hemle

“Əməliyyat müvəkkili. Gizli saxlanc yeri”

Tarix:11-04-2020, 19:50
Baxış Sayı:1 256

Yazıçı Azər Hacıbəylinin həmmüəllifi olduğu “Əməliyyat müvəkkili. Gizli saxlanc yeri” sənədli povesti XX əsrin 60-cı illərində o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin İkinci şöbəsinin rəisi Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş, həmin şöbənin əməkdaşı Şamil Süleymanovun bilavasitə icraçısı olduğu bir əks-kəşfiyyat əməliyyatı haqqındadlr. Əsərdə qeyri-leqal yolla ölkəni tərk etməyi planlaşdırması ilə bağlı, eləcə də gizli saxlanc yerinin sahibi qismində dövlət təhlükəsizliyi orqanlarının diqqət mərkəzinə düşmüş şəxsin ətrafında keçirilmiş tədbirlərin detalları və DTK tərəfindən onun barəsində atılmış humanist və ədalətli addımdan söhbət açılır. Burada bir hissə təqdim olunur. “Əməliyyat müvəkkili” silsiləsinə aid əsərlərdən biri olan “Gizli saxlanc yeri” geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur (İlk nəşri 2018-ci ildə olmuşdur). Yaxın vaxtlarda kitab evlərindən və elektron məkandan onu tam əldə edib oxuya biləcəksiniz.

… Hər bir şeyin ilki, əzəli şirin olur. Burada oxuculara Şamil Süleymanovun xidməti fəaliyyətinin əvvəllərində özünün başladığı və sona çatdırdığı bir təhqiqat işi, daha doğrusu onun ilk təhqiqat işi haqqında danışacağıq. Hadisələr Şamil Süleymanovun İkinci şöbənin 5-ci bölməsində əməliyyat işçisi kimi fəaliyyətə başlamasının üçüncü ayında baş vermişdi.
İş gününün başlanğıcı idi. Şamil Süleymanov yenicə kabinetə daxil olmuşdu. Hələ heç seyfi açmağa da macal tapmamışdı. Dünən evə getməzdən əvvəl bu gün üçün onun tərəfindən iş planı tərtib edilmişdi. Qəflətən telefon zəng çaldı. O, ehtimal etdi ki, bölmə rəisidir. Lakin təəccüblü o idi ki, telefon xəttində Şamil Süleymanovun bu yaxınlarda məxfi əməkdaşlığa cəlb etdiyi agent “Patriot” idi. O, təcili görüşmək istəyirdi. Mənbə gənc idi, Qaradağ rayonunun mərkəzində yaşayırdı, ixtisasca neftçi idi, Razin (indiki Bakıxanov) qəsəbəsindəki Neft texnikumunu bitirmişdi. “Qaradağneft” NQÇİ-də neft hasilatı üzrə briqadanın usta köməkçisi vəzifəsində çalışırdı. Enerjili adam idi, azərbaycanlıydı, xarakter baxımından – ciddi idi, azərbaycan və rus diillərini gözəl bilirdi. İşlədiyi kollektivdə neftçilərin arasında və yaşadığı qəsəbədə sakinlərın yanında hörmətə və etimada malikdi. İctimai işlə məşğul olurdu. Komsomolun rayon komitəsinin büro üzvü idi. Sevimli xobbisi – balıq ovu idi. Yekun cəlbetmə söhbəti zamanı bütün zəruri əməliyyat məsələləri üzrə təlimatlandırılmışdı. Onun imkanlarından istifadə olunmaqla həll ediləcək əməliyyat məsələlərinin mahiyyətini düzgün mənimsəmişdi. DTK-ya təqdim etdiyi öhdəlik qəbzində orqanlara könüllü köməklik göstərməyə hazır olduğu bəyan etmişdi. Əməliyyat işçi ilə belə erkən görüşmək istəyi Şamil Süleymanovu çox qayğılandırdı. Müxtəlif yozumlu fikirlər yaranırdı. Cürbəcür ehtimallar. Ancaq görüşə getmək lazım idi. Bu barədə o, Yusif Həsənova məruzə etdi. O da dərhal şöbə rəisi Heydər Əliyevə zəng etdi. Heydər Əliyev bölmə rəisi və əməliyyat işçisini öz yanına dəvət etdi. Şamil Süleymanov görüşə çağırılmasının nə ilə bağlı olduğuna dair heç nə deyə bilmədi. Heydər Əliyev agentin şəxsiyyəti ilə maraqlandı və sual verdi:
– Bəlkə ciddi bir şey yoxdur?
Şamil Süleymanov bu ehtimalı istisna etdi. O halda Heydər Əliyev dəstəyi götürdü, nömrəni yığdı və dedi:
– Təcili əməliyyat maşınını çıxış qapısına.
Şamil Süleymanov yola düşdü. Şərtləşdirilmiş yerdə agent gözləyirdi. Maşını bir qədər kənarda saxlatdırıb Şamil Süleymanov agentin gözləməli olduğu həmin yerə yaxınlaşdı. Onu həyəcanlı görəndə başa düşdü ki, nə isə ciddi bir şey baş vermişdir. Agent dərhal işin mahiyyəti üzrə danışmağa başladı. Aydın oldu ki, sübh tezdən, bazar günü ilə əlaqədar balıq tutmağa getmişdi. Qayalıqda, bir qədər yüksəklikdə, gəmilər üçün “Mayak”ın olduğu ərazidə tilov yemi üçün kiçik xərçəngləri tutmağa başlamışdı. Bu yemə şahmayı və xulbalıq (balıqçılar bunlara rusca olduğu kimi “bıçok”, cəm halda “bıçki” deyirdilər) adlanan balıq növləri tez gəlirdilər. Xırda xərçəngləri o, qayaların aralıqlarında axtarırdı, əlini boşluqlara soxurdu. Birdən qayanın əl çətin girən hissəsində barmaqlarına hansısa əşya dəydi. O, əlini çəkdi, bu boşluğa baxdı və nə isə qeyri-müəyyən bir predmet müşahidə etdi, bu suda parıldayan qara polietilen kisə idi. Bu onu təəccübləndirdi, eyni zamanda maraqlandırdı. Əlini dərinliyə soxdu, polietileni tutdu və kənara çıxartdı. Əslində bu kisə idi və onun ağzı balıqçı ipi ilə möhkəm-möhkəm sarınmışdı. İpi kəsdi, kisəni açdı, orada geyim gördü. Kisədən çıxartdı və başa düşdü ki, bu qəvvas geyimidir (skafandrdır). Bir az qorxdu, amma tez özünü topladı və qərara aldı ki, Şamil Süleymanovla əlaqə saxlasın və ona məlumat çatdırsın. Dərhal kostyumu kisəyə qoydu, ağzını iplə bağladı, əvvəlki yerinə yerləşdirdi. Telefon avtomatına çatdı və əməliyyat müvəkkilinə zəng etdi.
Agentin məlumatından narahatlıq keçirərək Şamil Süleymanov onunla birlikdə gizli saxlanc yerinə tərəf keçdilər. Oraya çatdıqda bir qədər aşağı oturdular, agent dərinlikdəki əşyanı göstərdi. Şamil Süleymanov qara kisəni gördü, lakin çıxartmağa icazə vermədi. Agentə tapşırıq verildi ki, balıq tutan insan kimi özünü göstərərək həmin ərazidə məşğul olsun və buraya yaxınlaşmaq istəyənlərə maneçilik törətsin. Şamil Süleymanov agenti əmin etdi ki, tezliklə onun yanına qayıdacaqdır. Avtomaşına çataraq tez bir zamanda dənizin kənarında yerləşən Primorsk (indiki Sahil) qəsəbəsinə gələn Şamil Süleymanov oradakı milis (polis) bölməsinin yerini bilirdi. Dərhal əvvəlcədən tanıdığı rəisin yanına girdi. O, Şamil Süleymanovu “Qaradağneft” NQÇİ-nin əməliyyat təminatını həyata keçirən əməkdaş kimi tanıyırdı. Ondan xahiş olundu ki, əməliyyat işçisinin telefondan istifadəsi üçün imkan yaratsın. Bununla yanaşı, otaqda tək qalmaq istədiyini bildirdi və üzr istədi. Bu onun xətrinə dəymədi, çünki həmkar kimi hər şeyi düzgün başa düşürdü, ona görə otaqdan çıxdı və ardınca qapını bağladı. Şamil Süleymanov Heydər Əliyevin nömrəsini yığdı, situasiyanı ona məruzə etdi, qərar verilməsini xahiş etdi, əməliyyat müvəkkili tərəfindən agentin gizli saxlanc yerinin yanında növbə çəkmək üçün qoyulduğunu bildirdi. Şöbə rəisi 10 dəqiqədən sonra ona təkrar zəng etmək barədə göstəriş verdi.
Məsələ onda idi ki, həmin dövrdə SSRİ DTK-da MKİ-nin dəniz kanalından istifadə olunmaqla öz agenturasını SSRİ ərazisinə atmasına dair məlumatlar mövcud idi. Bunun üçün amerikalılar sualtı malyutka-qayıqlardan (kiçik qabaritli) istifadə edirdilər. Bunların vasitəsilə onların hazırladığı qeyri-leqal agent düz sahilə çıxarılırdı, bununla da SSRİ ərazisinə keçmiş olurdu. Bu informasiyanın yoxlanılması üçün DTK özünün bütün hərbçi-qəvvaslarını işə cəlb etmişdi və onlar isə sahilə yaxın ərazilərdə, dənizin dibində həqiqətən naməlum qəvvaslara məxsus izlər aşkarlayırdılar. İzlər sahilə çıxıldığını göstərirdi. Çoxsaylı izlər mümkün qeyri-leqalın axtarışı üzrə əməliyyat tədbirlərinin keçirilməsi zərurətini yaradırdı. Ancaq müsbət nəticələr yox idi.

***

Bu da qəribə və xoş bir təsadüf. Ehtimalları təqdisləyən fakt. On dəqiqə keçdikdən sonra Şamil Süleymanov Heydər Əliyevə təkrar zəng vurdu. O, gizli saxlanc yerinin dəqiq məkanını aydınlaşdırdı. Şamil Süleymanov bildirdi ki, oriyentir kimi seçilmiş mayakın düz yanında. Heydər Əliyev göstəriş verdi ki, dövlət əhəmiyyətli məsələ olması ilə əlaqədar əməliyyat qrupu oraya gələnə qədər heç kəsə bir kəlmə də söz deyilməsin. Bundan əlavə agentə məlumata və qəbul etdiyi düzgün qərara görə təşəkkür edilsin. Hərəkətləri təqdir edilərək agent evə göndərilsin, Şamil Süleymanov isə gizli saxlanc yerinin yaxınlığında olsun. Əməliyyat qrupu gəlib çatdıqdan sonra rəhbərə gizli saxlanc yerini göstərsin, ardınca işə qayıtsın. İş yerində olsun və zəng gözləsin.
Heç iyirmi dəqiqə keçmədi ki, dar torpaq yolla bir-birinin ardınca “Mayak”ın yanına qəhvəyi rəngli “Pobeda” markalı üç avtomaşın gəldi. Bütün maşınlardan ümumi sayı 10 nəfərə yaxın adam düşdü. Onlar müxtəlif strukturların mütəxəssisləri idilər: 2-ci şöbənin, istintaqın, əməliyyat-texniki şöbənin və hətta “R” (radio əks-kəşfiyyat) xidmətinin əməkdaşları. Şamil Süleymanova onlardan biri yaxınlaşdı – əməliyyat qrupunun rəhbəri olan 2-ci şöbənin rəis müavini. Onlar birlikdə qayalarla gizli saxlanc yerinə doğru addımladılar, elə görüntü yaratdılar ki, guya “Mayak”a baxış keçirirlər, qalan şəxslər maşınların yanında gözləyirdilər. Onlar hər biri konspirasiya qaydaları barəsində təlimatlandırılmışdılar. Boşluq yolverilməz idi.
Ehtiyatlılıq tədbirləri ona görə həyata keçirilirdi ki, sahildəki qapalı nöqtədən gizli saxlanc yerinin sahibi, istifadəçisi müşahidə apara bilərdi, təsadüfən yaxınlıqda balıq tuta bilərdi. Təhlükəsizlik tədbirləri həm də ona görə lazım idi ki, əməliyyat qrupunun hərəkətlərini həmin ərazidə balıq tutanlar qarşısında pərdələmək mümkün olsun. Təcili toplanmış əməliyyat qrupu DTK-nın binasından çıxmazdan öncə Heydər Əliyevin kabinetində müşavirədə olmuşdu. Dəqiq təlimatlandırma. Qrupun “Mayak”ın yanında olması onun özünün profilaktiki təmiri ilə pərdələnmişdi. Bu tam uyğun əfsanə idi. Bütün qrup onun ətrafında dolaşırdı və görüntü yaranırdı ki, guya dəqiqliklə “Mayak”a baxış keçirirlər. Rəhbərlə görüşdükdən sonra o, Komitəyə getdi. Orada qalmış qrup gizli saxlanc yerinin müşahidəyə gö-türülməsinin əməliyyat təminatı və sahibinin müəyyənləşdirilməsi üzrə tədbirlərin təşkilinin variantları üzərində fikir mübadiləsi aparırdı. Qayıtması barədə Şamil Süleymanov bölmə rəisi Yusif Həsənova məruzə etdi, o da öz növbəsində Heydər Əliyevə. Onlar yubanmadan şöbə rəisinin yanına çağırıldılar. Gizli saxlanc yeri haqqında ətraflı soruşduqdan sonra Heydər Əliyev agentin şəxsiyyəti ilə bir daha maraqlandı. Şamil Süleymanov əlaqəsindəki agenti olduğu kimi, yalnız müsbət cəhətdən xarakterizə etdi. Onun vicdanlı olması və Vətənə sədaqətinə şübhə yox idi. Şamil Süleymanov gizli saxlanc yerinin agentə məxsusluğu, onun tərəfindən hər hansı provokasiya ehtimalını istisna etdiyini söylədi.
– Bu halda, – Heydər Əliyev bəyan etdi, – Həsənovla birlikdə kabinetə qayıdın və qəvvas kostyumunun sahibinin axtarışı üzrə agentura-əməliyyat tədbirləri planı hazırlayın. Plan ən xırda əməliyyat tədbirlərinə qədər düşünülmüş olmalıdır. Planın birinci bəndi – müvafiq əməliyyat-qeydiyyat işinin açılmasına dair qərar. Sizin hazırladığınız plan qaralama nüsxə olacaqdır, digər strukturlardan olan qrup üzvləri bəndlər əlavə edəcəklər. Bundan başqa əlavələr mənim tərəfimdən də olunacaqdır.
İş gününün sonuna plan hazır idi. Saat 19.00 radələrində Heydər Əliyev Şamil Süleymanov ilə Yusif Həsənovu öz yanına çağırdı. Onun kabinetinə daxil olanda oradakı əməkdaşların sayı təəccübləndirdi. Şamil Süleymanov və Yusif Həsənov pristav masasının arxasında əyləşdilər. Bu yer onlar üçün xüsusi ayrılmışdı. Müşavirə başlandı. Onu Heydər Əliyev aparırdı. Dəvət olunmuşları saymaqla iclas başladı: Birinci, ƏTŞ (əməliyyat-texniki şöbə), məxfi müşahidə, istintaq şöbələrinin, “R”, “YT” (yüksək tezliklər) və “ƏR” (əməliyyat rabitəsi) rabitə xidmətlərinin, bütün rayon aparatlarının Bakıya çağırılmış rəisləri, sərhəd dairəsinin rəisi, TŞ-nin (təsərrüfat şöbəsi), 4-cü ordu və hərbi-dəniz qüvvələrinin xüsusi şöbəsinin rəisləri. Heydər Əliyev rəhbər heyətə SSRİ-yə atılmış xarici kəşfiyyatın mümkün agentinə mənsub qəvvas kostyumunun gizlədildiyi gizli saxlanc yerinin tapılmasına dair məlumat verdi.
“Bu saatdan etibarən, – o, məlumat verdi, – mənim yaratdığım əməliyyat qərargahı fəaliyyət göstərməyə başlayır. Qərargaha daxil olan şəxsləri sadalayıram. Qəvvas kostyumunun sahibinin axtarışı üzrə agentura-əməliyyat tədbirləri planı artıq hazırdır. Bu planda hər bir əməliyyat istiqamətinə aidiyyəti olan bəndlər mövcuddur. Bu andan etibarən həmin bəndlər yubanmadan icra edilməlidir, vaxt itkisi əməliyyatın uğursuzluğuna gətirib çıxara bilər, buna isə yol verməyə ixtiyarımız yoxdur. Qeyd edim ki, gizli saxlanc yeri işi bilən adam tərəfindən seçilmişdir. O, etibarlıdır və uzun müddətlidir. Bu göstərir ki, onun sahibi ciddi ob-yektdir və zaman baxımından tələsmir. Ona görə biz həddən artıq diqqətli və ehtiyatlı olmalıyıq. Onun müəyyənləşdirilməsinə, ifşa edilməsinə, ardınca isə saxlanmasına yönəlmiş hər bir addım dərindən hesablanmalı, əsaslandırılmalı, məntiqli, səhih olmalı, zərgər dəqiqliyi ilə icra edilməlidir. Bu göstərişləri yaddaşınıza qeyd edin və işə başlayın. Lakin bu kabineti tərk etməzdən öncə, buyurun, planla tanış olun, əməliyyat istiqamətlərinizə aidiyyəti bəndləri özünüz üçün köçürün, sabah səhərdən icrasına başlayın. Əsas vəzifə – agenturanı və etibarlı şəxsləri qeyri-leqalın, DTK tərəfindən axtarılan şəxsin axtarışına yönəltməkdir. Xəbərdarlıq edirəm, bu kateqoriyadan olan köməkçilərə heç bir təqdirdə gizli saxlanc yerinin aşkarlandığına dair məlumat verməyin. Hər gün saat 18.00-a qədər hamı “ƏR” rabitəsi vasitəsilə bu istiqamətdə alınmış məlumatları çatdırsın”.
Böyük məsuliyyət 7-ci şöbənin (məxfi müşahidə) rəisinin üzərinə düşürdü. Bu xidmət gizli saxlanc yerinin özünü və ətraf əraziləri fasiləsiz, göz qırpmadan müşahidəyə götürmüşdü. Mürəkkəblik onda idi ki, müşahidə gizli, qapalı və məxfi aparılmalı idi və bunun üçün isə uyğun imkanlar, şərait yox idi. Əməkdaşlar heç hara-da gizlənə bilmirdilər. Gizli saxlanc yerinin ətraf əraziləri – açıqlıq, səhralıq idi. Bircə qurğu “Mayak”ın özü idi, o da yaşayış üçün deyildi. Bundan başqa “Mayak”ın daxilıində post qoymağa yer yox idi. Şaquli pilləkənlə dar bir boşluq. Orada yalnız bir kəşfiyyatçı yerləşdirmək olardı. Birinci gecə qayalıqda dənizin kənarında ocaq qaladılar, ət və ov quşu bişirdilər, çaydanda su qaynatdılar. Dənizin kənarında gecəni keçirmək istəyənlərin hərəkətlərini imitasiya etdilər. Səhərisi gün üçün isə daimi post qoymaq barədə düşünmək və təşkil etmək lazım idi. Başlanmış iş üçün faydalı olsun deyə, post diqqəti cəlb etməyən, görünməyən, hətta təsadüfən bu rayona düşənlər və adi insan kimi maraq göstərənlər üçün də cazibəsiz olmalı idi.
Heydər Əliyev müşavirədən sonra 7-ci şöbənin və TŞ-nin rəislərini öz yanında saxlatdı. Söhbət gizli saxlanc yerinə müşahidənin təşkil edilməsi üzrə konkret tədbirlərə həsr edilmişdi. Müxtəlif variantlar üzərində iş aparılırdı. Amma onlar tənqidə davamlı deyildi. Baş sındırmaq lazım idi. Ancaq yekun qərar qəbul edilməsi üçün isə müzakirələrə heç olmasa üç gün vaxt lazım idi. Bütün fikirlər ona gətirib çıxarırdı ki, “Mayak”ın yanında hər hansı müvəqqəti tikilinin peyda olması əməliyyat tədbirlərinin açıqlanmasına səbəb ola bilərdi. Xüsusilə o halda ki, kostyumun sahibinin rəqib xüsusi xidmət orqanı tərəfindən yaxşı təlimatlandırılmış qeyri-leqal olması mümkün idi. Müvəqqəti addım kimi “Mayak”ın özünün profilaktiki təmirini imitasiya etmək qərara alındı. Bu məqsədlə TŞ-yə tapşırıq verildi ki, səhər iş gününün başlanğıcında avtomaşına 2-3 m2 taxta materialı yükləsin və “Mayak”ın yanına göndərsin. Fəhlələr boşaldacaqlar, ətrafında isə gizli saxlanc yerini müşahidə altında saxlayan 7-ci şöbənin əməkdaşları gəzişəcəklər. Bununla paralel 2-ci şöbənin rəhbərliyi Kasparın – Xəzər Dəniz Gəmiçiliyinin (Kaspar – danışıqda rusca deyildiyi kimi, qısa şəkildə belə adlandırılırdı) rəisinə baş çəkəcək, ona izah ediləcəkdir ki, əməliyyat zərurətilə əlaqədar “Mayak” 2-3 gün ərzində taxtaya bürünəcəkdir, sonra isə rənglənəcəkdir. Bununla yanaşı, Naviqasiya xidmətinin rəisindən mayakın giriş qapısınını açarı götürüləcəkdir, ona izah ediləcəkdir ki, bu içəriyə mövcud inventarın yığılması ilə əlaqədardır. Heydər Əliyev həmin məsələni öz müavini, Kasparın sabiq əməkdaşı Arseni Aleksandroviç Qordeyevə həvalə etdi. Sonuncu səhər Kasparın rəisi Muxinə baş çəkməli və bütün məsələləri xırdalıqlarına qədər razılaşdırmalı idi.
Gözətçi əməliyyat qrupları təşkil olundu. Onlara həvalə olunan vəzifə ictimai və şəxsi nəqliyyat vasitələri ilə Bakıya daxil olan və çıxan şəxslərin müntəzəm olaraq yoxlanılması, şəxsiyyətlərini təsdiq edən sənədlərinin araşdırılması idi. Əlavə hərəsində beş nəfər olmaqla iki qrup göndərildi – biri Qaradağ rayon mərkəzinə, ikincisi – sahilyanı Primorsk qəsəbəsinə. Bu qruplar təcili şəkildə MİK-ya (mənzil-istismar kontoruna) baş çəkməli və müvəqqəti kirayə mənzillərində yaşayan, qeydiyyatı olmayan bütün tənha sakinləri – vətəndaşları müəyyənləşdirməli idilər. Bu kateqoriyadan olanların siyahısını tutmaq, sonra ünvanlara gedərək bu şəxslərlə görüşüb, söhbət aparıb prosesdə DTK-nı maraqlandıran məsələyə aydınlıq gətirmək lazım idi. Həmin qrupun üzvlərinə sorğu olunanlara verilməsi üçün suallar toplusu hazırlanıb təqdim edilirdi.
Yusif Həsənov Mərkəzə hadisənin mahiyyətinə dair şifroteleqram yazdı. Moskvaya İkinci Baş İdarənin rəhbərliyinə ünvanlanmış şifroteleqramı Azərbaycan DTK-nın sədri general-mayor Aleksandr Vasilyeviç Kardışev imzaladı.
Hələ ki, bütün bunlar həyata keçirilirdi, gizli saxlanc yerinin yanındakı qrupun rəhbəri ona verilmiş göstərişə uyğun olaraq qara rəngli polietilen bağlamanı götürdü və DTK-nın binasına gətirdi, onu şöbə rəisinin otağına apardı. Bağlamaya xüsusi olaraq dəvət edilmiş əməliyyat-texniki şöbənin əməkdaşları tərəfindən baxıldı, onun hər bir tərəfdən fotoşəklini çəkdilər, bağlanmış düyünü yadda saxladılar. Kisəyə və düyünə zərər yetirmədən onu açdılar. Yavaş-yavaş skafandrı çıxartdılar. Skafandrın kisəyə yerləşdiyi vəziyyəti də fiksə etdilər. Skafandr yeni, yığcam və keyfiyyətli idi. İçərisinə baxış zamanı yarlık aşkarlandı, burada göstərilirdi ki, ölçüsü – 48, boyu – II, rəngi – qara, istehsalçı zavod – Murmansk şəhəri, ölkə – SSRİ. Bütün bu məlumatlar göstərirdi ki, skafandr – sovet malıdır. Amma buna inanmaq istəmirdilər, çünki bilirdilər ki, xarici xüsusi xidmət orqanları həddən artıq hesablıdırlar, digər tərəfdən isə onlar öz qeyri-leqalına Amerika malı olan skafandr geyindirməyəcəkdilər ki, uğursuzluq halında əşyayi-dəlil kimi onların adamının ifşasında DTK-nın işini asanlaşdırsın. Skafandrla bütün zəruri və mümkün prosedurları icra etdilər, olduğu ilkin vəziyyəti saxlayaraq əvvəlki yerinə qaytardılar. Əməliyyat qrupunun rəhbəri skafandrı kisədə gizli saxlanc yerinə qoyarkən də onun əvvəlki vəziyyətini nəzərə aldı.
Səhərisi gün Moskvadan qeyri-leqalların axtarışı sahəsi üzrə mütəxəssis gəldi, bütün varlığı ilə axtarış əməliyyatına qoşuldu… (A

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ