BİRİ DƏRBƏND, BİRİ BAKI
İki gözəl şəhərim var,
Biri Dərbənd, biri Bakı.
İki candan əziz diyar,
Biri Dərbənd, biri Bakı.
Başqadı ətri gülün də,
Süsənin də, sümbülün də.
Doğma xəzər sahilin də,
Biri Dərbənd, biri Bakı.
Bir dənizdə gəmidilər,
Telli sazım simidilər.
Doğma qardaş kimidilər,
Biri Dərbənd, biri Bakı.
Ulu soyumdan yadigar,
Biri qürur, biri vüqar.
Zeynəbin iki qəlbi var,
Biri Dərbənd, biri Bakı.
DƏMİRQAPI DƏRBƏNDİM
Sən mənim qürur yerim, mənim ümid yerimsən,
Sözümə qanad verən, ruhum, ilham pərimsən.
Misra misra yazılan dasdanımsan, şeirimsən,
Sənə arxalanıbdır hər cığırım, hər bəndim,
Dəmirqapı Dərbəndim.
Sən Qafqazın baştacı, əlçatmaz zirvəsisən,
Koroğlunun, Şamilin yurd, torpağ həvəsisən.
Min əsirdən boylanan Qorqudumun səsisən,
Boynumda boyunbağım, qolumda bazubəndim,
Dəmirqapı Dərbəndim.
O yan bu yan hasarlı, şah yurdu, xan elisən,
Dağıstanın, milyonu əvəz edən ləlisən.
Hər millətin Allaha, uzanacağ əlisən,
Sənə səcdə eyləyir hər şəhərim, hər kəndim,
Dəmirqapı Dərbəndim.
Sən dahilər diyarı, bir müqəddəs şəhərsən,
Sabaha doğru inam, açılan nur səhərsən.
Zeynəbin məğrur adı, millətimçün hönərsən,
Nə yaxşı bu dünyaya, sənin qoynunda əndim,
Dəmirqapı Dərbəndim.
Dağıstan Azərbaycan
Yaşıllığ çöl çəmənim,
Göz bəbəyimdir mənim.
İki doəma vətənim,
Dağıstan Azərbaycan.
Tarixi, dastanı bir,
Böyük bir əfsanədir.
Mənimçün bərabərdir,
Dağıstan Azərbaycan.
Havası dərmanımdır,
Damarımda qanımdır.
Ürəyimdir canımdır,
Dağıstan Azərbaycan.
Eynidir qış baharı,
Qaynayır bulaqları.
Soyumun yadigarı,
Dağıstan Azərbaycan.
Keçmişdən şanlı izi,
Coşur qardaş dənizi.
Samur ayırdı sizi,
Dağıstan Azərbaycan.
Bir yurdsuz doğma əziz,
Havası suyu təmiz.
Zeynəbin fəxrisiniz,
Dağıstan Azərbaycan.
ULU DƏRBƏND
Hündür geniş hasarları,
Dosta açıq qapıları.
Dədəm Qorqud yadigarı,
Ulu Dərbənd, ulu Dərbənd.
Səsin düşübdür hər yana,
Burda xəstə gəlir cana.
Bir bəzəkdir Dağıstana,
Ulu Dərbənd, ulu Dərbənd.
Küçələri eniş, dönüş,
Özü bir muzeyə dönmüş.
Ulu babalardan gəlmiş,
Ulu Dərbənd, ulu Dərbənd.
Qalan tacdır başımızda,
Həzin keçir qışımızda.
Ucalmısan qarşımızda,
Ulu Dərbənd, ulu Dərbənd.
Hər tarixdən silinməz iz,
Suyun şirin, havan təmiz.
Bizim üçün doğma, əziz,
Ulu Dərbənd, ulu Dərbənd.
Göy xəzəri aşar, coşar,
Tarixi özündə yaşar.
Zeynəb sənə nəğmə qoşar,
Ulu Dərbənd, ulu Dərbənd.