www.Fedai.az
Ədalət Bədirov Bədirsoylularda köhnə nəslin axırınci nümayəndəsi, belə demək mümkünsə, paytaxt Bakıda öz imic və yüksək karyerası ilə sonuncu magikanımız idi.
Bu gün gecə saaatlarında sağalmaz xəstəlikdən qurtula bilməyib Haqq dərgahına qovuşdu. Yardımlıda böyük Sultanəlilərdə mənsub olduğum bütün Bədirsoylulara əmim Ədalət Bədirovun vəfatı münasibətilə dərin kədərlə başsağlığı verirəm! Allah yerin cənnət etsin!
Dünyanın əksər inkişaf etmiş ölkələrini gəzib, qənaəti bu olmuşdu ki, planetin ən gözəl yeri, həm də xalqı Azərbaycanda, həm də bu Vətənin bir parçası Yardımlıda- deyib daim fəxr edər, bir ayağı da daim canı qədər istədiyi Yardımlıda idi. Uşaqlıq illərindən qanına hopmuş Yardımlı təbiətinin hədsiz vurğunu idi. Elə bu yazın əvvəlində gəlmişdi ki, bu doymadığı Yardımlı təbiəti ilə, həm də qohum-əqrabası ilə vidalaşmağa, çünki sağalmaz xərçəngın əlindən onsuz da qurtula bilmədiyini bilirdi. Ana təbiətə baxdıqca köksünü ötürür və bu füsunkar Yardımlı tablosunu qoyub getdiyi üçün gözlərinə dolan ağır kədər bizləri də doluxsundururdu. Bir tərəfədən də cəmi beş ay əvvəl Haqq dərgahına qovuşan sevimli həyat yoldaşı Lalə xanımın vaxtsız vəfatı onu tənha qoymuş və xəstəliyini sürətləndirmişdi. Hər yay fəslində onunla bu qoca dağlarımıza piyada gəzməyə qalxanda uşaqlıq illərinin həzin xatirələri ilə yoldaşlıq edər və bu yurdun qədrini bilməyi, meşələrin qorunmağı üçün hər kəs öz töhvəsini vermək üçün məsləhətlərini verərdi.
Paytaxt Bakıda hələ gənclik illərindən yüksək karyera sahibi idi. Bu karyeranı yalnız və yalnız öz zəhmət və bacarığı ilə əldə etmişdi.
Ədalət Seyidəli oğlu Bədirov 1952-ci ildə Yardımlı kəndində kolxozçu ailəsində anadan olub.1959-1969-cu illərdə M.F.Axundov adına Yardımlı tam orta məktəbdə orta təhsil alıb. Sonradan Bakı şəhərində Azərbaycan Politexnik inistitutunu bitirib. Almaniya Demokratik Dövlətində Sovet Ordusunda xidmət edərək zabit rütbəsi ilə geri qayıdıb. Keçən əsrin 70-ci illərindən başlayaraq əvvəlcə Bakıda o vaxtlar S.M. Kirov adına Maşınqayırma zavodunda mühəndis, sex rəisi işləyib. Zavodda tezliklə öz bilik və bacarığı ilə məşhur olub, zavodun ictimai və social layihələrində tez-tez xaricə gedən nümayəndə heyyətinin təkibində olub. Ona görə də sonradan Azərbaycan SSR Ədliyyə nazirliyində mühüm vəzifəyə işləməyə təklif alıb. Burada da vəzifə pillələrini sürətlə, çox cavan yaşında qalxıb. Məhkəmə qərarlarının icrası strukturunda şöbə rəisinədək yüksəlib. Sonradan Azərbaycan Respublikası Pentensiar xidməti rəisinin müavini vəzifəsinədək irəli çəkilib. Baş ədliyyə müşaviri olub. 30 ilə yaxın bu vəzifədə ləyaqətlə çalışıb.
Çoxlu medal və fəxri-fərmanlarla təltif olunub. Çalışıb haqqın yanında olsun, çünki Ədələt Bədirov o zaman ucqar Yardımlıda dindar ailədə böyümüşdü, özü də hələ gənclik illərindən vəzifə icrasına baxmayaraq daim ibadət əhli olub.
Atası Seyidəli Abdulla oğlu Yardımlıda hamının yüksıək iman və təqvası ilə tanıdığı möhkəm əqidəli dindar və uzun illər Yardımlı məscidinin xuddamı işləyib. Elə ona görə Ədalət Bədirov da müqəddəs yerlərdə ziyarətədə, Məşhəddə və o cümlədən Məkkədə Həcc ziyarətində olub. Hələ Sovet dönəmindən yüksək savadına görə daim mütaliəni sevib. Xüsusən, klassikanı əla mənimsəyib. Dini risalələri, Quranın təfsirini mükəmməl öyrənmiş ziyalılarımızdan idi.
Bir neçə ildən bəri təqaüddə olsa da ekspert kimi daim Ədliyyə nazirliyinin təklifi ilə xarici səfərlərdə olur, habelə bu strukturda problemlərin həll olunmasına kömək edirdi.Nazirlik yanında xüsusi hörmət və ehtirama malikdi. Uzun illər işlədiyi dövrdə ona pənah gətirənlərə imkanı qədər kömək və məsləhət edər və əlalxüsusən, kasib təbəqəndən olan yurddaşlarına arxaydı. Xaraktercə işində çox məsuliyyətli, verdiyi sözün sahibi, hər cür riya və xudpəsəndliyə, yataqlığa nifrət edən adam idi.
Bizləri də belə olmağa həmişə nəsihət edərdi.
Allah rəhmət eləsin!
Əli Mirzəli oğlu
Başsağlığı
AVMVİB Rəhbərliyi və AVMVİB Nəsimi rayon şöbəsi Rəhbərliyi Birliyin üzvü Ədalət Seyidəli oğlu Bədirovun vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə mərhumun yaxınlarına başsağlığı verirlər.
AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov bildirdi ki, şöbə üzvü kimi Ədalət Seyidəli oğlu Bədirov Birliyin Xatirə medalı ilə təltif edilmişdi.
Allah rəhmət eləsin!