Samir Kaçayev
O, Şirvan zonasında anadan olmuşdu; Şamaxının Çuxuryurd kəndində. Özü də «Bişkek protokolu»nun gerçəkləşdirildiyi 1994-cü ilin mayında. Ancaq Azərbaycan və Ermənistan arasındakı bu atəşkəs sadəcə simvolik xarakter daşıdı. Çünki erməni xislətinə çökmüş iyrəncliyi heç bir sənədin silmək gücü olmadı. Yoxsa bu 22 il Samirləri almazdı cənginə.
O 22 il ki, həyatına bu qədər illərə sığdıra bilməyənləri qurban verməyi bacardı. O 22 il ki, neçə-neçə 21-ləri, 18-ləri, yazılması çətin olsa da, hələ ilə çatmayan körpələri belə gülləyə tuş gətirdi.
Samir də o 21-lərdən idi. Kaçayev Samir Ziyəddin oğlu.
2011-ci ildə bitirmişdi orta məktəbi. Elə həmin il də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltətaşlıq fakültəsinə daxil olmuşdu. Tələbəlik illərində bir sıra tədbirlərdə, sərgilərdə əsərləri ilə iştirak etmişdi, həm yerli, həm də xarici. Hələ 2014-cü ildə “AZNAR “ sərgisində, “Milli Dəyərlər” sərgisində iştirak eləmişdi. 2015-ci ilin noyabr ayında "Tolerant Azərbaycan Gənci" fondunun layihəsində heykəltəraşlıq üzrə II yerin qalibi də olmuşdu. 2014-2015-ci illərdə “Hamı Birlikdə” adlı sərgidə, Heydər Əliyev Fondu, Bakı 2015 İlk Avropa Oyunları, Fransa, Türkiyə, İsveçrə kimi xarici sərgilərdə də iştirakı ilə yadda qalmağı bacarmışdı.
İndi də heykəltaraşın əsərləri şəxsi kolleksiyalarda saxlanılır.
Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak oldu. O, ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınmışdı. Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid oldu.
Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı...
Dostları onu belə xatırlayır: "Çiçək torpaqda gözəldir, qoparmayın, - deyirdi. Yuvası olmayan heyvanlara hər gün yemək verirdi ki, ölməsin. Başqalarına zərər verir deyə öldürülən heyvanları qoruyurdu. Yəni düşünün ki, necə bir mələkdi, indi həqiqətən də mələk oldu".
Anası Əminə xanım isə oğlu haqqında bunları deyir:
"İndi oturub danışdığı hər sözü, hər söhbəti çözələyirik ki, bəlkə içərisindən bir məna tapaq. Oğlumun istədiyi qızı da bilmədim ki, bir ona baxım. Gedəndə arxasınca su atdım ki, balam salamat qayıtsın. İyul ayında qayıdacaqdı. Mən elə bilirdim oğlumun cəmi üç dostu var. Buraya Akademiyadan 150 nəfər gəlmişdi. Bilmirdim ki, balamı bu qədər istəyən var, qarşımda baş əydilər… Amma mən bilmirəm neyləyim, oğlum çox gözəl idi. Boyu hündür, ala gözlü, mədəni, ağıllı, sevimli idi… Mən Samirimi istəyirəm… Mən ondan doymamışam…".
Azadə Bayramova