Salam, İnsan! Gəl biraz danışaq. Bilirəm, bilirəm ki, sənin də ehtiyacın var buna. Onsuz 7 milyard olduğunuz halda hər birinizin qəlbində, düşüncəsində “tənhalıq” simptomu var. Və artıq bu simptom o qədər dərinləşib ki, pandemiya xarakteri almağa başlayıb.
Odur ki, dözməyib gəldim. Gəldim ki, dərinləşmiş pandemiyanın cəngindən alım səni, sahilin isti qumlarının nəvazişini duyasan deyə. Gəldim ki, yazda al-əlvan çiçəyə qonan müxtəlif rəngli kəpənəkləri, üzəri tumurcuqlarla örtülmüş budağa qonan bülbülləri və hər dəfə güzgüyə baxarkən özünü görən gözlərinin olduğunu deyim sənə. Gəldim ki, “mən tənhayam” deyərkən öz səsini səndən məhrum etməyib, sənə eşitdirən qulağının olduğunu deyim sənə. Gəldim ki, istənilən zaman heç bir vasitə olmadan Allaha dua edə bilən dilinin olduğunu deyim sənə. Gəldim, ən əsası, İnsan olduğunu deməyə. Gəldim, uzaq olan tənhalığa doğru səmt alaraq özünü suisid (intihar) halına sürüklədiyini deməyə.
Ancaq unutma, heç bir İo Kio babanın sehirli xalatı səni geri qaytara bilməyəcək gedəcəyin məkandan. Onun səni “gələcək” adlı aparacağı məkanı ölümdür… Və geridə qoyduğun göz yaşları…Ana naləsi…Ata harayı…Bacı həsrəti…Qardaş qoxusu…”Zərifələrin” və ya ” Rəşidlərin” sevgi xəyalları…
Belə bir söz var: heç nəyi bacarmayan İnsan belə nəyi isə bacarir. Bəli, bacarır. Heç nəyi bacarmadığını fikirləşdiyi halda nəyi isə bacarır İNSAN. Yetərki, öz gücünü, öz ağlını, öz iradəni heç nəyə əsir etməyəsən.
Tədqiqatlar göstərir ki, 10-25 yaşarası gənclər ruhi xəstəlik halı olan depressiyaya daha çox qapılırlar. Belə ki, əhval-ruhiyyənin enməsi, maraq, zövq, həzz hissinin itirilməsi, fəallığın azalması, yuxunun pozulması, iştahanın azalması, qeyri-adekvat günahkarlıq və s.depressiyanın ilkin əlamətləri olaraq özünü göstərir və ən pik halda suisid ilə nəticələnir. Belə vəziyyətdə sən, unudursan; hər kəsi, hər şeyi, bəzən özünü də. Unutmadığın isə səni intihara sürükləyən səbəblər olur.
O səbəblər ki, səni ondan uzaqlaşmağa qoymur və qaçılmazlığa çevrilir. Sən, o səbəbləri dəf etməli olduğun halda özünü zəiflik və iradəsizliyin ilə dəf edirsən. Ola bilər, heç nədən zövq ala bilmirsən, hər işə laqeyd yanaşırsan, ailədə maddi vəziyyətinlə bağlı problemin var, ümidsizliyə qapılmısan, konsentrasiya çətinliyin (qərar qəbul etmək çətinliyi) var. Amma heç bir halda bu sənə rəvac vermir özünü həyatdan təcrid edəsən deyə. Sən, müvəqqəti sıxıntılardan dolayı özünü ölümə məhkum edən qatil olmamalısan. Ən böyük yanlışı nə vaxt elədiyini bilirsənmi? Tək olduğunu düşünəndə. Ətrafına bax və düşün, təksənmi? Güzgüyə bax, özünü görə bilirsənmi? Eyvana çıx, havanın qoxusunu duyursanmı? Tələsmə, biraz da düşün.
Dünən dəniz kənarı ilə gəzərkən özün də bilmədən, qeyri-iradi olaraq qarşındakı-anasına sığınan, əlini onun ovcunda isidən 11 yaşlı- qıza təbəssüm ilə baxdın. O qız bilirsənmi qəlbində necə sevinc keçirtdi? Sənin qeyri-iradi, ötəri və inamsız təbəssümün sanki ona dünyaları bəxş etdi. 7 yaşında atasını itirəndən sonra ilk dəfə idi ki, üzünü heç vaxt görmədiyi insandan bir təbəssüm daxili nəvaziş, sevgi duyurdu…Və o balaca qız sonra anasına daha bərk sığınmağa, əlini onun ovcunda gizlətməyə başladı. Görürsən, Sən, ən ümidsiz, ən çarəsiz və ən zəif vəziyyətində belə qarşındakı insana həyati hisslər verməyi bacardın. Sən, İnsan, daha nələr bacarmazsan ki?!
Hər şey bir yana, sağlam insanlar depressiya vəziyyətinə düçar olan insanlara mənən dayaq olmalı, onların yalnızolma ehtimalını yanıltmalıdırlar. Tutaq ki, şizofreniya kimi irsi psixiatrik xəstəlikdən əziyyət çəkən (intihar edənlərin 10%-i şizofren xəstələr olur) xəstələrlə yaxın münasibət quraraq, onların fərqli düşüncə və danışıqlarına mehribancasına yanaşıb onların həyatdan təcrid olunma xülyalarına xətt çəkmiş olursan. Eynilə bu halı xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə mübtəla olan insanlara da aid etmək olar. Çünki, belə xəstəliklərə tutulan insanlarda intiharetmə ehtimalı normal insanlarla müqayisədə daha yüksəkdir. Sən, ruhi xəstəliyi olan insanları “Yaşıl Qoblin” dən xilas edə bilən “Hörümçək Adam” ola bilərsən. Sən, bununla tək həmin insanı deyil, onun əzizlərini də həyata qaytarmış, özünə isə axirət dünyası qazanmış ola bilərsən. Sən, mənən yüksələ və qarşındakı insanı da yüksəl də bilərsən… Sən, xəstə olacaq qədər zəif, sağlam olacaq qədər güclüsən…Və sən, mənim səndən uzaqlaşmağıma rəğmən, yenə də məni tapacaq qədər mənə aşiqsən. Çünki, sən İNSANSAN!
Hörmətlə, Tənhalıq!
Azadə Bayramova