hemle

Əsgərə məktub

Tarix:17-11-2016, 13:46
Baxış Sayı:1 342

Salam, Böyük Əsgər! Hər gün Sıra Nizamnaməsinin tələbinə görə, komandirinlə, əsgər yoldaşlarınla salamlaşırsan. Bu dəfə isə, mən sənə salam verirəm, böyüklüyünü dərk edən tələbə. Məncə, artıq tanışıq, sən əsgər, mən isə tələbə. Hətta, məktubun sonunda adımı belə biləcəksən. Mənimsə sənin adını bilməmə gərək yoxdur; Məhərrəmdir, Ramizdir, Rövşəndir və ya filankəsdir deyə. Bax adını bilməyə-bilməyə hamı səni sevir. Heç kim səni görməyib, amma, hər kəs səni tanıyır. Nə böyük komandirin, nə də birbaşa komandirin belə sənin adını çəkmir. Çünki, soyadının önündəki əsgər kəlməsi hər şeyi izah edir. O əsgər ki, o, Azərbaycan Silahlı Qüvvələri Sıralarına daxil olarkən təntənəli surətdə hərbi and içir, ölkəsinin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü canını əsirgəməyəcəyinə dair. Həmin əsgər sənsən, Böyük Əsgər. Adını bilmədiyim kimi, hansı bölükdən, hansı tabordan olduğunu da bilmirəm. Heç hərbi rütbən də məlum deyil. Bəlkə baş əsgərsən, bəlkə çavuş, bəlkə də baş çavuş. Ancaq, hər bir halda əsgərsən. Böyük Əsgər!

Sənin üçün gücüm çatacaq nələrsə etmək istərdim, ancaq, tək gücüm ürəyimdəki sözlərin bir qismini qələmlə kağıza düzməyə yetdi. Mən sənə bu məktubu rahat oturacaqda əyləşib yazdığım halda, sən səngərdə sinəni torpaq parçasına dayayaraq snayperlə tarix yazırsan. Mən bu məktubu təmiz otağın havasını ciyərlərimə çəkə-çəkə yazdığım halda, sən minaların, mərmilərin baş qaldırdığı tozanağla birgə nəfəs ala-ala kalaşnikovla tarix yazırsan...Ona görə də, bu məktubu belə sənin gücünlə yazıram. Böyük Əsgər, hər gün komandirinin “Farağat, diqqət sağa, sola, mərkəzə, qalx!” əmrlərini yerinə yetirirsən. Ancaq, bu dəfə komandirinin “qalx!” əmrini elə icra etdin ki, təkcə olduğun alay deyil, bütün qərargah titrədi. 20 ildən artıq həsrəti biraz da olsa dindirə bildik. Sanki bu, illərin köksümüzdə qalaqlanmış həsrəti idi...

...Və unutma, Böyük Əsgər! Hərbi andına sadiq qalan əsgər yoldaşların canlarını Bayrağımızın qırmızı rənginə boyayaraq təkcə, Odundağ, Talış, Lələ-təpə yüksəkliklərinə deyil, həm də şəhidlik zirvəsinə yüksəldilər. Bu dəfə isə səni gözləyirik, şəhid cənazələrinə sarılmış üçrəngli bayrağı, bu dəfə başı üzərinə qaldıracaq şəkildə...

Hörmətlə: Bu gün azadə yaşadığına görə sənə minnətdar olan Azadə.

Azadə Bayramova

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı