Allah sənə rəhmət eləsin İlyas Tapdıq! Gədəbəyə sənin kimi şair gəlməyəcək. Bilirəm, bu məktubu oxumayacaqsan. Ancaq yazıram. Biz həmişə səninlə, yazdığın şeirlərinlə, ən çoxda "Gədəbəydədir" şeirinlə fəxr etmişik. Bilirdik xəstəsən, vaxt tapanda gəlib sənə dəyirdik. Bilirdik bizdən ayrılıb o dünyaya getməyinə az qalıb. Bilirdik, 1958-inci ildən üzvü olduğun Yazıçılar Birliyi sənə Xalq şairi adını verməyib. Biz də bunun səbəbini sənin sağlığında Yazıçılar Birliyindən soruşmurduq. Sonra məlum oldu ki, sənin Anarla olan şəxsi münasibətinə görə bu ada layıq görmürlər. Ancaq sənin şeirlərini sevə-sevə oxuyan uşaqlar da, böyüklər də elə bilirdilər ki, sənə Xalq şairi adını verilib... Sənin ölüm xəbərin yayıldı. Düzü biz elə bildik ki, səninlə vida mərasimi Yazıçılar Birliyində olacaq. Onu da sənə cox gördülər. Bu, təkcə sənə yox, biz Gədəbəylilərə, sənin şeirlərini sevən oxucularına da hörmətsizlik idi... Şerlərini sevənlər, ölüm xəbərini eşidib səninlə son görüşə gələnlər, səni Təzə pir meçidindən son mənzilə yola saldılar. 60 il üzvü olduğun Yazıçılar Birliyindən sənə bir gül dəstəsi də bağlatdırıb, göndərmədilər. Əgər, sənin yuxarılarda bir adamın işləsəydi, sənin ölüm xəbərini eşidən məmurlar gəlib hüzur yerində görünərdilər. Səni təm-taraqla dəfn edərdilər... Sənin məzarın üstə gələn şairlərdən təkcə bir nəfər şeir oxudu. Adam da az idi... Mənə bu çox pis təsir etdi... Harda idi sənin sağlığında sənə "İlyas qağa" deyən Gədəbəylilər?... 3 gündən sonra Rəşid müəllimə zəng etdim və soruşdum.- 1972-inci ildə Lenin Komsomolu Mükafatına layıq görülmüş, Abdulla Şaiqdən sonra uşaqların sevimlisinə çevrilən, ömrü boyu hökümətə qulluq edən bir şairi beləmi son mənzilə yola salırlar?
Rəşid müəllimlə bu və Gədəbəylilərin gələcəyi haqqında çox danışdıq...
Fikirləşirəm, 1000 nəfərdən yuxarı alimi olan bir rayonun, nə bir rayon prokuroru, nə bir rayon polis rəisi, nə də yuxarıda işləyən adamı yoxdur...
Söhbətimizin axırında Rəşid müəllim dedi:-Bu bizim üçün də gözlənilməz oldu. Bilsəydik belə edəcəklər, özümüz hər şeyi təşkil edərdik. Onu bilirəm ki, ölüdən hayıf almazlar. Ölüyə fərq qoymazlar. Ölüyə kin saxlamazlar. Biz gərək bir-birimizi sevək. Xeyrdə-şərdə bir olaq... Amma 2000-3000 min şairi olan Yazıçılar Birliyi, ağsaqqal şairini son mənzilə belə yola salmamalı idi...
Dövlət Məmmədov