hemle

75 il canında qəlpə “bəsləmiş” insan

Tarix:Bu gün, 11:11
Baxış Sayı:479



O, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır, yeni nəslin sülh və əmin-amanlıq şəraitində sağlam həyat yaşamağını arzulayırdı…

O, təkcə valideynlərinin yox, həm də bir elin duası ilə doğulub. Uşaq yaşlarında sürgündən son anda baş verən faciəli hadisə nəticəsində qurtula bilib. 15 yaşında ikən ailələrinin çətinliyi onun zəif çiyni üzərinə düşüb. Müharibədə az qala özü ağırlığında olan top mərmiləri daşıyıb. Son döyüşdə bədəninə çoxsaylı qəlpə dolub, onların bəzilərini 75 il canında “bəsləyib”. Amma büdrəməyib, yıxılmayıb, daim ayaqda qalıb.

İmişlidə yaşamış müharibə və əmək veteranı Fəzail Əhmədovla 2016-cı ildə görüşüb söhbətləşmişdik. O, ömrünün 92-ci baharına sağlam ürək, iti hafizə, tükənməyən həyat eşqi və danışdıqca qurtarmayan acılı-şirinli xatirələrlə gəlib çıxmışdı. 2 il sonra- 2018-ci ildə vəfat etdi. Faşizm üzərində qələbə günü ərəfəsində o nurlu insanı xatırladım və 7 il əvvəlki söhbəti yazıya köçürdüm.



81 yaşı kişinin əkiz uşağı doğulub. 1923-cü ildə Qaradonlu kəndində keçirilən Məhərrəmlik mərasiminə Lənkəranın axundu gəlibmiş. O, kəndin nüfuzlu sakini Kərbəlayı Heydərin evində yerləşir. Yaxından tanış olanda öyrənir ki, ev sahibinin indiyədək 18 uşağı olsa da, onların hamısı boya-başa çatmamış ölüblər. Heydər kişi dul qalan bacılarından birinin üç uşağını övladlağa götürübmüş. 80 yaşı olmasına baxmayaraq Kərbəlayı hələ də övlad arzusunda idi. Çox zəhmətkeş, vicdanlı, səxavətli və imanlı olan Heydər kişi qonağa xoş təsir bağışlayır. Məclislərin birində axund xitab edir:



“Camaat, mən alqış edəcəm, siz də əlinizi yuxarı qaldırıb ucadan “amin” deyin. Allah gələn il Kərbəlayı Heydərə bir cüt sağlam uşaq versin!”
Növbəti il Kərbəlayı Heydərin əkiz oğlu doğulur. Onlar əzab-əziyyət, məhrumiyyət, həyəcan dolu bir ömür yolu keçirlər, bir neçə dəfə həyatlarını itirmək təhlükəsi ilə üzləşir və hər dəfə möcüzə nəticəsində sağ qalırlar. Çoxları bunu elin duası ilə doğulmaqları ilə əlaələndirirdi.
O uşaqlardan biri qəhrəmanımız Fəzail Əhmədov idi.
“Atam ölümü ilə bizi sürgündən qurtardı”

Vaxtında sənədləşmə işi aparılmadığından, o illərdə doğulan uşaqların yaşını sonrakı vaxtlarda böyüklərin xatırlamaları və ya təxmini qoyublar. İlləri mühüm hadisələrlə, ayları isə yemişin gülləməyi, taxılın biçilməyi, pambığın birinci dərimi kimi mövsümi işlərlə yada salıblar. Fəzail kişi də doğum tarixinin təxmini müəyyən edildiyini deyirdi:

“İl dəqiqdir. Rayona güclü qar yağdığından 1924-cü il uzun müddət “qalın qar ili” kimi xatırlanıb. Amma qardaşımın doğum tarixi 1923-cü il qeyd edilib. Halbuki o, məndən cəmi 5 dəqiqə əvvəl doğulmuşdu. Sənədindəki bu yanlışlığa görə onu cəbhəyə məndən 7 ay əvvəl yolladılar.”
Mal-mülkü olduğundan Şura hökuməti Kərbəlayı Heydərə “qolçomaq” damğası vurub. Kollektivləşmə dövündə dəyirmanını əlindən alıb, özünü də 2 il həbsdə saxlayıblar. Azad ediləndən sonra o, kolxoza üzv olur.

Amma bundan sonra da ailəni rahat buraxmırlar: O vaxt bəzi qohumları artıq repressiyaya məruz qalmışdı. 1939-cu ildə Qazaxstana sürgün olunmaqları barədə qərar verilir. Xəbəri eşidən kimi 96 yaşlı Kərbəlayı Heydərin elə süfrə başındaca ürəyi sıxılır. Uşaqlardan birinə tapşırır ki, Həsən kişini çağır, gəlib “Quran” oxusun. Molla gəlir, başının üstündə dayanıb “Yasin” surəsini tamamlayınca kişi canını tapşırır.

Fəzail kişi deyirdi ki, əslində atası öz ölümü ilə onları sonrakı məşəqqətli günlərdən qoruyurb- bu hadisədən sonra ailələri sürgün edilmir. Amma qəhrəmanımız 15 yaşında ikən məktəbdən çıxıb koxozda işləmək məcburiyyətində qalır.

Cəbhədən cəbhəyə

“Kolxoz təzə qurulan vaxtlarda texnika biz tərəfə gəlib çıxmamışdı. Bütün işlər əl əməyi ilə görüldüyündən isti aylarda gecə-gündüz sahələrdə olurduq. Bir dəfə o qədər bərk yorulmşdum ki, kəlin boynuna boyunduruğu salmağa gücüm çatmadı. Kimsə kolxoz sədrinə çuğullamışdı ki, özümü ağır işə vermirəm. Sədr gəlib məni itələdi, belim zərblə arabaya dəydiyindən quluncum batdı. Düz dörd ay yataqda qaldım. Elə yorğan-döşəyin içindən çıxarıb məni əsgərliyə apardılar”

Hərbi forma geyinən kimi bədənindəki ağrı-acılar çıxır. Onu artelleriya bölüyünə qəbul edirlər. Bu dəfə yükü daha ağır idi- 45 kiloqram olan top mərmilərini atəş nöqtəsinə daşımalı olurdu.



Mozdok ətrafındakı yaşayış məntəqələri azad olunandan sonra, o, Krım cəbhəsinə göndərilir: “İtkilər hədsiz çox idi. Krım ətrafındakı meşələrdən nə qədər meyit çıxarırdıq, qurtarmaq bilmirdi.”
8 saat mərmi yağışı altında…
1943-cü ildən başlayaraq cəbhədə dönüş yaranmağa başlayır - mühasirələr yarılır, faşistlər nəzarət etdiyi ərazilərdən çıxarılırdı. Amma hər döyüş can almaqda davam edirdi. Qəfil başlanan döyüşlərin birində gənc Fəzail də yaralanır: “Telefon xətti çəkib qayıdırdıq. Birdən atmağa başladılar. Taxıl zəmisindən keçib səngərə girəndə yanıma mərmi düşdü. Qolum qatlandı. Ayağa durmaq istəyəndə yıxıldım. Baxdım ki, sol ayağımın dabanı önə burulub. Dirsəyimi yerə dirəyib sürünə-sürünə topun altına girdim və düz 8 saat üzüqoylu qaldım. Tək məndən ötrü həmin yerə 12 “snaryad” atdılar. Onların hər birindən ayrılan qəlpə mənə dəydi, amma ölümcül yaralamadı...”
Atışma dayanandan sonra döyüş meydanındakı yaralılar və meyitlər çıxarılır. Fəzaili və milliyətcə özbək olan başqa bir yaralı əsgəri 60 kilometr uzaqda olan səhra hospitalına aparırlar. “O qədər yaralı vardı ki, 6 gün bizə heç baxan da olmadı. Sonra yaramızı təmizləyib sarıdılar və Krasnodara yola saldılar. Düz bir həftə də buradakı xəstəxananın dəhlizində döşəmə üzərində qalıb əməliyyat növbəmizi gözlədik.”
Həkim onu müayinə edib qəlpələrin çoxluğuna görə budunun kəsilməli olduğunu bildirir.
“Yalvarıb onu fikrindən daşındırdım. Yaralı ayağımı gibsə saldı, buradan Soçiyə göndərildim. İndiyədək o qəlpələr bədənimdədir. Amma elə zədəli ayaqla 50 il işləmişəm. Özü də deyim ki, ağır işlərdə də çalışmışam.”
Yası saxlanılan qardaşı evlərinə qayıdıb
Cəbhədə olan qardaşından bir müddət xəbər çıxmır. Evlərinə “qara kağız” gəlir. Onunla bir yerdə son döyüşdə olmuş əsgər yoldaşı Fəzailə deyir ki, Əliheydər döyüşdən çıxmadı, ya ölüb, ya da əsir düşüb. Hətta əmiləri kənddə hüzür məclisi də təşkil edirlər. Amma müharibə bitəndən az sonra Əliheydər əsirlikdən qayıdır:
“O gələndə anam artıq vəfat etmişdi. Mən də nişanlanmışdım, toya hazırlaşırdıq. Dedim, dəqiqələr hesabı olsa da, məndən böyüksən, gəl mənim toyumu saxlayıb əvvəl səni evləndirək. Razı olmadı. İllər sonra o da ailə qurdu. Əsir düşərgəsində çəkdiyi məşəqqətlərə baxmayaraq 40 ildən şox yaşadı.”
“Nəvə-nəticələrimi saymaqdan ötrü gərək komissiya yaradıla…”
Müharibə veteranının həm də zəngin əmək bioqrafiyası olub. Cəbhədən qayıdandan sonra bir müddət kolxozun dəyirmanınını işlədib. Bir neçə ildən sonra Qaradonlu kəndindən rayon mərkəzinə köçüb. Mərkəzi Xəstəxanada, müxtəlif xidmət və tikinti təşkilatlarında çalışıb. Lokomativ Deposundan təqaüdə çıxıb.



Əmək fəaliyyəti ilə bağlı da təltifləri az deyil.



Fəzail kişinin 6 övladı olub: 2 oğlu, 4 qızı. Övladlarından üçü vəfat edib. Nəvə və nəticələrinin sayını heç özü də dəqiq bilmirdi. Zarafatla demişdi ki, bundan ötrü komissiya yaradılmalıdır: “Törəmələrim az qala hər kənddə var. Hamısından razıyam, tez-tez gəlib məni yoluxurlar. Vaxtı, macalı olmayanlar isə mayın 9-da gəlirlər. Bu yaxında bir nəvəmin əkiz övladı olub.”



90 yaşınadək əl ağacı ilə piyada sərbəst gəzirmiş. Ömrünün son illərində hərəkəti məhdudlaşmışdı, açıq havada olmaq üçün yalnız həyətə düşürdü. Söhbətimiz 2016-cı ilin Aprel döyüşəri yenicə başa çatan vaxta təsadüf edirdi. Cəbhədəki hadisələrdn evdə də rahat ola bilmirdi. Artilleriyada xidmət etdiyindən uzaqvuran topların və digər mərmiuçuran silahların necə dağıdıcı olduğunu yaxşı bilirdi. O, həmin vaxt işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inanır, heç olmasa nəvə və nəticələrinin sülh və əmin-amanlıq şəraitində sağlam həyat yaşamağını arzulayırdı. Ruhun şad olsun, gözəl kişi!


Azər Əli

Digər xəbərlər
11:11 75 il canında qəlpə “bəsləmiş” insan
10:49 "Avroviziya 2025"in Azərbaycandan olan şərhçiləri məlum oldular
10:46 Bir ildə on minlərlə körpəni öldürdü: Görünməz təhlükə
10:39 Bu 6 tətbiq kartınızdakı pulları çəkir - Dərhal silin! - XƏBƏRDARLIQ
10:17 Hər səhər bu üç qidadan yesəniz heç vaxt xərçəng olmayacaqsınız - Məşhur onkoloq açıqladı
10:12 "70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu
09:54 Putin müharibəni buna görə dayandırmır: Onlar qayıdacaq, Rusiyada xaos yaşanacaq...
09:50 Leyla və Arzu Əliyevaların təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında turnir keçirilib