Azərbaycan, ulu yurd, yaşıdı qoca zaman!
Ey üçrəngli bayrağım, hey yüksəkdə dalğalan!
Nə xoşbəxtdir çiynində ulduzları daşıyan!
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Amalı torpağına, doğma Vətənə xidmət,
Kamalı dərin ümman, rövnəqidir ləyaqət,
Nizamla-intizamla edər əmrə riayət.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Ruhən güclü, ağıllı, savaşa hazır hər an,
Əyilməzdir, mətindir, eləməz fərq vaxt, məkan,
Uca tutar bayrağı, hərəsi bir qəhrəman.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Qorxu, kədər, qəm-qüssə yoxdur təbiətində,
Bərabəri tapılmaz anda sədaqətində,
Ləşgərlərin gücü var qolunun qüvvətində.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Düşmənin qarşısını keçilməz sədtək kəsər,
Satqını xəcil edər, namərdi mumtək əzər,
Dövranın çək-çeviri eləməz ona əsər.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Yağıları mat qoyar misilsiz rəşadəti,
Zirehləri əridər qəlbinin hərarəti,
Xainləri sarsıdar mərdliyi, mətanəti.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Bəzən gözə görünməz, düşmənləri azdırar,
Zalımların qəbrini özlərinə qazdırar,
Məğlubiyyət sözünü işğalçıya yazdırar.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Məmləkətin dayağı, xalqının vuran qolu,
Qəlbi Vətən eşqiylə, yurda sevgiylə dolu,
Nəsillərə örnəkdir keçdiyi xidmət yolu.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Dayana bilməz kimsə cəsarəti önündə,
Sayıqdır gecə-gündüz, sərvaxtdır öz yerində,
Atılar irəliyə elin sınaq günündə.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
“Koroğlu” havasıyla “Cəngi” dodaqlarında,
“Heyratı” ilə coşar qanı damarlarında,
Yorulmaq nədir bilməz o, xidmət yollarında.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Doğma yurdum, alınmaz qala bilirik səni!
Şəri yerə vurmağa cəm et igid ərəni!
Qoy eşitsin el-aləm hayqırtını, nərəni!
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Ana Torpaq, adına layiq min-min oğul var!
İgidlərlə bir səfdə cəsur, aslan xanımlar.
Döyüşlərdə seçilməz nə cavan, nə ixtiyar.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Hazırdır millətinin haqq, zəfər yürüşünə,
Müqəddəs yol uğrunda ədalət döyüşünə,
Qələbə çox yaraşır şax, məğrur yerişinə.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Müşkülün tapılmazsa sülhlə çözümü, həlli,
Ali Baş Komandanın əmri ilə: “İrəli!”
Daşacaq, kükrəyəcək sanki coşqun dağ seli.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Xocavəndlə Əsgəran, Ağdam, Xocalı eli,
Zəngilanla Qubadlı, Cəbrayılla Füzuli,
Kəlbəcərlə Laçına mütləq çatacaq əli.
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Usanmaz yazan əllər, qılınc vuran o qollar!
Şuşaya, Xankəndinə aparır bütün yollar!
Gün gələr, bu həsrətə son nöqtəni o, qoyar!
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
Çağırınca Vətəni sarılar o, yarağa!
Geriyə yol tanımır, addım atar qabağa!
Ay-ulduzlu bayrağı sancacaq Qarabağa!
Yenilməzlik rəmzimiz – Azərbaycan zabiti
Əziz bilir canından el-obanı, milləti.
2016-CI İL