Şair üçün fərqi yoxdur, alimdir, həkimdir, sadə insandır, yaxud da cəmiyyət qurucusudur, əsas odur ki, o, bütün görkəmlərdə Allahın verdiyi istedadı nümayiş etdirir, bir-birindən maraqlı şeirlər yazır...
Azərbaycanımızın tanınmış coğrafiyaşünası Nəriman Paşayev də əhatə etdiyi mövzuları içinin poetik ruhu ilə qələm alır, oxucuya sevdirir. Biz onun alimliyi ilə yanaşı, şair olduğunu, özünəməxsus şeirlər yazdığını bilirik. Bu üzdən görkəmli alimin bir neçə şeirini təqdir və təhlil etmək istəyirik.
Nəriman Paşayevin şeir yaradıcılığı mövzuca müxtəlifdir. O, nüfuz etdiyi hadisələri şeirə elə çevirir ki, istər-istəməz duyğularımız artır, düşünür və təəccüb edirik.
Nəriman Paşayevin şeirlərində “Ana” mövzusu da qabarıq şəkildədir.
Məsələn:
Sən mənim ümidim, qolum-qanadım,
Günəşli dünyamsan mehriban, ana!
Ən yüksək arzumsan, ən uca andım,
İntizar gözünə mən qurban, ana!
**
Sən mənim baharım, gülüm, çiçəyim,
İstəyim, həsrətim, şirin diləyim.
Alovlanan eşqim, vuran ürəyim,
Sənsən xəyalımda, sən hər an, ana!
**
İki bəndini misal kimi verdiyimiz “Ana” şeirində Nəriman müəllim son dərəcə kövrək, son dərəcə səmimi və qayğılıdır. Biz oxucu olaraq bu şeirdə sadalalan fikirləri qəlbimizin incə notları kimi qəbul edir, bir çox ədəbi nüansları özümüz üçün örnək götürürük.
Şair anaya məhəbəətini görün necə ifadə edir:
Ürəklə bağlanan məhəbbətimi
Hər baxan gözə yox, sənə vermişəm.
Məhəbbət addımlı sədaqətimi
Mən səndə duymuşam, səndə bilmişəm.
**
Ürəklə tutmuşam ürəyini mən
Yüz ruzigar əssə, dəyişməz ürək.
Sən mənim qəlbimdə tək görünmüsən
Gəl, birgə sevinək, birgə öyünək.
**
Sən tənha könlümün qışı, yazısan
Nahaq dəyişirsən fəsillər kimi.
Sən dağlar çiçəyim, elə arzumsan
Xatırlaram səni xoş günlər kimi.
**
Bu səmimiyyətin içində biz bir insan qəlbinin inandırıcı həyat odunu və hərarətini aydın görürük. Bu da bizi tamam başqa əhvalda düşünməyə məcbur edir...
Nəriman Paşayevin sevgi şeirləri də son dərəcə səmimi və kövrək notlar üzərində qurulub:
**
Dedin, yuxularımın röyası özün idin,
Gündə bir məhəbbətə qanad açma, a gülüm.
Dedin növbə sənindir, bəlkə indi sevindin,
Düz sözdən, düz ilqardan, gəl sən qaçma, a gülüm.
**
...Gözümdən qopan gülüş yanağına düzülüb.
Baxışların içində qəlbim yanıb, nazilib.
Sən hamıdan gözəlsən, taleyin özü gülüb
Sən bahar qönçəsisən, məndən qaçma, a gülüm.
**
Bu şeirin ovqatında dərin həyat hisləri var. Şeiri oxuduqca min cür xəyal qurur, gizli-pünhan hislərimizi deməyə adam axtarırıq.
Nəriman Paşayevin şeirləri nə qədər sadə olsa da, bir o qədər fəlsəfidir. Məsələn:
**
Axtar harda olsan baxışlarımı,
Mən sənə verirəm qəlbimi borc tək.
Duysan ürəkdəki arzularımı,
Deməzdin köksümdə daşlaşıb ürək.
**
Dəniz tək coşqun ol, təlatümlü ol,
Mən sənin qoynunda ləpəyə dönüm.
Sən mənim ömrümə günəş tək doğul,
Mən sənin dilində nəğməyə dönüm.
**
Bu şeirdə “Mən sənə verirəm qəlbimi borc tək” fikri kəskin poetik təsiri ilə diqqət çəkir. Fikir görün necə fəlsəfi anlam kəsb edir. Qəlbin borc kimi verilməsi dəqiq ibarədir və şair bu fikirlə oxucusunda həyata bir bağlılıq yaratmaq istəyi ifadə edir...
Nəriman müəllimin məhəbbət şeirlərində bir acı, bir niskil də müşahidə edirik.
Məsələn:
Məhəbbətin özüntək acı xatirələrmiş,
Bilmirəm necə olub, qəlbimdə isinmisən?!
Səni unutmaq mənə belə asan deyilmiş...
Xəyala dönə-dönə əriyən buz kimisən.
Gəl daha unut məni!
**
Səndə olan ürəyim bəlkə də, səndə qala,
Ancaq bəxtim, taleyim qayıtmaz bir də dala.
Daha gözləmə məni, baxma mən gələn yola,
Sən ki, xələl gətirdin əhdimə, ilqarıma,
Gəl daha unut məni!
**
Bu və digər sevgi şeirlərindəki ədəbi mahiyyəti şair həyat eşqi ilə süsləyib. Oxucu bu şeirlərdə həm dalğınıdr, həm də oyaq. Müəllif bəlkə də bilərəkdən oxucusunu bu hala salır ki, əsl sevginin nə olduğu anlaşılsın...
Aşağıdakı şeirdə də müəllif eyni ovqata əsas verib:
Sən bahar çiçəyisən
Bir gülümsə, gülümsə.
Dodaqların piyalə
Həsrətəm sənə, lalə.
Kaş yaxamda bitəsən
Bir gülümsə, gülümsə.
**
Eşqin müjdədir mənə
Sağlam ürəyim kimi.
Zülfün çələngdir yenə
Dağlar-çiçəyim kimi,
Arzum, diləyim kimi-
Bir gülümsə, gülümsə.
***
Nə yaxşı ki, sən gəldin
İlk baharla, qaranquşla-
Evimiz isindi, şənləndi.
Nə yaxşı ki, sən gəldin
Arzularım qanadlandı.
Ümidlərim dilləndi.
Nə yaxşı, daha bir evdə,
Bir ürəkdə, bir amaldayıq.
**
Bu şeirlərdə də müəllifin həyat eşqi əsl həqiqətlər kimi diqqət çəkir. Fikirlər dolu olduğu üçün hansını təqdir etməkdə heç bir çətinlik olmur. Əsas odur ki, Nəriman müəllim şeiri sevginin, sevgini də şeirin motivi sanır...
Nəriman müəllimin dağa-dərəyə, bir sözlə, təbiətə həsr etdiyi şeirlər də maraqlı quruluşdadır:
Qulaq as, a dostum, söyləyim sənə,
Böyüdüb qoynunda bu dağlar məni!
Nə qədər yazsam da doludur sinəm,
Yazmasam qınayar bulaqlar məni!
**
Ətəyində barlı meyvə bağları,
Üstündə qıy vurar hey qartalları,
Ceyranı, cüyürü, dağ maralları,
Səsləyər meşədə budaqlar məni!
**
Şairin “Ata” şeirində də həyata aid çox şeylər bərqərardır:
**
Gizli səadətimin ümidi, pənahısan
Mənim xoşbəxtliyimin dayağısan, ay Ata!
İsti ocağımızın böyük qibləgahösan,
Dağlar kimi möhtəşəm, vüqarlısan, ay Ata!
**
Gözlərimdə ki, sevinc Sənin arzularındı,
Qəlbimdəki hərarət Sənlə artıb, uzandı.
Halal zəhmət əzəldən əməyindi, varındı-
Qələbəmin davamlı bayrağısan, ay Ata!
**
Valideynə hörmət övladlıq borcudur. Şair bu borcu bir daha dəqiq anladır ki,nəsillər ata qarşısında məsuliyyət hiss etdinlər...
Nəriman müəllimin vətənpərvərlik mövzusunda yazdığı şeirlər də maraqlı
təfərrüatlar verir:
Qarabağ qurtardı dərddən-ələmdən,
Hər pislik-vəbadan, separatizmdən.
Başına od ələdiniz düşmənin,
Qorxmadınız çətinlikdən, ölümdən-
Ay cəngavər şəhid oğlanlarımız!
**
Siz vətən uğrunda şəhid oldunuz,
Anaların başına bulud endi-
Başımızı yerdən göyə qaldırdız,
Bu dərdi, ağrını heç unudammadıq-
Ay cəngavər şəhid oğlanlarımız!
**
Əlbəttə, vətəni sevmək üçün yaşa ehtiyac yoxdur. İnsan on beş yaşında da, səksən yaşında da vətəni eyni əhvalla sevməlidir. Yuxarıdakı iki bənddə şair məhz bunuəks etdirir...
Biz Nəriman Paşayevin şair ruhunda həqiqətin özünü, həyatın inandırıcı əksini görür və təqdir edirik. İnanırıq ki, oxucu onun şeirlərində özünə lazım olanları tam mənada görə və götürə bilir...
Nəriman müəllimə can sağlığı, yeni ədəbi uğurlar arzu edirik.
Məhərrəm Bağırov,
təqaüddə olan müəllim, şair-publisist