Mənim Müzəffər Ordum 44 gündə əzmini-əzəmətini, gücünü-qüvvəsini bütün cahana bəyan etdi. Ali Baş Komandan İlham
Əliyevin dəmir yumruğu altında birləşən
ordumuz həmçinin dünyaya sübut etdi ki,
döyüş meydanında zəfəri təkcə toplarla,
tanklarla deyil, ağılla, zəkayla və ən önəmlisi insan ağlının ən son kəşfi olan PUA-larla
qazanmaq olur. 44 gün tariximizin ən məsuliyyətli, şərəfli günləri, ordumuzun bəzən
inanılmaz olan döyüşlərinin tarixi şahidləridir. Rəzil düşmənin 30 ilə yaxın bir tarixdə külli miqdarda vəsait
xərcləyərək qurduğu istehkamlar bu möcüzəli 44 günə darmadağın
edildi. Azərbaycan xalqı əsl qələbənin, zəfərin sevincini yaşadı.
Qələbə sevincimizdə həsrət payı olan qəhrəmanlarımızdan biri də
Nurməmmədov Əli Məmmədrəhim oğludur.
Nurməmmədov Əli Məmmədrəhim oğlu 1964-cü il fevral ayının
7-də Güllük kəndində anadan olub. 1979-cu ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax Texniki Peşə Məktəbində
traktorçu peşəsinə yiyələnir. Bir müddət kolxozda işləyəndən sonra
Əli sovet ordusuna hərbi xidmətə gedir. Hərbi xidmətdən qayıdandan sonra yenidən doğma kəndində Füzuli adına kolxozda çalışır.
1993-cü ilin sentyabrında Əli Milli Ordu sıralarına çağrılır. Bu çağırış onun ürəyindən xəbər verir. Nankor qonşularımızın Qarabağda
törətdikləri təxribatlar Əlini də hər bir Azərbaycan gənci kimi narahat edirdi. Əli ilk döyüşə Füzuli rayonunun Aşağı Veysəlli kəndi
yaxınlığında girir. Hər döyüşü düşmənə bir yeni zərbə olur. Döyüşlərin birində Əli namərd düşmənin gülləsinə tuş gəlir.
Vətənin Şəhid oğlunu Güllük kəndində torpağa əmanət ediblər.
Şəhidlərin yeri cənnətdir
Səhər Manafova