hemle

Gənclər, sözüm sizədir - Səbinə Novruzzadə ... ATƏŞ.AZ

Tarix:16-01-2017, 13:21
Baxış Sayı:1 136

Sərhədlər təkcə ölkələri deyil, həm də insanları ayırır. Sərhədlər insanda nostalji duyğular oyadır. Axı, ayrılıq həmişə kədər, qəm-qüssə gətirir…

Amma elə sərhədlər var ki, onu keçəndə insan özünü qəriblikdə hiss etmir. Sanki Vətəndən-Vətənə adlayırsan. Hiss edirsən ki, ayağının altıbdakı torpaq doğmadır, əzizdir. Bu torpaqlarda səninlə eyni dildə danışan, səninlə eyni dinə mənsub olan, səninlə ruh qardaşı olan insanlar yaşayır. Bu torpaqlarda sənin tarixin uyuyur. Hiss edirsən ki, başının üstündə dolaşan ruhlar səni xəta-bəladan, bəd nəzərdən qoruyacaq. Qədim Borçalıda olduğu kimi…

Azərbaycanla Gürcüstanı ayıran Sınıq Körpü buraxılış məntəqəsini keçəndə, heç vaxt özümü qərib diyarda hiss etmirəm. Sərhəddin o tayında sıralanan Azərbaycan kəndləri yoluma işıq tutur, ruhumu oxşayır. Bu tayda olduğu kimi, o tayda da insan özünü Vətəndə olduğu kimi rahat hiss edir. Topa-topa buludlar, çiyin-çiyinə vermiş dağlar, zümrüd libaslı meşələr… Qıvrıla-qıvrıla axan Dəli Kür də öz yerindədir. Min il əvvəl olduğu kimi yenə öz həzin nəğməsini zümzümə edir…

Azərbaycanla Gürcüstan iki dost xalq, iki müttəfiq ölkədir. Hər iki ölkənin taleyində xeyli oxşar məqamlar var. Azərbaycanlılar kimi, dost gürcü xalqı da ilk demokratik respublikanı 99 il əvvəl yaradıb. Azərbaycan kimi Gürcüstan da şimaldan gələn təhlükəni dəf edə bilməyib. Amma əsas odur ki, bu gün Azərbaycan xalqı da, gürcü xalqı da gələcəyə inamla baxır. Biz ümidlərimizi tunelin sonundakı işığa bağlamamışıq. Biz tuneli çoxdan tərk etmişik.

Tarixin müəyyən dövründə Gürcüstan Qafqazın siyasi mərkəzi olub. Azərbaycan xalqının dünyanın mədəni xəzinəsinə bəxş etdiyi böyük şəxsiyyətlərin Gürcüstanla bağlılığı da məhz həmin dövrə təsadüf edir. Qori Müəllimlər Seminariyası Qafqaz xalqlarının, o cümlədən, Azərbaycan xalqının həyatında mühüm rol oynayıb. Tale elə gətirib ki, Gürcüstan həm də 19-cu və 20-ci əsrlərdə Azərbaycan xalqının yetişdirdiyi ən nəhəng şəxsiyyətlərdən bəzilərinin əbədiyyət ünvanı olub. Təsadüfi deyil ki, Azərbaycanın böyük ədibi, ölməz dramaturq Mirzə Fətəli Axundzadənin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, istedadlı şair, böyük fikir adamı Mirzə Şəfi Vazehin məzarları Tbilisidədir. Tbilisi Açıq Universitetinin tələbəsi olduğum üçün bu müqəddəs ziyarətgahlara tez-tez baş çəkmək imkanım var. Mübaliğəsiz deyə bilərəm ki, qonşu ölkəyə səfərim həmişə bu nəhəng şəxsiyyətlərin məzarlarını ziyarət etməklə başlayır. Həyatlarını Azərbaycan xalqının maariflənməsinə, istiqlalına, xoşbəxtliyinə həsr etmiş bu ölməz şəxsiyyətlətin qəbirləri Vətəndən uzaqda olsa da, baxımsız vəziyyətdə deyil. Ərazidə abadlıq işləri aparılıb, xüsusi səliqə-səhman yaradılıb. Azərbaycanın Gürcüstandakı səfirliyi xalqımızın taleyində müstəsna rol oynamış bu insanları heç vaxt unutmur. Bayramlarda, anım günlərində bu ölməz şəxsiyyətlərin məzarları ziyarət olunur, onların adlarını əbədiləşdirmək istiqamətində vacib tədbirlər həyata keçirilir. Bir gənc, bir tələbə kimi bu fakt məni qürurlandırır.

Sonda bir məqama da toxunmaq istəyirəm: əlbəttə, orta və yaşlı nəsli təmsil edən insanlara irad bildirmək, onlara nəsihət vermək niyyətindən uzağam. Amma öz həmyaşıdlarıma, yolları tez-tez Tbilisiyə düşən gənclərimizə demək istəyirəm ki, lütfən, ömürlərini bizim üçün fəda etmiş bu nəhəng şəxsiyyətlərin məzarlarını ziyarət edin. Buna onların yox, bizim ehtiyacımız var. Bəlkə bu yolla onların borcundan azacıq da olsa çıxmış olarıq…

Səbinə Novruzzadə

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı