hemle

Detektiv

Tarix:11-04-2020, 17:50
Baxış Sayı:803

Detektiv

Yazıçı Azər Hacıbəylinin həmmüəllifi olduğu “Əməliyyat müvəkkili” silsiləsinə aid əsərlərdən olan bu, V kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulur, ilk dəfə 2018-ci ildə çap olunmuşdur (Yaxın vaxtlarda kitab evlərindən və elektron məkandan bu kitabın nüsxələrini əldə etmək mümkün olacaq, burada bəzi hissələr ixtisarla təqdim edilir). “Əməliyyat müvəkkili. Yoxlama” sənədli povesti XX əsrin 70-cı illərində o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı podpolkovnik Şamil Süleymanovun bilavasitə icraçısı olduğu bir əməliyyat haqqındadlr. Əsərdə DTK-nın fəaliyyət istiqamətlərinə aid bir təhqiqat işi obyekti üzrə şübhəli məqamların yoxlanılması üçün Şamil Süleymanov tərəfindən ölkə xaricində peşəkarlıqla keçirilmiş tədbir işıqlandırılmışdır.

... Yenə də telefon zəngi. Səhər saatlarıdır. Bu dəfə zəng edən generaldır.
Azərbaycan DTK-nın sədri Vitali Sergeyeviç Krasilnikovdan zəng gəldi. Şamil Süleymanov dəstəyi qaldırdı, müvafiq qaydada məruzə etdi: “Salam, yoldaş general, Sizi eşidirəm”. Cavab şox qısa oldu: “Gəl yanıma!”...
...Məlumatı olmayan oxucular üçün qeyd edək ki (Şamil Süleymanovun fikirləri), Vitali Sergeyeviç Krasilnikov DTK-ya uzun müddət rəhbərlik etmiş sədrlərdən biridir. 1969-cu ilin avqust ayında DTK sədri general-mayor Heydər Əliyev partiya işinə keçdi – Azərbaycan KP MK-nın birinci katibi oldu. Onun müavini Vitali Krasilnikov Heydər Əliyevin xələfi oldu. Vitali Krasilnikovun bu vəzifəyə təyinatının təşəbbüsçüsü Heydər Əliyev idi. Moskva məmnuniyyətlə çekistin namizədliyini dəstəklədi.
İl yarım keçdikdən sonra əməliyyat nöqteyi-nəzərindən Vitali Krasilnikov olduqca çox yaxşı inkişaf etmişdi. Qurumun tam qiymətli rəhbəri dərəcəsinə çatmışdı. Çekist məsələlərinin həllində o, çətinlik çəkməmişdir. Ondan da əlavə, o, hər bir rəhbərin məruzəsinə diqqətlə qulaq asaraq həyata keçirilən əməliyyatın mahiyyəti üzrə zəruri düzəlişlər edib, ciddi, düşüncəli, hərtərəfli, təfərrüatı ilə məsləhətlərini verirdi. Müəyyən vaxt keçəndən sonra o, özünü daha inamla, qüsursuzluğuna əmin tərzdə – “avtoritet” (“nüfuz sahibi” – müəlliflər) kimi aparırdı. Bu xüsusiyyətlərinin yaranmasına və inkişaf etməsinə təkcə onun şəxsi istəkləri deyil, əsasən Heydər Əliyevin dəstəyi kömək olmuşdu. Azərbaycan KP MK-nın büro üzvü olaraq, Vitali Krasilnikov həmçinin özünü orada tam nüfuzlu şəxs qismində hiss edirdi.
O dövrdə partiya komitəsi katibinin müavini olaraq Şamil Süleymanov tez-tez DTK sədri ilə təmasda olurdu. Onun partiya komitəsinin fəaliyyətində olan aktiv iştirakı qeyri-şərtsiz olaraq qəbul edilirdi və bu, Azərbaycan SSR DTK-nın mötəbər həyat fəaliyyətinə böyük kömək idi.
Vitali Krasilnikovun işlədiyi dövrdə Komitədə rus təbəqəsinin işi yaxşı gedirdi. O, “öz” millətinə daha üstün və xeyirxah münasibətini heç vaxt gizlətmirdi. Onu DTK sədri kreslosunda Ziya Yusifzadə əvəz etdi. Vitali Krasilnikovun Azərbaycanın çekist kollektivi və respublika ilə vidalaşması prosesi də çox mehriban olmuşdur.
Partiya təşkilatının katibinin müavini seçidikdə Şamil Süleymanovun DTK-da mövqeyi nəzərə çarpacaq dərəcədə möhkəmlənməyə başlamışdı. Bu təşəbbüs Şamil Süleymanovun sələfi Əli Zamin oğlu Hacıyevin idi. O, öz yerinə Şamil Süleymanovu təklif etdi və öz sözündə möhkəm durdu. Şamil Süleymanov ilk partiya təşkilatının katibinin müavini olaraq ümumi partiya komitəsinin tərkibinə daxil oldu. Partiya komitəsinin katibinin (bu müstəqil vəzifə idi) seçkilərinə dair partiya konfransından sonra idi. Vitali Krasilnikovun təklifi ilə onun keçmiş katibi çox savadlı, saf adam Kamil Hüseyn oğlu Tarverdiyev yenidən partkomun katibi seçilmişdi. Ancaq müavin də seçilməli idi. Bu vəzifə azad deyil, ictimai vəzifə idi. Bax, məhz burada qalmaqal baş verdi. Hər kəs öz adamını keçirmək istəyirdi. Bunu görən Vitali Krasilnikov hamı üçün gözlənilmədən Şamil Süleymanovun namizədliyini irəli sürdü. Hamı sakitləşdi, çünki heç kim öz etirazını bildirə bilmirdi. Şamil Süleymanov partiya komitəsinin katibinin müavini seçilmişdi.
Şamil Süleymanovun ictimai işi öz qaydası ilə gedirdi. Partiya komitəsinin iclaslarını çox vaxt o, aparırdı. Müxtəlif suallarla müraciət edən şəxsi heyət sonsuz axınla Şamil Süleymanovun yanına gəlirdi. Şamil Süleymanov onlara əlindən gələni edirdi. Bu işdə komitə sədrləri Vitali Krasilnikov, sonra isə Ziya Yusifzadə ona hərtərəfli köməklik göstərirdilər...

***

...General özü söhbətə belə başladı: “Mən sizə ciddi bir iş tapşırmaq istəyirəm, demək olar ki, icrası qeyri-mümkündür. Ancaq mənim daxilimdə bir əminlik var ki, siz onun öhdəsindən gələ biləcəksiniz. Əvvəlcə məni sizi işdən xəbərdar edim.
Sizin şöbədə (kəşfiyyatda) türk bölməsi var, o, bizim mərkəzə – SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Birinci Baş İdarəsinə (DTK BBİ – kəşfiyyat istiqaməti) etdiyimiz təklif əsasında yaradılmışdır. Buna qədər isə, 60-cı illərdə kəşfiyyatda belə bir xətt yox idi. Bizim əməkdaşımız Ağazadə (soyad bilərəkdən dəyişdirilmişdir) Türkiyədən uzunmüddətli ezamiyyətdən qayıtdıqdan sonra şöbə rəisi polkovnik İlhüseyn Pirhüseyn oğlu Hüseynovu inandırmışdır ki, onun əvvəllər xidmət etdiyi dövrdən Ankarada əlaqələri qalmışdır, bunların bəziləri kəşfiyyat baxımından çox faydalı ola bilər. Onlarda belə bir əminlik yaranmışdır ki, həmin əlaqələrdən istifadə olunmaqla cəlbetmə istiqamətində işin Azərbaycan ərazisində həyata keçirilməsi müsbət nəticələr verə bilər. Əslində onun sözlərində müəyyən səmərəli məqam var idi, ümid yaranmışdı ki, gələcəkdə konkret göstəricilər olacaqdır. Həmin səbəbdən biz o şöbəyə baş əməliyyat müvəkkili ştat vahidi ayırdıq, Ağazadəni həmin vəzifəyə təyin etdik.
O, qısa müddətdə bu xətt üzrə əməliyyat işini canlandırdı. Tezliklə o, guya gözəl münasibətlərinin mövcud olduğu Ankaradakı kontaktı barəsində agentura-təhqiqat işi (ATİ) açdı. Ağazadənin tərtib etdiyi yazılı arayışlara əsasən, obyekt kifayət qədər maraq doğurur. Məlumdur ki, Ankarada şəxsi hüquq kontorunun sahibidir, tabeliyində ölkədə tanınmış şəxslərdən ibarət müəyyən xidməti personal vardır. Obyekt özü isə ictimai-siyasi xadim kimi tanınır, odur ki, yüksək dairələrə – parlamentə, XİN-ə, dövlət aparatına çıxışlara malikdir. Bu baxımdan siyasi kəşfiyyat xəttilə mənbə qismində bizim üçün müəyyən dəyər və əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, əməliyyat işçisinin bu istiqamətdə həyata keçirdiyi işlər də uğurla inkişaf edir. Ağazadə Avropanın sosialist ölkələrindən birində obyektlə şəxsən görüşmüşdür. Bu obyektin əməliyyat işçisi tərəfindən dövlət təhlükəsizliyi orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş qadın qohumunun köməyi ilə mümkün olmuşdur. Görüşdə obyekt əməliyyat işçisini və qohumunu gördüyünə görə şad olmuş və SSRİ-nin nümayəndəsilə əlaqələr saxlamağa hazırlığını bəyan etmişdir. Obyekt öz əlaqələri arasından əməliyyat işçisinə siyasi məlumatların toplanılması baxımından faydalı ola biləcək şəxslərin seçilməsində köməkliyə razılığını bildirmişdir. Onların içərisində obyektin daha çox etibar etdiyi birisi var ki, əməliyyat işçisi onun da müəyyənedici məlumatlarını əldə edərək barəsində agentura-təhqiqat işi açmışdır.
Əməliyyat işinin artan həcmini nəzərə alaraq, əlavə qüvvələrin cəlb edilməsi zərurətinə görə yeni – Türkiyə bölməsi yaratmaq lazım gəldi. Moskva bizim təklifimizi qəbul etmiş və əlavə 3 (üç) ştat vahidi də ayrılmışdır. İndi Ağazadə bölmə rəisi vəzifəsinin icraçısıdır. Bu ilin sentyabr ayında (yəni bir aydan sonra) Ağazadə və agent “Vera” Bolqarıstana getməyi planlaşdırırlar. Türkiyə ilə həmsərhəd kiçik şəhərdə əməliyyat işçisinin məxfi əməkdaşlığa namizədlə cəlbetmə söhbəti nəzərdə tutulur. Özünün bildirdiyinə görə, prosesin müsbət məcrada gedəcəyinə dair əməliyyat işçisinin şübhəsi yoxdur. Ancaq bu təhqiqat işi materialları ilə şəxsi tanışlığım obyekt üzrə keçirilən işlərə məndə şübhə oyatmışdır. Ona görə, bu işi götür, apar, kabinetində, bağlı qapı arxasında materialları ətraflı öyrən, sabah 18.00-da mənə özünün gəldiyin nəticələri və qəbul etdiyin yekun qərarı məruzə elə. Yeri gəlmişkən, bu barədə heç kimə, o cümlədən İlhüseyn Hüseynova da bir kəlmə demə. İşlə tanışlıq və öyrənmək üçün bizim çox az vaxtımız var, get və çalış ki, deyilən vaxta çatdır”...

***

...Turist şirkətini təmsil edən qadın qonaqları zalın çıxışında səkinin kənarında saxlamış yeni, gözəl bir avtobusa tərəf apardı, ona minib əyləşməyi təklif etdi. Hamı yerbəyer oldu. Salonda o, bütün qrupa bildirdi ki, səfər boyu turistləri Şəntürk adında bir şəxs müşayiət edəcək və bütün suallarla əlaqədar ona müraciət etsinlər. Elə burada da əlavə etdi ki, qrafikdə dəyişiklik olmuşdur, əvvəlcədən elan olunduğu kimi Ankarada 3 gün olmayacaqlar, saat 08.00-da səhər yeməyindən dərhal sonra ölkə üzrə gəzinti başlanacaqdır.
Bu məlumat Şamil Süleymanovu dəhşətə gətirdi, o, şoka düşdü. “Bu halda əməliyyatın aqibəti necə olacaq?! Bəs nə etmək olar?” – Şamil Süleymanov bu sualları öz-özünə verərək çıxış yolunu düşünməyə başladı. Təcili addımlar atılmalı idi. Ağlına ilk gələn ideyanı həyata keçirməyə başladı. Yolunda duran iki nəfəri kənara itələyərək yaydan çıxmış ox kimi avtobusdan çölə atıldı. Zala doğru qaçdı, daxildə ətrafa nəzər yetirdi və gördü ki, Aydın Bünyadov digər əməkdaşla birlikdə oranı tərk etməyə hazırlaşırlar. Şamil Süleymanov onları bərkdən səslədi, dayandılar. Şamil Süleymanov yaxınlaşaraq vəziyyəti izah etdi, kömək istədi, yəni ki, adi şəhər nömrələri ilə maşını mehmanxananın yanına göndərmək lazımdır. Bir şərtlə ki, maşın mehmanxanaya girişin sağ istiqamətində 25 metr məsafədə olsun. Məhəmməd dərhal qeyd etdi ki, narahatlığa heç bir əsas yoxdur! Dərhal deyilən yerə “Jiquli” markalı, bozumtul rəngli avtomaşın göndəriləcək. Şamil Süleymanov sürücünün kim olacağı ilə maraqlandı. Məhəmməd cavab verdi: – “Vladimir”. Şamil Süleymanov onlara təşəkkür etdi, ayrıldılar. Aydın Bünyadov Şamil Süleymanova ehtiyatlı olmağı dönə-dönə tapşırdı və ondan əməliyyat başa çatan kimi mütləq səfirliyə gəlməyi xahiş etdi.
Şamil Süleymanov avtobusa qayıtdı. Girişdə Şəntürk dayanmışdı. Şamil Süleymanovun hərəkətlərindən narazı olan Şəntürk 30 turistlə birlikdə avtobusu yubatdığına dair ona iradını bildirdi. Qeyd etdi ki, onların ölkəsində turistlərin belə davranışı yolverilməz və ağlazığmazdır. Şamil Süleymanov öz gün eynəyini ona göstərərək bildirdi ki, zaldakı kresloda qalmışdı, ona görə dərhal ora qaçdı. Yaxşı ki, heç kəs müşahidə etməmişdi və eynək yenə də sahibinə (Şamil Süleymanova) qayıtdı. Şəntürk bu izahatları həqiqi kimi qəbul etdi.
Hamı mehmanxanaya gəldi, yerləşməyə başladılar. Şəntürk adminstratorun yanında bölgü apararaq hər otağa iki nəfər olmaqla turist yerləşdirməyə və adbaad siyahı tutmağa başladı. Şamil Süleymanov ona yaxınlaşdı, açarlardan birini götürdü və bildirdi ki, həmin otaqda ikisi olacaqlar – o və Hacıyev (DTK-nın köməkçisi idi). Şəntürk siyahıda müvafiq qeydiyyat apardı. Şamil Süleymanov və Hacıyev liftə doğru getdilər. Hacıyevi Bakıda onun əlaqəsinə 5-ci şöbənin əməkdaşı vermişdi. Onlar 7-ci mərtəbəyə çıxdılar, otağı tapdılar, daxil olanda Şamil Süleymanov əlini dodaqlarına aparıb sakit və ehtiyatlı olmaq işarəsi verdi. Bilərəkdən bərkdən isə bildirdi ki, susuzluqdan yanır və aşağı düşüb restoran və ya kafedə qəhvə və ya çay içmək lazımdır. Dəhlizdə artıq Şamil Süleymanov bildirdi ki, Şəntürk görməsin deyə aşağıya liftlə deyil, ehtiyat yanğınsöndürmə pilləkənləri ilə düşəcəklər. Birinci mərtəbədə mehmanxana ad-minstrasiyasının gözündən kənarda küçəyə çıxaraq Şamil Süleymanov ətrafa diqqət yetirdi, deyilən yerdə bozumtul “Jiquli” markalı avtomobili gördü.
Onlar avtomaşına yaxınlaşdılar, sükan arxasında gənc adam oturmuşdu, 30 yaşlarında olardı, Şamil Süleymanov qabaq qapını açdı və soruşdu: – “Siz Vladimirsiniz?”. O, cavab verdi: – “Bəli”. Şamil Süleymanov köməkçisinə arxa oturacaqda əyləşməyi təklif etdi, özü sürücünün yanında, qabaqda əyləşdi. Şamil Süleymanov əvvəlcə mehmanxanadan uzaqlaşmağı xahiş etdi. Yola düşdülər, Şamil Süleymanov arxa və yan görüntü güzgülərini özünün baxış bucağına uyğun nizamladı ki, mümkün izləməni aşkarlamaq üçün müşahidə aparsın. Vladimirdən isə xahiş etdi ki, bir saat yarım vaxtları vardır, bu müddət ərzində asta sürətlə Ankaranın qədim və sakit küçələri ilə dolaşsın, çünki belə lazımdır. Valdimir gülümsünərək bildirdi ki, narahat olmasın, birinci dəfə deyil, hər şeyi yüksək səviyyədə həyata keçirəcək. Həqiqətən də müəyyən müddət küçələrlə hərəkət etdikdən, mağazaların, vitrinlərin, köşklərin şüşələrindən arxaya və ətrafa baxdıqdan sonra əminlik yarandı ki, onların ardınca izləmə – quyruq yoxdur. Bundan tam arxayın olduqdan sonra isə Şamil Süleymanov lazımi ünvana sürməyi xahiş etdi. Saat 17.00 idi. İş gününün sonuna bir saat qalırdı. Yarım saatdan sonra onlar lazım olan yerdə idilər. Şamil Süleymanov xahiş etdi ki, hələlik getməsin və onun qəbul edəcəyi qərarı gözləsin.
Onlar qapıya yaxınlaşdılar, möhkəm bağlanmışdı, zəngin düyməsini basdılar. Bir neçə saniyə keçdi və qapını boylu-buxunlu, xüsusi geyimli bir qulluqçu açdı və qonaqların nə istədiyini soruşdu. Şamil Süleymanov dedi: – “Boss yerindədir?”, xidmətçi cavab verdi ki, artıq getməyə hazılaşır, belə ki, iş gününün son saatıdır. Şamil Süleymanov qeyd etdi ki, sanballı bir məbləğdə müqavilə bağlamaq barədə təklifi var və boss onun hüquqşünası olsa qarşı tərəfi müəyyən qədər yaxşı faiz gözləyir. Danışıq indi aparılmalıdır. Bu sözləri bossuna çatdırsın. Bir dəqiqədən sonra astanada 60 yaşlarında olan boss özü göründü, salamlaşdılar, Şamil Süleymanov onları qəbul etməyi xahiş etdi. Ciddi danışıq aparılacağını nəzərə alaraq, boss onları kabinetinə dəvət etdi, kresloda yer göstərdi, özü isə yazı masasının arxasına keçdi. Şamil Süleymanov xidmətçini evə buraxmağı və tək qalmağı təklif etdi. O, etiraz etmədi, xidmətçini çağırdı və qonşu kafedən 3 qədəh sərin pivə və yanında bir qədər Şərq çərəzləri gətirməyi tapşırdı. Onları gətirdikdən sonra boss ona iş gününün başa çatdığını elan etdi, evə gedə biləcəyini söylədi, qapını arxadan kilidlə bağlamağı tapşırdı.
Şamil Süleymanov danışığa ondan başladı ki, o və yoldaşı azərbaycanlı – bakılıdırlar, cəmisi iki saat yarımdır ki, Bakıdan Ankaraya uçublar. Onların böyük arzusu Türkiyənin paytaxtı ilə tanış olmaqdır. Ancaq dəvət edən şirkət onların 3 gün paytaxtda olmaq planlarını pozmuşdur və səhər tezdən ölkə turuna çıxırlar. Onlara məlumdur ku, hörmətli boss da azərbaycanlıdır, Bakıdandır, orada anadan olmuş, uşaq yaşlarında valideynlərilə Ankaraya köçmüşdür. İndi Bakıda qohumlarının böyük bir sülaləsi var – səfərdən qabaq xahiş ediblər ki, onu tapıb isti və xoş arzularını çatdırsınlar. Elə onlardan biri xalanızın doğma qızı – Çimnaz dedi ki, sizi şəxsən tanıyır. Şamil Süleymanov dərhal sual verdi: – “Bu, belədirmi?” Sual onun təəccübünə səbəb oldu və o dəqiqə bildirdi ki, həqiqətəuyğun deyil, Bakıda qohumlarının olmasına dair məlumatsızdır, hər hansı Çimnazı isə tanımır. Şamil Süleymanov da təəccüblənərək davam etdi ki, məgər keçən il onunla Polşada “Varşava” mehmanxanasında görüşməmişdir? O, təkrar təəccüblənərək bildirdi ki, Polşada heç vaxt olmamışdır, ona görə də Varşavada hər hansı görüş ola bilməzdi. Şamil Süleymanov davam etdi ki, əziz əfəndi, sizin haqqınızda çox yaxşı fikirlər eşitmişik, necə alicənab, xeyirxah, diqqətli və ünsiyyət xoşlayan bir insansınız. Mən tezliklə Ankaraya uzun müddətə işləməyə gələcəyəm. Əməkdaşımız sizinlə, öz həmyerlimlə tanış olmağı tövsiyə etmişdi, demişdi ki, burada darıxmayacağam. O, həm də bildirmişdi ki, Çimnazla Varşavada sizinlə görüşə gedib. Belə çıxır ki, boş söhbətdir. O ki, qaldı bizim əməkdaşımıza, həmin şəxs Ankarada böyük sovet qəzetinin müxbiri işləyirdi. Sizinlə əlaqəsi və işgüzar kontaktı haqqında qürrələnirdi. Siz bunu inkar etməyəcəksiniz, elə deyilmi?
O, Şamil Süleymanova baxaraq bir qədər fikrə getdi və bildirdi ki, belə bir hal olmuşdur, sovet müxbiri ofisə gəlmişdi və tanış olmuşduq. Məndən qəzet üçün müsahibə verməyi xahiş etmişdi. Mən qəti şəkildə imtina etdim, bir daha buraya baş çəkməməsini istədim. Ancaq o, heç aralanmağa macal tapmamışdı ki, buraya xüsusi xidmət orqanı olan MİT-in nümayəndələri gəldilər, məni sorğu-sual etdilər ki, sovet DTK orqanlarının əməkdaşı buraya niyə gəlmişdi. İzahatlarımla qane olmayaraq, həbs cəzası ilə hədələdilər. Çox çətinliklə onları təqsirsizliyimə dair inandıra bildim. Onlar getdilər, lakin xəbərdarlıq etdilər ki, bir daha həmin adamın ayağı buraya dəysə, ona bağışlamayacaqlar. Bir müddət keçdi, o, yenidən mənim ofisimdə peyda oldu. Mən və xidmətçim onun yaxasından tutduq, kontordan çıxartdıq, səkidən yolun hərəkət hissəsinə atdıq. Bunu qəsdən etdim ki, MİT əməkdaşları görsünlər ki, DTK əməkdaşı ilə necə rəftar edirəm.
Şamil Süleymanov bu yerdə zarafatla bildirdi ki, o da əməkdaşdır, xidmətçi yoxdur və onlar iki nəfərdirlər, eyni məsələni onlarla edə bilməyəcəkdir. Bu zarafat gülüş doğurdu. Onu sakitləşdirmək üçün Şamil Süleymanov bildirdi ki, onun yanına quyruqsuz gəliblər, MİT-dən xəbərsiz, gizli, tamamilə “təmiz”. Ona görə arxayın ola bilər ki, onun yanına MİT-dən heç kim gəlməyəcək. Lakin bu tam həqiqətdir ki, biz münasibətlərimizi dostluq axarında davam etdirə bilərik. Şamil Süleymanov əlavə etdi ki, onun xalası qızı Çimnaz, buradan çölə atdığı həmin şəxslə Bolqarıstanda onunla görüşə hazırlaşırlar. O, bildirdi ki, bu barədə ona heç nə deyilməmişdir və oraya da getməyəcəkdir. Ümumiyyətlə isə, anlaşılmaz bir situasiyadır, o (Çimnaz), təkid edir, mən isə sizdən birinci dəfədir ki, bunları eşidirəm. Söhbət əsnasında əlavə etdi ki, qəlbində əsl azərbaycanlıdır, doğma torpaq, Vətən üçün qəribsəyib, ancaq qorxur – MİT onu toz kimi ovar. Ailəsi əziyyət çəkə bilər. Şamil Süleymanov ona gizli şəkildə Azərbaycana səfər təşkil edə biləcəyini söylədi. Bu elə ediləcəkdir ki, pasportda heç bir qeydiyyat olmayacaqdır. O, buna inanmadı. Amma Şamil Süleymanov onu əmin edə bildi ki, bu DTK-nın imkanları daxilindədir, bunun üçün sosialist ölkələrindən birinə səfər etmək lazımdır, qalan məsələlərin qeydinə biz qalacağıq. Bakıda ilk növbədə ona “Neft daşları” göstəriləcəkdir, onun arzularının şəhəri. O, çıxış kanalı, Şamil Süleymanov ilə əlaqə imkanları ilə maraqlandı. Şamil Süleymanov telefon əlaqəsi üçün nömrəsini qoydu ki, istənilən vaxt onu soruşması kifayət edər. Qalanları texniki məsələdir. O, bu təklif ətrafında düşünəcəyini söylədi.
Ümumilikdə, görüşü qiymətləndirsək, belə qənaətə gəlmək olar ki, o, müsbət məcrada keçdi və narazılıq olmadı. Onlar köhnə dostlar kimi ayrıldılar. Ofisdən çıxmazdan öncə Şamil Süleymanov ona xalası qızının adından verməli olduğu hədiyyəni təqdim etdi, ancaq özünün, yəni DTK-nın adından verdi. Əks tərəf hədiyyəni böyük məmnuniyyətlə qəbul etdi.
Kontordan çıxanda saat 21.30-u göstərirdi. Atatürkün heykəlinin olduğu və onun adını daşıyan meydan yaxında idi. Şamil Süleymanov və köməkçisi o istiqamətdə hərəkət etdilər. Piyada hərəkət zamanı izləmənin mövcudluğunu da yoxladılar. Hər hansı bir şübhəli məqam aşkarlanmadı...

***

... 14 gün sonra Şamil Süleymanov turist qrupunun tərkibində Moskvaya qayıtdı, səhərisi gün isə saat 22.00-da artıq evində idi. Telefon zəng çaldı. DTK-nın növbətçisi idi, bildirdi ki, Vitali Krasilnikovun göstərişinə əsasən Şamil Süleymanov səhər saat 08.00-da onun qəbulunda olmalıdır.
Səhər deyilən saatda Şamil Süleymanov DTK sədrinin qəbul otağında idi. Onunla görüş çox yüksək şəraitdə keçdi, üzündəki təbəssüm və razılıq o, demək idi ki, təhqiqat üzrə şübhələr təqdiqlənmişdir. Şamil Süleymanov farağat vəziyyətində məruzə etdi: – “Yoldaş general-leytenant, sizin tapşırığınız yerinə yetirilmişdir, podpolkovnik Şamil Süleymanov”. O, Şamil Süleymanovu kabinetə dəvət etdi, pristav masasının arxasında yer göstərdi, özü isə üzbəüz əyləşdi və dedi: – “Buyur, məruzə elə, özü də təfərrüatları ilə”.
Şamil Süleymanov əminliklə və təsdiqedici formada bildirdi ki, DTK-nın deyilən istiqamətdə heç bir təhqiqat obyekti yoxdur. Bir saata yaxın məruzədə əməliyyatın bütün xırdalıqları əhatə olundu. O, nəticədən razı qaldığını bildirdi. Sonra o, öz kreslosuna əyləşdi, növbətçiyə 1-ci şöbənin rəisi İlhüseyn Hüseynovu onun yanına çağırmağı tapşırdı. Bir dəqiqə keçmiş o, artıq sədrin masasının qarşısında idi. Vitali Krasilnikov təhqiqat işini İlhüseyn Hüseynova təqdim etdi və acıqlı-acıqlı dedi: – “Bu işi götür! O, sabun köpüyüdür, yalan, yanlış yola aparan, azdıran bir şeydir, təkcə bizi yox, həm də Birinci Baş İdarənin rəhbərliyini”.
O, sədrin kadrlar üzrə müavini Əbdül Xalıqovla birbaşa rabitə ilə əlaqə saxlayaraq əmr etdi: – “Elə indi podpolkovnik Ağazadənin dövlət təhlükəziliyi orqanlarından xidməti uyğunsuzluğa görə xaric olunmasına dair əmr hazırlayın və mənə imzaya gətirin!”
Beləliklə də podpolkovnik Ağazadənin DTK orqanlarında xidməti fəaliyyəti və uydurulmuş təhqiqat ilə əlaqədar epopeya başa çatdı... (Ardı var)

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ