Son 40 il Azərbaycanda ən isti dövr hesab olunur.
ONN media bildirir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, bütün ölkə ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə (0,9) yaxındır. Bu artmalar ərazi boyunca bərabər (0,2 -dən 1,50С-yə) paylanmayıb. Buna səbəb isə Azərbaycanın dağlıq ölkəsi olması, nisbətən kiçik ərazidə oroqrafiyanın -28,0-dan 4466 metrə qədər dəyişməsi, ölkə ərazisində müxtəlif iqlim zonalarının olmasıdır.
Direktor əlavə edib ki, bütün muşahidə dövründə temperatur ən çox Kür-Araz düzənliyində (0,4-0,9 dərəcə С), Qazax-Gəncə zonasında (0,6-1,1 dərəcə С), Böyük Qafqazın cənub yamacında (0,5-0,8 dərəcə С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 dərəcə С) və şimal (0,4-0,6 dərəcə С) yamaclarında müşahidə olunub.
R.Məmmədov Azərbaycanda maksimal temperaturun Culfada (+46 C), minimal temparaturun dağlıq ərazilərdə (-40 dərəcə С) olduğunu söyləyib.
Akademikin sözlərinə görə, ilin ən soyuq aylarında Naxçıvan MR-ı istisna olmaqla digər ərazilərdə temperaturun yüksəlməsi qeydə alınır. Bununla yanaşı, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi azalıb.
R.Məmmədov qeyd edib ki, iqlimşünasların fikrinə görə, dövlətlər tədbir görməsə, 2100-cü ilə planetin temperaturu 3.7-4,8 dərəcə C qalxa bilər. Hava 2 dərəcə C qızdıqda ətraf mühit üçün dönməz proseslər başlayır. Bunun nəticəsində iqlim zolaqları sürüşəcək, havanın dəyişməsi daha kəskin olacaq, quraqlıq və daşqın kimi anomal hadisələrin gücü və tezliyi artacaq. Temperatur və rütubət artdığından bəzi ölkələrin ərazisi yaşamaq üçün əlverişli olmayacaq:
“Bir qrup ABŞ alimlərinin tədqiqatına görə, risk qrupuna Qətər, Səudiyyə Ərəbistanı, Bahreyn, Birləşmiş Ərəb Əmirliyi və Yaxın Şərqin digər dövlətləri daxildir. İstixana qazının müasir sürətlə atmosferə atılması davam etsə, havanın temperaturu Fars körfəzi ölkələrində 74-76 dərəcə C ola bilər”.
Akademik əlavə edib ki, bəzi nəticələr görə, yaz və payız fəsilləri anlayışı tədricən öz mahiyyətini itirəcək. Rus alimlərinin gəldiyi nəticəyə görə, artıq ölkənin orta zolağında qış dövrü qısalıb:
“İqlimin ümumiyyətlə istiləşmədiyini təkid edənlər də var. Bəzilərinin fikirincə isə istiləşmə var, ancaq bu atmosferdə karbon qazının miqdarının artması ilə əlaqədar deyil, bu, təbii prosesdir, biz sadəcə olaraq buzlaqlar arası dövrdə yaşayırıq. Əldə olunan məlumatlara görə, son 450 min ildə istiləşmə və soyuqlaşma epoxaları qanunauyğun şəkildə bir-birini əvəz edib. Bizim yaşadığımız dövrdə təzəcə başlamış sikldə (geoloqlar onu holosen adlandırır) daxil olmaqla, bu dövrdə 6 iqlim sikli baş verib”.(trend)
ONN İnformasiya Agentliyi