüquqlarının tapdalanmasına diqqəti cəlb etməkdir. Amma bu taktika artıq özünü doğrultmur. Ermənilərin illərdi istifadə etdiyi bu metod Azərbaycan tərəfindən tarixi faktlarla ifşa olunub. Bu da ermənilərin yeni bir oyunudur. Vaxtilə özlərinin dediklərini indi Aboszadə kimi xainlərə dedizdirirlər. Amma faydasızdır.
Ona görə faydası yoxdur ki, daha onlara heç kəs inanmır.

Onlar nə deyir? Onlar öz fəaliyyətlərində başlıca olaraq etniklərin hüquqlarını əsas tuturlar. Guya, Azərbaycanda onların hüquqları tapdanır. Amma az qala bütün dünyanı – Avropanı, Qərbi və Şərqi cənginə alan dini ayrıseçkilik, milli münaqişələr fonunda zəngin etnik tərkibə və dini müxtəlifliyə malik ölkəmizdəki sabitlik beynəlxalq ictimaiyyət tərəfindən heyranlıqla qarşılanır. Buna nümunə olaraq deyim ki, bu günlərdə Bakıda səfərdə olan Roma Papasının özü də Azərbaycandakı tolerantlığa heyran qaldığını gizlətmədi. O, Azərbaycanın doğrudan da tolerant bir ölkə olduğunu, müxtəlif dinə qulluq edən insanların sülh və mehriban şəraitdə yaşadıqlarını söylədi.

Azərbaycan müxtəlif etnik, dini qrupların ənənəvi dözümlülük, harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli, çoxdinli ölkədir.

Azərbaycanın mövcud qanunvericiliyi və qoşulduğu beynəlxalq konvensiyalar mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycanda etnik qrupların hüquqları dövlət tərəfindən hərtərəfli qorunur.

Postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında fərmanı imzalanıb. Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqları təsbit olunub. Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulur.

Bir daha Azərbaycandakı vəziyyətə nəzər salıb təhlil etsək görərik ki, ölkəmizdəki milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar. Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılıb, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur. Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik, pravoslav kilsələri, sinaqoqlar, məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır.

Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir.

Təbii ki, belə bir ideal vəziyyətdə kiminsə Azərbaycan düşmən olan şəxslərin diqtəsi ilə, onların yanından sərsəm bəyanatlar səsləndirməsinə separatizmdən başqa ad vermək olmur.

Əlikram Hümmətov, Zabil Məhərrəmov, Fəxrəddin Aboszadə, İsmayıl Şabanov kimi bütün müqəddəs dəyərlərini sadəcə pula satmış, öz millətinə, xalqına və vətəninə xəyanət etmiş insanlar daim düşmən dəyirmanına su töküb, Azərbaycana böhtan atmaqla xidmət etdikləri separatçı qrupların maraqlarına xidmət edirlər. Tarixən belələri olub, bundan sonra da olacaq. Amma Azərbaycan xalqı – bura mən talışları, ləzgiləri, udinləri, saxurları, avarları və digər etnik xalqları da daxil edirəm – uzaqgörən və ağıllı xalqdır. Onlar heç vaxt satqınlara inanmayıblar, inanan da deyillər.

Baba Tağıyev,
"İrəli Azərbaycan" İctimai Birliyinin sədri

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı