ƏBƏDİYYƏT NƏĞMƏSİ
Qaratel Hacımahmudovanın məzarı önündə düşüncələr
"Döyüş zamanı yalnız qorxaqlar ölüm barədə düşünürlər" – bu, sənin sözlərin idi.
Əslində bu, təkcə əbədiyyət, yaşarılıq nəğməsi yox, həm də igidlik və cəsurluq haqqında nəğmədir. Amma sən bu nəğməni heç vaxt eşitməyəcəksən, Qaratel! Çünki əsl qəhrəmanlar haqqında ölməz nəğmələr, adətən, onlar əbədiyyətə qovuşandan sonra yaranır. Sən də belə qəhrəmanlardan biri idin və 80-ci illərin axırlarında Azərbaycanda başlanan milli-azadlıq hərəkatının şöləsindən sənin də ürəyində dönməzlik, qorxmazlıq, cəsarət toxumları cücərmişdi.
O vaxt yüzlərlə, minlərlə adam küçə və meydanlara axışaraq Azərbaycan adlı bu yurdu qəlblərinin odu ilə qızdırmağa, Vətən torpağının başı üstünü almış təhlükəni sovuşdurmağa çalışırdılar. O zaman sovet imperiyasının caynaqları Azərbaycan torpağının şah damarlarına keçmişdi və bu imperiya var gücü ilə yağlı tikəni əlindən buraxmaq istəmirdi. Sən də Vətənin layiqli övladları kimi, azadlıq, müstəqillik arzusu ilə alışıb yanırdın. Elə ona görə də hərəkatın qızğın çağında bir gecə yatmayıb Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağını ipək parçalardan tikib hazırladın.
Ertəsi gün doğulduğun Qazaxda mitinqə toplaşanlar bu bayrağı sənin əlində görəndə heyrətlənmiş, küçələrə axışan insan seli arasında gözə dəyən rus zabitləri isə sənin bu əməlindən hiddətlənmişdilər. Sən elə onda ilk dəfə avtomat qundağının zərbəsini daddın. Amma zərif vücudunla ağır zərbəyə tab gətirdin, qorxmadın. Öz qətiyyətin və mərdliyinlə çoxlarına nümunə göstərdin. Həmin günlərdən bir yadigar kimi o üçrəngli bayrağı qoca anana – Teyvə xalaya verib "bunu bərk-bərk saxla", – dedin.
Sonra müharibə başlandı. Qardaşın Hümbət Füzuli bölgəsinə yollandı. Sən isə əlinə silah alıb Qazaxdakı döyüşçü qardaşlarına qoşuldun. O vaxt Ermənistan tərəfdən atəşə tutulan Qazağın kəndlərində dinc əhalinin müdafiəsinə qalxdın, neçə qanlı vuruşun iştirakçısı oldun.
Sənin cəsurluğun haqqında az qala əfsanələr ağızdan-ağıza gəzməyə başladı. Qaratel adı çəkiləndə düşmən vahimələnirdi. Çünki yağı da bilirdi ki, bu döyüşçü qızın güllələrindən yayınmaq çətindir. İnsanın gözünü qan örtəndə, o qisas hissi ilə alışıb-yananda heç vaxt ölüm haqqında fikirləşmir. "Döyüş zamanı yalnız qorxaqlar ölüm barədə düşünürlər" – bu, sənin sözlərin idi.
Təkcə sözlə yox, əməlinlə, ən odlu yerlərə atılmağınla sübut edirdin ki, Vətəni yalnız sinəsində torpaq məhəbbəti ilə döyünən ürəyi olanlar qoruya bilərlər. Sən bunu öz ölümünlə də təsdiq etdin. Ölümün isə nəsillər üçün əsl mərdlik nümunəsidir. Çünki sən savaş meydanında axırıncı patronuna qədər döyüşdün, öz həyatın barədə yox, düşməni məhv etmək haqqında düşündün.
1992-ci ilin 14 iyun günündə baş verən hadisə səni tanıyanları hələ çox göynədəcək. Həmin gün Aşağı Əskipara kəndi uğrunda gedən döyüş sənin üçün düşmənlə son çarpışma oldu. Ermənilər üç tərəfdən hücuma keçmişdilər. Qüvvələr qeyri-bərabər idi. Kəndin aşağı tərəfində, demək olar ki, tək qalmış tağım komandiri ermənilərin lap yaxınlaşdığını görüb ratsiya ilə qumbaraatan istədi. Onda sən heç kimi gözləmədən səngərdən çıxdın. Qumbaraatanı götürüb əlindəki üç güllə ilə birlikdə bir göz qırpımında özünü komandirə çatdırdın.
Düşmənlə məsafə 200-300 metr olardı, mühasirə dairəsi büsbütün daralırdı. Sən həyəcandan az qala özünü itirmiş komandirə qumbaraatanı döyüşə hazırlamaqda kömək elədin. Sənə səngəri tərk edib geri qayıtmaq əmri verildi. Amma döyüşçü yoldaşını tək qoymaq sənə ağır gəlirdi.
Anlar göz qırpımında ötüb keçirdi. Əmri yerinə yetirmək üçün əvvəlki döyüş mövqeyinə qayıtmalı idin. Səngərdən çıxdın, amma heç yüz metr getməmişdin ki, düşmənlə üz-üzə gəldin. Avtomatı işə salıb şir kimi döyüşə atıldın. Bir neçə erməni faşistini yerə sərdin. Sənin "bax, belə gəbərərsiniz, alçaqlar", – deyə hayqırmağın avtomat şaqqıltısına qarışıb əks-səda verdi. Bədəninə dolan güllələrin ağrısını belə hiss etmirdin. Al-qana bələnsən də, taqətin çatdıqca əlini avtomatın tətiyindən çək¬mir¬din. Amma getdikcə işığı azalan gözlərin qaralır, heydən düşürdün. Qulaqların uğuldayır, sanki haradasa uzaq bir dünyadan, lap elə uşaqlıq çağlarından çox həzin, kövrək bir nəğmə eşidilirdi... Bu, səni ağuşuna alıb sonsuzluğa aparan və qəhrə¬manlığın qarşısında diz çökən ölümün məğlubiyyəti, həyatın əbədiyyət nəğməsi idi.
...İndi Qazaxda sənin oxuduğun məktəbin qarşısında qoyulmuş büstün önündə dayanıb tunc abidənə baxanlar sanki əzəmətli bir nəğmə dinləyirlər. Bu coşğun nəğmə qəhrəmanlıq və ölməzlik rəmzi kimi səslənərək bizi düşmən üstünə yeriməyə, intiqam almağa çalışıb