Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində
Yazıçı Azər Hacıbəylinin həmmüəllifi olduğu “Əməliyyat müvəkkili. Reabilitasiya” sənədli povesti ("Əməliyyat müvəkkili" silsiləsindən III kitab 2018-ci ildə ilk dəfə nəşr olunmuş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur, onu bu yaxınlarda kitab evlərindən və ya elektron variantını əldə etmək mümkün olacaqdır) XX əsrin 60-cı illərinin ikinci yarısında o zaman Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən, DTK-nın əməkdaşı Şamil Süleymanovun bilavasitə iştirakçısı olduğu bir əməliyyat haqqındadlr. Əsərdə II Dünya Müharibəsində iştirak etmiş və sonra Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən əsassız yerə həbs edilmiş azərbaycanlı Həsənov Ənvər Xanlar oğlunun DTK orqanlarının köməyi nəticəsində reabilitasiya olunması əksini tapmışdır.
...Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açanda müstəqil və müasir Azərbaycanımızın memarı və qurucusu, Ulu Öndərimiz, təhlükəsizlik orqanları əməkdaşlarının idealı, əfsanəvi əks-kəşfiyyatçı, ömrünün 25 ilini bu orqanda xidmətə həsr etmiş, əbədiyaşar dahi şəxsiyyət Heydər Əliyevin nurlu siması gözlərimiz önündə canlanır. Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindən danışarkən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi mütləq və daim xatırlayırıq. Burada söhbət açacağımız hadisələrin fövqündə də Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi Heydər Əliyev şəxsiyyəti dayanır. Kitabda bir vətənpərvər soydaşımızın pozulmuş hüquqlarının reabilitasiyası istiqamətində DTK əməkdaşı Şamil Süleymanovun yorulmadan, prinsipiallıqla, fədakarlıqla, nikbinliklə iş aparmasından və ona bu alicənab, şərəfli və qürurverici işində yüksək idarəçiliyi, peşəkarlığı və müdrikliyi ilə yol göstərən, dayaq olan Komitə rəhbəri general-mayor Heydər Əliyevin bənzərsiz fəaliyyətindən və hadisələrin müsbət sonluqla başa çatmasından – haqqın, ədalətin bərpasından bəhs edilir.
Xüsusilə, burada söhbət açacağımız məsələlərdə oxuculara hər nöqtə aydın olsun deyə bir qədər uzaqdan başlayacaq, qısa tarixi ekskurs edib, sonra hadisələrin cərəyan etdiyi XX əsrin ortalarından həmin əsrin 70-ci illərinə qədər olan dövrə işıq salacağıq.
***
Bildiyimiz kimi, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən kitab heç də ağ səhifələrdən ibarət olmayıb. Ümumilikdə isə 1919-cu il mart ayının 28-də Azərbaycan Demokratik Respublikasının Hərbi Nazirliyinin Baş Qərargahının General-kvartirmeyster şöbəsinin Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə bünövrəsi qoyulan Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətini 3 dövrə bölmək olar: ADR dövrü (28 mart 1919-cu il – 28 aprel 1920-ci il); sovet dövrü (28 aprel 1920-ci il – 5 noyabr 1991-ci il); müstəqillik dövrü (5 noyabr 1991-ci ildən sonrakı illər).
1919-cu il iyun ayının 9-da Azərbaycan hökuməti parlamentin tapşırığı üzrə dövlətin müdafiəsi ilə əsaslı şəkildə məşğul olacaq xüsusi bir qurumun – Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul etmişdi. “Əksinqilabla mübarizə təşkilatı” isə 1919-cu il iyun ayının 11-də Azərbaycanın bütün ərazisində fövqəladə vəziyyət elan edilən gün yaradılmış və 1920-ci ilə kimi fəaliyyət göstərmişdir.
28 aprel 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Fövqəladə Komissiyası (FK) yaradıldı. Xalq arasında bu təşkilat “Az.ÇK” (“Azerbaydjanskaya Çrezvıçaynaya Komissiya”) adlandırılırdı.
Müqayisə üçün qeyd etmək vacibdir ki, “Əksinqilabla Mübarizə Təşkilatı”nda şəxsi heyətin 80-85 faizi azərbaycanlılardan ibarət olmuşdu, lakin Fövqəladə Komissiyada onlar əməkdaşların cəmi 6-7 faizini təşkil edirdilər.
Bu təşkilatın əməkdaşları istədikləri adamı istədikləri vaxt “xalq düşməni” elan edib, həbs etmək və hətta güllələmək kimi səlahiyyətlərə malik idilər. Nəriman Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində bu barədə yazırdı: “Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər”. Təkcə onu qeyd etmək kifayətdir ki, bu illərdə 40 mindən çox soydaşımız Fövqəladə Komissiya tərəfindən məhv edilib”.
Sovet Azərbaycanının ilk xüsusi xidmət orqanı olan Azərbaycan Fövqəladə Komissiyasının adı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 7 avqust 1926-cı il tarixli qərarı ilə dəyişdirilərək Azərbaycan Dövlət Siyasi İdarəsi (DSİ) adlandırıldı. 25 iyul 1934-cü ildə isə bu idarənin bazasında, yaşlı nəsli ara-sında indi də qorxu, dəhşət və vahimə ilə xatırlanan Xalq Daxili İşlər Komissarlığı (XDİK) yara-dıldı. “NKVD” (“Narodnıy Komissariat Vnutrennıx Del”) kimi tanınan və Azərbaycan xalqına qarşı amansız repressiv aksiyalar həyata keçirən bu təşkilat xalqın ədəbiyyatına, tarixinə, mədəniyyətinə, fəlsəfəsinə, maddi-mənəvi dəyərlərinə, ictimai-siyasi həyatın, xalq təsərrüfatının bir çox sahələrinə ağır zərbə vurdu. “Kim bizimlə deyil, bizim düşmənimizdir” prinsipini əsas götürərək bölşevikləşə bilməyən Azərbaycan oğullarını, xüsusilə də xalqın düşünən beyinləri olan ziyalıları saxta, həqiqətə uyğun olmayan ittihamlarla məhkum edir, güllələyir və ya Uzaq Sibir meşələrinə sürgün edirdilər. İttiham edənlər əsasən milliyyətcə ermənilər, ittiham olunanlar isə azərbaycanlı dahilər idi. Onların səyi ilə bu orqanlar tərəfindən yüz minlərlə soydaşımız məhv edildi, sürgün olundu.
Gələcəkdə silsilə yazılarımızda hər bir dövr üzrə ayrıca ətraflı, xırdalıqları ilə məlumatlar veriləcəkdir. Burada isə mətləbdən yayınmadan DTK dövrü və o zaman yaşanmış olayların həm canlı şahidinin və həm bilavasitə iştirakçısının – əsərin qəhrəmanlarından birinin dilindən qələmə alınmış məqamlardan bəhs olunacaq və oxucular oxşarı olmayan məqamlar barədə məlumatlar alacaqlar, şübhəsiz ki, mövzunun cazibədarlığı onları hadisələrin içərisinə çəkib aparacaqdır.
Bildiyimiz kimi, təhlükəsizlik orqanlarımızın yüzillik tarixində DTK dövrünün də öz yeri var. Burada həmin dövrün pozitiv tərəfləri barəsində danışacağıq, bu kitabda qeyd olunanlar bəlkə də bir çox oxucular üçün yenilik olacaqdır.
Stalinin ölümündən sonra Sovetlər birliyində başlanan məhkəmələr ölkədə Stalinizm buzunun əriməsinə təkan verdi. Milli özünüdərkin, milli özünəqayıdışın elementləri bütün sahələrdə, o cümlədən elm, ədəbiyyat, incəsənət və mədəniyyətdə və s. özünü biruzə verirdi. Azərbaycanda müsbət proseslərin getməsinin əsas səbəbkarı isə DTK-da rəhbər vəzifələrdə işləyən Heydər Əliyev olmuşdur. Bəli, dəyərli oxucular, indi sizə bəhs olunacaq hadisələrdə təşəbbüskar, obyektiv, cəsarətli əməkdaş – Şamil Süleymanov tərəfindən bir vətənpərvər soydaşımızın haqqının özünə qaytarılmasında göstərilmiş səylərin uğurlu nəticə verməsində də Azərbaycan SSR DTK-ya o zaman rəhbərlik etmiş general Heydər Əliyevin necə böyük rol oynadığının bir daha şahidi olacaqsınız.
Heydər Əliyevin xidmətləri sayəsində o dövrdə nəinki Azərbaycanın bir çox görkəmli sənət adamları, elm və incəsənət xadimləri DTK-nın təqiblərindən nicat tapmışdılar, hətta keçmişdə haqsızlıqla üzləşmiş minlərlə vətəndaşlarımız, sadə insanlarımız barələrində haqq-ədalətin bərpasına nail olmuşdular.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri təhlükəsizlik orqanlarının ardıcıl şəkildə milliləşdirilməsi məsələsinə önəm verməsi idi. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əkskəşfiyyat şöbəsinə rəis təyin edildikdən sonra o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə – təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmağa və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başla-dı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə buradakı, nə də Moskvadakı rəhbərliyi qane etmirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayır: “Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. Bir dəfə, iki dəfə, üç dəfə bu ad-dımları atdım və sonra, 1955-ci ildə də bunların – həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım”. Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrlar yetişmişdi. Bunların sırasında Şamil Süleymanov da var idi.
Şamil Süleymanovun fikirləri: “Dövlət təhlükəsizliyi orqanlarının işi daim fədakar insanların çiyinlərində qurulub. Bu fədakarlıq məktəbinin önündə Ulu Öndər Heydər Əliyev durur. Onun Azərbaycan SSR DTK-nın sədri vəzifəsinə təyin edilməsi bu qurumun tarixində əhəmiyyətli dövr, dönüş nöqtəsi oldu. Bir çox onilliklər ərzində ilk dəfə olaraq bu vəzifəyə yerli çekist təyin olunurdu. Bu hadisə ədalətin qələbəsi kimi sevinc ilə qəbul olundu. Axır ki, respublikanın hüquqları bərpa edildi. Heydər Əliyev əvvəlki sədrlərlə müqayisədə şəxsi və peşəkar səviyyələrdə xeyli yüksəkdə idi. O, sıravi çekistdən qurum rəhbərinə qədər yol keçmişdi. Mən respublikanın bütün sənaye müəssisələrinə nəzarət edib xidmət göstərən beşinci bölməyə təyin olundum. İşə başlamazdan əvvəl məni şöbə rəisi Heydər Əliyev qəbul etdi”. Şamil Süleymanovun qeydləri: “Bu hündürboylu, möhkəm bədən quruluşlu, diqqətli, üzünün ifadələri ciddi, iti baxışlı, qq40 yaşında insan idi. Mavi-boz gözləri ilə həmsöhbətini diqqətlə süzərək Heydər Əliyev məsələnin mahiyyətinə tez diqqət edirdi. Söhbət qısa, işgüzar oldu. Heydər Əliyev Süleymanovun diqqətini iş əsnasında həll edilməsi zəruri olan, əsas məsələlərə yönəltdi. Heydər Əliyev Şamil Süleymanova onun tərcümeyi-halı üzrə suallar verdi. Bu maraq doğururdu, axı tabeliyindəki əməkdaşın tərcümeyi-hal məlumatları onun masasının üzərində idi və Süleymanov heç bir yenilik deyə bilməzdi. Yəqin ki, şöbə rəisi eşitmək istəyirdi ki, Şamil öz “mən”ini necə təqdim edəcək. Heydər Əliyev söhbət aparmağın: dinləməyin və nəticə çıxartmağın ustası idi. Yaradıcı fəallığı və təşəbbüsü hər formada həvəsləndirirdi. Əsil humanist kimi onun daxilində ətrafdakılara yaxşılıq etmək istəyi var idi, əməkdaşlara onların həyati problemlərinin həllində yaxından kömək edirdi”...
***
...O (Həsənov Ənvər Xanlar oğlu), M.Əzizbəyov adına Azərbaycan Sənaye İstitutunun Neft-mədən fakültəsini bitirmişdi. Hələ tələbə olarkən boş vaxtlarında Azərbaycan Radiosunda diktor qismində çalışırdı. O, radio-diktor vəzifəsinin öhdəsindən ləyaqətlə və düzgün gələn birincilərdən sayılırdı. Lakin AzSİ-də aldığı ixtisas onu mədənə çağırırdı, tezliklə o, neft hasilatı üzrə briqadanın ustası vəzifəsinə qalxdı. Onun neft zəmisində karyera yüksəlişini müharibə qırdı. Ancaq Azərbaycan neftçilərinə, istisna olaraq, cəbhəyə getməyə görə möhlət hüququ verilirdi. O, Bakıda qala bilərdi, lakin təkid etdi və müharibənin ilk günü cəbhəyə getdi. Minsk istiqamətində faşistlər Qırmızı Ordunun müdafiə xəttini dərhal yardılar və ölkənin içərilərinə doğru hərəkət etdilər. Qırmızı Ordunun böyük hissələri – diviziyalar, alaylar, batalyonlar, bölüklər, tağımlar, təsərrüfat bölmələri döyüşsüz əsir düşdülər. Qırmızı Ordunun bir milyondan artıq fəaliyyətdə olan heyəti faşistlərin əlinə keçdi. Onların arasında o da vardı – Həsənov Ənvər Xanlar oğlu. Bu situasiya Qırmızı Ordunun Baş Qərargahının dəhşətli səhv hesablamasının, ölkə rəhbərliyinin boşluq buraxmasının nəticəsi idi. İlk dövrlərdə əsirlər yiyəsiz idilər, onları açıq havada saxlayırdılar, belə ki, bu qədər əsirin yerləşməsi üçün saxlama yerləri mövcud deyildi. Faşistlər onlarla heyvan kimi rəftar edirdilər, onlara heç kəsin ehtiyacı yox idi və kiçicik tabesizlik onların məhvinə səbəb olurdu. Tədricən almanlar onları istifadə etməyə başladılar. Hər şey barakların və müxtəlif növ yardımçı tikililərin inşasından başlandı. Əsirlərin olduqları ərazilər tikanlı məftillərlə əhatə edildilər, onlar üçün yeməkləri yerli əhalidən alırdılar. Bir əsir üçün ayrılan pay çox kasad idi. Minlərlə insan aclıqdan həlak olurdu. Sağlamlıq cəhətdən və ruhən güclülər sağ qalırdılar. Almanlara əsasən inşaat materialı – meşə lazım idi. Onları qırmağa, yonmağa və doğrayıb barakların tikildiyi yerlərə göndərmək lazım idi. Daşımaq üçün isə nəqliyyat vasitələri lazım idi. “ZİS-5” və “Polutorka” adlanan ağırtonnajlı yük avtomaşınlarının sayı həddən ziyadə idi, amma faşistlər arasında sürücü yox idi. Faşistlər hərbi əsirlər arasında avtomobil idarə edənləri axtarmağa başladılar. Tələbəlik vaxtı AzSİ-də bir fənn vardı – hərb işi, müəllimlər yanacaq-sürtkü maddələri və mühərrik tiplərindən dərs keçirdilər. Onlara imkan yaradılırdı ki, yük maşınlarını sürməyi də öyrənsinlər. Ənvər Həsənov maşın sürməyi bacarırdı. O, bu barədə faşistlərə bildirdi, onu “Üçtonluq” maşının sükanı arxasına əyləşdirdilər. Onun iş saatı sutka boyu davam edirdi. O, əsasən meşədən tikinti meydanına dairəvi oduncaqları daşıyırdı. Bu uzun müddət davam etdi. Bir dəfə onu düşərgənin rəhbərliyinin yanına çağırdılar. Onu həyətdə dayanmış minik maşınına oturdub həyətdə bir neçə dövrə vurmasını tələb etdilər. Avtomobil orta ölçülü “BMW” markasından idi. O, maşını asanlıqla işə saldı və həyətdə bir neçə dairə vurdu. Ona bildirdilər ki, o, bundan sonra həmin avtomobilin sürücü olacaqdır, sahibi isə generaldır və onun bütün göstərişləri sözsüz icra edilməlidir. Beləliklə, əsirlikdə generalın rəhbərliyi altında Ənvər Həsənovun ritmik həyatı başladı. General möhkəm bədən quruluşuna malik, orta boylu idi, yaşı – əlliyə yaxın, yalnız alman dilini bilirdi, ailəsi isə Almaniyada idi. İntizamlı, ciddi və tələbkar idi. Düşərgədəki əsir kontingenti ilə məşğul olmurdu. Onun fəaliyyət sahəsi fortifikasiya qurğularının quraşdırılması və hərbi obyektlərin, eləcə də su maneələri üzərində keçidlərin qurulması idi. Yerli komandanlığa tabe deyildi. Onun özünün aparatı vardı və onlara rəhbərlik edirdi. Onun ofisinə buraxılış məhdudlaşdırılmışdı. Bir çox otaqlarda çertyoj lövhələri qoyulmuşdu. Çertyoj çəkən kişilər və qadınlar alman milliyyətindən idilər. İşinin xüsusiyyətinə görə lazım gəlirdi ki, bir-birindən uzaq məsafələrdə yerləşən obyektlərə getsin. Öz üzərində yalnız tapança daşıyırdı. Avtomata ehtiyacı yox idi. Ancaq onu müşayiət edən, yaşına görə gənc adam olan yavəri öz üzərində az qala bütün növ silahları daşıyırdı. Kəmərində tapança, çiynində avtomat, ona yaxın dolu güllə darağı, həmçinin üç qumbara yanında asılmışdı. Bunlar hamısı hərəkət marşrutunda partizanlarla rastlaşma ehtimalına görə lazımdı. Ənvər Həsənova hər hansı bir silahı etibar etmirdilər. General yavəri ilə maşında hər hansı bir danışıq aparmırdı. Onların getdikləri obyektlərdə yavəri sahibini tərk etmirdi. Obyektin içərisinə Ənvər Həsənov daxil olmurdu, girişdə general və yavəri obyektə aid ayrı maşına əyləşirdilər və onunla tikinti ərazisinə daxil olurdular. Elə hallar olmuşdu ki, yavər Ənvər Həsənova əmr etmişdi ki, kontora qayıtsın, oradan aparatın bir və ya iki əməkdaşını götürüb generalın yanına, obyektə gətirsin. Belə hallar nadir olurdu, amma ki, reallıq idi. Ənvər Həsənov bir ildən artıq generalın sürücüsü işlədi. Bir dəfə o, təklikdə generalın aparatına geri qayıdanda meşədən keçən yolda gestapo geyimində olan qrup tərəfindən saxlanıldı. Onu maşından çıxmağa məcbur etdilər və meşəyə apardılar, orada qrupdan olan bir nəfər onunla söhbət apardı. Özünü partizan kimi təqdim edən şəxs bəyan etdi ki, Həsənov haqqında hər şey onlara məlumdur. Onun Vətənə sədaqətinə və fədakarlığına bələddirlər və şübhə etmirlər ki, partizanların tapşırığını yerinə yetirəcəkdir. Bu isə generalı diri ələ keçirməkdən ibarətdir. Ənvər Həsənov təklifə heç nə demədi. Partizanlar isə məsləhət gördülər ki, yaxşıca fikirləşsin, çünki bu onların birinci, lakin axırıncı görüşü deyil. Onlar Ənvər Həsənovu sağ-salamat bu-raxdılar və o, ofisə qayıtdı. Yolda ağlına müxtəlif fikirlər gəlirdi, bunların təhlili iki fərqli nəticəyə gətirirdi: birinci – əgər onlar həqiqətən partizanlardırsa, bu çox yaxşı xəbərdir. O, sözsüz, əl-verişli vəziyyətdə mütləq onlara köməklik edəcəkdir, nə olursa, olsun; ikinci – bu əgər gestapo tərəfindən qurulmuş yoxlamadırsa, kökündən provokasiyadır və həyatı hesabına başa gələ bilər. Elə bu səbəbə görə də uğursuzluğa düçar olmamaq üçün söhbət zamanı bir kəlmə də söz demədi. Partizanlara gəlincə isə, onlar onun susmasını düzgün başa düşməlidirlər. Ənvər Həsənovun fikirlərinə görə, partizanlar gərək bir müddət onun generalla səfərlərini izləsinlər. Bu onlara ona görə lazım olacaq ki, müəyyən eləsinlər, obyektlərə gedişləri zamanı generalın ətrafında vəziyyət dəyişəcəkmi. Əgər – hə, bu halda generalı təpədən-dırnağa qədər silahlanmış gücləndirilmiş naryad müşayiət edəcəkdir. Bu Ənvər Həsənov tərəfindən gestapoya partizanların generalın götürülməsi və oğurlanması əməliyyatına hazırlıqları barədə məlumat verdiyini təsdiqləyəcəkdir. Bu halda patizanlara aydın olacaqdır ki, Ənvər Həsənov satqındır.
Əgər generalın ətrafında vəziyyət əvvəlki qaydada qalacaqsa və hər hansı dəyişiklik olmayacaqsa, o halda partizanlar Ənvər Həsənovun Vətənə sadiqliyi və düzgünlüyü qənaətinə gələcəklər. Nəticə çıxaracaqlar ki, Ənvər Həsənov onların tapşırığını icra etməyə hazırdır. Bu halda partizanlar mütləq qaydada əməliyyatın keçirilməsinə hazırlaşacaqlar.
Partizanların Ənvər Həsənovun və onun sərnişinlərinin hərəkətlərinə ardıcıl müşahidələri onları əmin etdi ki, generalın ətrafında dəyişiklik yoxdur. Bu vəziyyət Ənvər Həsənovun doğruluğunu və onun əməliyyatın həyata keçirilməsində iştiraka hazır olduğunu təsdiqləyirdi. Partizanların gəldiyi nəticə qəti idi və onlar əməliyyata hazırlaşmağa başladılar...
***
...Bu vaxta cəbhələrdə situasiyalar Qırmızı Ordunun xeyrinə dəyişmişdi. Generalın qayğıları çoxalmışdı. O, müntəzəm şəkildə obyektlərə gedirdi, əsas məqsədi hücum edən Qırmızı Ordunun qarşını kəsmək, onun uğurlarına əngəl törətmək olan qurğuların hazırlanması templərini artırırdı. İndi artıq yavər Ənvər Həsənovu bu və ya digər obyektə təkcə göndərirdi. Nəhayət, onun arzuladığı uğur nəsib oldu. Yenə həmin qrup və həmin şəxslə görüş. Generalı diri götürmək istəyini təsdiqləyən söhbət. Ənvər Həsənov onları generalın yanında daim olan, təpədən-dırnağa silahlanmış, fanatik, döyüşkən ruhlu yavərin mövcudluğundan yaranan çətinlik haqqında xəbərdar etdi. Bununla əlaqədar, o, yavərin təcrid olunması, tutulması, zərurət yaranarsa məhv edilməsi üzrə tədbirlər hazırlanmasına təkid etdi. Partizanlar əməliyyatı xırdalıqlarına qədər düşünməyə və mümkün uğursuzluğu istisna etməyə söz verdilər.
Vidalaşmazdan əvvəl partizanlar onu ağaca tərəf apardılar, onun gövdəsində, adam boyundan hündür, amma əllər qaldırılarkən çatan məsafədəki oyuğu göstərdilər, təbii yarıqdır, onların seçdiyi gizli saxlanc yeridir, partizanlarla onun əlaqə saxlamasına xidmət edəcəkdir. O, bu gizli saxlanc yerindən bircə dəfə istifadə edəcəkdir. Belə ki, generalın götürülməsindən savayı onlar Ənvər Həsənovun iştirakı ilə hər hansı əməliyyat planlaşdırmırlar. İzah etdilər ki, onun vəzifələrinə daxildir ki, generalın daimi ofisindən kifayət qədər uzaq məsafədə yerləşən “N” obyektinə səfərinin tarixinə dair əvvəlcədən məlumat versin. Bu isə çox vacibdir, onlara məlumdur ki, bu obyekt sıx meşə massivindən keçən yolun üzərində yerləşir. Onlar həmin yolun üzərində generalın götürülməsi üzrə əməliyyatın həyata keçirilməsi üçün nöqtə seçmişdilər. Ənvər Həsənovun vəzifəsi ondan ibarət idi ki, o, yavərdən avtomaşını “N” obyektinə getmək üçün uzaq yola hazırlamaq barədə göstəriş alan kimi səfərin dəqiq tarixini vərəqdə qeyd edib həmin gizli saxlanc yerinə qoymalı idi. Əlavə hər hansı qeyd və ya yazı həmin vərəqdə olmamalı idi. Bundan başqa əlavə etdilər ki, gestapo geyimi geymiş qrup avtomaşını saxladıqdan sonra Ənvər Həsənov maşının mühərrikini söndürməməli idi və generalın üzərinə çökmüş partizanlardan birinin göstərişi ilə yubanmadan meşəyə hərəkət etməli idi. Ənvər Həsənov partizanları əmin etdi ki, ondan asılı olanları dəqiq və nöqsansız icra edəcəkdir.
Cəmi bir neçə gün keçdi. Yavər Ənvər Həsənovu öz yanına çağırdı və ona əmr etdi ki, maşını “N” obyektinə gediş üçün hazırlasın. Səfərin gününü bildirdi. Avtomaşını hazırlamaq bunları nəzərdə tuturdu: yağı dəyişmək, ehtiyat üçün benzin kanistrı götürmək, radiatora antifriz əlavə etmək, bir şüşə tormoz mayesi götürmək, bir neçə ehtiyat kameralar və ehtiyat təkər hazırlamaq və s. Bu məqsədlə o, düşərgənin hüdudlarından kənara çıxmağa başladı. Yaranmış şəraitdən istifadə edərək o, partizanlar üçün nəzərdə tutulan kağızı gizli saxlanc yerinə qoydu.
Generalın “N” obyektinə səfəri sakit, hadisə baş vermədən ötüşdü.
İşini qurtardıqdan sonra o, bazaya qayıdırdı. Daşlı aralıq yol meşədən keçirdi. Ənvər Həsənov yolayrıcında esesçilərin qrupunu gördü. Onlar avtomatı hazır vəziyyətdə tutmuşdular. Faşistlər avtomaşının yolunu kəsdilər. Bu aktdan hirslənən yavər yan şüşəni aşağı saldı, onlara izah etdi ki, bu maşın generala məxsusdur və yoxlanıla bilməz. Esesçi yavərə izah etdi ki, gestapoçular tərəfindən xüsusi əhəmiyyətli əməliyyat keçirilir, ona görə onlara göstəriş verilmişdir ki, bir müddət heç kəsi buraxmasınlar. Hələ ki, izah etmələr, anlaşmalar gedirdi, digər tərəfdən əlavə bir esesçi də avtomaşına lap yaxınlaşdı. Generalın avtomaşınının buraxılmasına dair yavərin təkidli tələblərinə cavab olaraq esesçi dedi ki, o, kiçik adamdır, onlardan 5-7 metr məsafədə dayanmış komandirin göstərişi lazımdır. Ona görə, qoy onlar əziyyət saymasın, avtomaşından düşsün, ona – gestapo zabitinə yaxınlaşsın, izah etsin ki, kimi müşayiət edir. Və o, əmindir ki, icazəni ala biləcəkdir. Yavər esesçi əsgərin inadkarlığına görə söyüş söyə-rək avtomaşının qapısını açdı, ondan kənara çıxdı və uzaqda olmayan gestapo zabitinə yaxınlaşdı. Heç ağzını açmağa macal tapmamışdı ki, atəş səsi eşidildi. Elə bu anda da maşının müxtəlif tərəflərindən iki əsgər arxa qapını açdılar və oturacaqda əyləşmiş generalın üzərinə yıxıldılar. Əsgərlərin ağırlığından general heç tərpənə də bilmədi. Dərhal rus dilində komanda səsləndi: “Həsənov, sağ yol ilə meşəyə hərəkət et!” Ənvər Həsənov vəziyyəti başa düşüb avtomaşını meşənin dərinliyinə sürdü. Heç iki kilometr getməmişdilər ki, meşə yolunun hər iki tərəfindən kolluqdan avtomatlı şəxslər çıxdılar. Əsgərlərdən biri komanda verdi: “Dayan!” Elə o, avtomatlıları çağırdı, generalın əllərini tutmağı əmr etdi ki, tapançaya əli çatmasın deyə qollarını bağlasınlar. Hər şey icra olundu. General tərksilah edildi. Hamı piyada qaydasında meşənin dərinliyinə doğru hərəkət etdi. Beləliklə, general onun – Ənvər Xanlar oğlu Həsənovun köməyi və iştirakı ilə keçirilən əməliyyat nəticəsində partizanların əlinə keçdi. Bir neçə gün sonra Moskvadan göndərilən xüsusi kəşfiyyat təyyarəsi ilə general SSRİ-yə aparıldı. Ondan Qırmızı Ordunun hücum əməliyyatlarının qarşısını kəsmək üçün nəzərdə tutulan faşistlərin güclü maneə qurğularının tikintisinə dair xüsusi əhəmiyyətli, qiymətli məlumatlar əldə olundu. Ənvər Həsənovun partizanların yanında güzəranı maraqlı keçirdi. O, onların keçirdiyi əməliyyatlarda iştirak edirdi, cəsurluğu və inadkarlığı ilə seçilirdi.
Bir müddət sonra hücum edən Qırmızı Ordu partizanların gizli fəaliyyət göstərdikləri əraziləri azad etdi.
Hərəkat iştirakçıları Qırmızı Ordunun tərkibinə qoşuldular və Berlinə doğru hərəkət etdilər. Ənvər Həsənov əvvəlki hüquqlarını əldə etdi – baş leytenant poqonlarını taxdı və tağım rəhbərliyinə təyinat aldı. Qırmızı Ordunun hücum edən hissələri ilə birlikdə Berlinə qədər gəlib çıxdı. Reyxstaqın yaxınlığında onun bölməsi faşistlərin güclü müqavimətilə rastlaşdı. Müdafiə olunan faşistlərin yaratdıqları güllə yağışı irəliyə bir addım da atmağa icazə vermirdi. Böyük üçmərtəbəli binada yerləşən faşistlər onu alınmaz qalaya çevirmişdilər. Lakin qərargahdan komanda verilmişdi – nəyin bahasına olursa olsun, ev zəbt olunmalı idi ki, Reyxstaqa doğru yol açılsın.
Xüsusi əməliyyat hazırlandı. Ona əsasən Ənvər Həsənov tabeliyində olan kiçik qrupla, göz gözü görməyən gecə qaranlığında binanın arxasına keçəcəkdilər. Evin düz divarlarının yanında tələ qurub işıqlananda isə üzbəüzdəki əsas hissə fasiləsiz atəş açmağa başlayacaqdı, faşistlər üçün gözlənilməz olan işin bu qaynar vaxtı divarın dibində yerləşmiş qrup içəri daxil olub birinci mərtəbədəki bütün faşistləri məhv edəcəkdilər. Bu əməliyyat müdafiə olunanlar arasında qarışıqlıq yaradacaqdı və tağımnın əsas qüvvələrinə imkan verəcəkdi ki, binanı tam zəbt etsinlər. Belə də oldu, fikirləşildiyi kimi əməliyyat uğurlu alındı. Ənvər Həsənovun qrupu birinci mərtəbəyə hücum etdi və oradakı faşistləri qırdılar, əsas qüvvələr isə yuxarı mərtəbələrin təmizlənməsinə başladılar. İkinci mərtəbədə Ənvər Həsənov otağa daxil olarkən ona avtomat tuşlamış faşisti müşahidə etdi. Ənvər Həsənov silahı ilə əlindən vuraraq faşisti ona atəş açmağa macal vermədi. Faşist avtomatı əlindən saldı, qolu qırılmışdı, dizləri üstünə çökdü və onu öldürməsin deyə yalvarmağa başladı, bildirdi ki, o, xiromantdır, Ənvər Həsənova taleyini xırdalıqları ilə qabaqcadan deyə bilər. Ənvər Həsənov bir anlıq dayandı, daxildə bir qüvvə faşisti dinləmək lazım olduğunu söylədi. Faşist dizi üstünə düşərək Ənvər Həsənovun əlinə baxaraq ona gələcəyini söylədi. Onun sözlərinə görə, Ənvər Həsənov müharibəni sağ-salamat başa vuracaq. Reyxstaq divarları yanında Qırmızı Ordunun qələbəsini qeyd edəcək. Evə qayıdacaq, evdə şadlıq hökm sürəcək, amma bu çox çəkməyəcək. Onun həyatında uğursuzluq, kədər zolağı başlayacaq. O, həbs olunacaq, uzun müddətə mühakimə ediləcək və axıra qədər cəza evində oturacaq. Həbs yerindən evinə qayıtdıqdan sonra narahatlıqla uzun müddət əzab çəkəcək. Lakin onun həyat yolunda bir insan meydana çıxacaq, ona dost olacaq, həmin şəxsin köməkliyi ilə həyatında haqq-ədalət yerini tapacaqdır. Xiromantı dinləyib Ənvər Həsənov onu alayın qərargahına aparmağı əsgərə əmr etdi...
Həsənov öz tağımının qalan heyətilə Reyxstaqın divarlarına qədər gedib çıxdı, Qırmızı Ordunun digər döyüşçüləri ilə birgə 9 May – Qələbə Gününü qeyd etdi.
Orada Berlində ona demobilizasiya haqqında sənədləri verdilər və Bakıya qədər gediş vəsaiti ilə təmin etdilər...
***
...Həsənovların ailə ocağını sevinc və şadlıq bürümüşdü. Hələ bir olmasın da, ailə başçısı qanlı-qadalı müharibədən sağ-salamat qayıtmışdı. Bir müddət sonra o, ixtisası üzrə “Azneft” birliyində işə başladı. Qayğısız günlər keçib gedirdi. Xoşbəxtlik hökm sürürdü. Və birdən – gözlənilməz hadisə. Gecəyarısı qapı döyülür. Onu açarkən astanada 4 nəfər göründü, qızılı poqonları olan hərbi geyimdə idilər.
Öndə dayanmış zabit sual verdi:
– Həsənov Ənvər Xanlar oğlu, sizsiniz?
– Bəli. – evin sahibi xəbər verdi.
Zabit ona həbs olunması və mənzildə axtarış aparılması barədə order təqdim etdi.
Dörd nəfər hamısı icazə istəmədən içəri daxil oldular. Ənvər Həsənov işığı yandırdı və onlardan bir neçə dəqiqə gözləməyi xahiş etdi ki, qadınlar yataqdan qalxsınlar və geyinsinlər.
Axtarış səhərə qədər davam etdi. Sonra isə ona geyinməyə imkan verdilər. Ailə üzvlərinin göz yaşları, hıçqırtıları altında onu həyətdə dayanmış xüsusi maşına apardılar. Ailəsi onu bir daha görmədi.
O, Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin binasına gətirildi və zirzəmidəki kameralardan birinə salındı. Müstəntiqlər dərhal ona faşistlərə kömək etmək ittihamı irəli sürərək istintaqa başladılar. Ənvər Həsənov özünün əsirlikdə olmasını təsdiqlədi, sonra sürücü qismində əvvəl yük maşınını, sonra isə tikinti obyektlərinə rəhbərlik edən generalın avtomobilini idarə etdiyini söylədi, lakin düşmənə köməklik etmədiyini bildirdi. Bununla yanaşı, o, müstəntiqlərə generalın tutularaq partizanların düşərgəsinə gətirilməsi əməliyyatında iştirak etdiyini də məlumat verdi. Ancaq müstəntiqlər onu heç dinləmək də istəmədilər. Bir neçə gün sonra ona ittiham elan olundu və hökm oxundu, sərt Uzaq Şimal düşərgəsində keçirilməklə 12 il azadlıq məhrum edildi.
O, ittiham üzrə bütün müddəti həbsdə qaldı. Necə deyərlər, günbəgün. Düşərgədə onları meşə zəmisində – ağac tədarükündə istifadə edirdilər. Amma o, qəm yemirdi, bilirdi ki, günahsız qurbandır, ona qarşı əsassız yerə ədalətsizlik edilibdir...
***
...İşlə tanışlıq bitdi. Şamil Süleymanov onu bağladı və kənara qoydu, ona çox şey aydın oldu. Əsas nəticə – qanunsuzluq, dəhşətli dərəcədə ədalətsizlik, müstəntiqlərin insafsızlığı. Bütün bunları sübut və təsdiq etmək lazımdır.
Sözsüz ki, həlledici, əsas təkzibolunmaz informasiya SSRİ Müdafiə Nazirliyinin Arxiv İdarəsində ola bilər. Deməli, oraya sorğu göndər-mək gərəkdir. Məktub hazırlandı, orada keçmiş hərbi əsir, repressiya olunmuş və cəza müddətini tam çəkmiş vətəndaş Ənvər Həsənovun mümkün reabilitasiya məsələsinə baxılması göstərilirdi. Məktubla xahiş edilirdi ki, əgər onların arxivində Ənvər Həsənov barəsində hansısa materiallar vardısa, məlumat verilsin. Ənvər Həsənovun tam müəyyənedici məlumatları bildirilirdi. Məktub hələlik kənara qoyuldu, çünki onu DTK rəhbəri imzalamalı idi. Şamil Süleymanovda məktubla bağlı bir narahatlıq yarandı: Bəlkə, birdən?.. Bəlkə, birdən?.. Bu fikir Şamil Süleymanovu ona görə narahat edirdi ki, əgər “Bəlkə birdən?” təsdiqlənərsə, bütün əziyyət və çalışmalar boşa gedə bilər, necə deyərlər – “yamaq ola bilər”.
Şamil Süleymanov işlə tanışlıq zamanı yazdığı qeydlərə tez-tez qayıdırdı, təkrar-təkrar oxuyurdu. Hər dəfə Ənvər Həsənov barəsində fikirləri oxuyaraq düşünürdü. İşdə birdəfəlik bağlanmış və kleylənmiş zərfdə Ənvər Həsənovun AzSİ-ni bitirməsi barədə diplomu da vardı. Bunu görəndə Şamil Süleymanovun içində elə bil nə isə qaynadı, necə də ədalətsizlikdir: “Bu axı onun şəxsi sənədidir, dövlət orqanının bu nəyinə lazımdır. O, işdə əhəmiyyətsiz sənəd kimi qalıb, sahibi isə əziyyət çəkir, onu iş yerinə təqdim edə bilmir. Bu səbəbdən onun üçün çoxlu anlaşılmazlıqlar yaranıb. DİXK-DTN keçmiş müstəntiqləri necə də qeyri-insani hərəkətlər ediblər”.
Ənvər Həsənovun taleyilə bağlı bütün şəraitin təhlili, nəhayət, Şamil Süleymanovun belə bir nəticəyə gəlməsinə əsas verdi ki, onun günahı yoxdur, başqa sözlə, ortada günahsız günahkar var. O, bir dövrlər mövcud olmuş və öz yolu üzərindəki hər şeyi, hətta günahsız insanların həyatlarını da məhv etmiş Beriya sisteminin qurbanıdır. Bu nəticənin əsasında Ənvər Həsənovun bəraət alması, ardınca tam reabilitasiyası uğrunda mübarizəyə başlamaq lazımdır.
***
Uzun müddət düşüncələrdən sonra Şamil Süleymanov qərara aldı ki, sədrə müraciət etsin. O zaman bu vəzifədə Əliyev Heydər Əlirza oğlu idi. Şamil Süleymanov sədrə zəng etdi və çox ciddi məsələ ilə əlaqədar onun qəbuluna gəlmək istədiyini bildirdi. Dərhal göstəriş verdi ki, gəlsin. Onun yanında olarkən Şamil Süleymanov məruzə etdi ki, məsələ sadə və müəyyən deyil, bir insanın taleyilə bağlıdır. 25 ildir ki, keçmişdəki siyasi sistem tərəfindən həmin insanın taleyi qırılmışdır və o, ədalətsiz aktın qurbanı olaraq əzab-əziyyət çəkdiyini dərk edir. Bu fakt sovet vətəndaşlarına qarşı qanunsuz repressiyalar keçirmiş siyasi orqan DİXK-DTN tərəfindən yaradılmışdır. Beriyaçılıq cəmiyyətin üzvlərinin hər addımında hökm sürürdü, ədalətsiz olaraq Vətənə sədaqətli və vicdanlı insanları cəzalandırırdı. Haqsız yerə cəzalandırılmış belə şəxslərdən biri Həsənov Ənvər Xanlar oğludur, mühəndis-neftçidir, Böyük Vətən müharibəsinin ilk günlərində cəbhəyə getməkdən azad edən möhlət hüququndan istifadə etmədən hərbi komissarlığa gəlmiş və döyüşə göndərilməsini xahiş etmişdir. O, əmin idi ki, müharibəni amansızlıqla başlamış faşistləri şərəfli Qırmızı Ordu toz kimi ovacaqdır. Ancaq təəssüf olsun!
Hadisələr sürətlə cərəyan edirdi. Almanlar sərhəddə müdafiəni yararaq ölkənin dərinliyinə irəlilədilər. Faşistlərin arxasında əsir düşənlər arasında təkcə mülki vətəndaşlar deyldi, Qırmızı Ordunun böyük hərbi birləşmələri də vardı. Baş leytenant Ənvər Həsənov da onların arasında idi. Düşərgədə olarkən o, barakların və digər təsərrüfat qurğularının tikintisində işləmişdir. Onun avtomaşın idarə etmək bacarığını faşistlər müəyyən etdikdən sonra onu əvvəlcə yük maşınının, sonra isə düşərgədə sonradan peyda olmuş faşist generalına məxsus minik avtomobilinin sükanı arxasına əyləşdirmişdilər. General fortifikasiya qurğularının tikintisinin aparılması işinə rəhbərlik edən əsas şəxs idi. Bir dəfə partizanlar Ənvər Həsənova çıxdılar və ona təklif etdilər ki, generalı təyin olunmuş yerə gətirsin və partizanlara təhvil versin. Əməliyyat onlar tərəfindən hazırlanmışdı və burada Ənvər Həsənovun əsas iştirakçı kimi da əhəmiyyətli rolu vardı. Ənvər Həsənov ona həvalə olunmuş işi, generalın partizanların məkanına çatdırılmasını uğurla həyata keçirdi. Generaldan alınmış qiymətli məlumat Qırmızı Ordunun hücumu zamanı maneələrin müvəffəqiyyətlə keçilməsi istiqamətində uğurla istifadə edildi. Bundan başqa partizanlarla birgə Qırmızı Ordunun tərkibinə daxil olmuş Ənvər Həsənov əvvəlki statusla baş leytenant və tağım komandiri vəzifəsi-nə bərpa olundu. Berlinə qədər gedib çıxdı, Reyxstaqın alınmasında iştirak etdi, orada Qələbə gününü qeyd elədi. Bakıya qayıdaraq xoşbəxt ailə həyatına dinc əmək fəaliyyətinə başladı. Lakin bu xoşbəxtlik çox çəkmədi. Demək olar ki, bir neçə aydan sonra, həmin 1945-ci ildə DİXK onu həbs və 10 il məhkum etdi. Müddəti tamamilə çəkdi. Evinə qayıtdı, müəyyən etdi ki, hər şeyini itirib, necə deyərlər: it də gedib, ip də gedib. Ona aydın idi ki, həyatını lap əvvəlindən, sıfırdan başlamalıdır. İşə onu adi mühəndis gö-türdülər. Mənzili kirayə edir. Əhatəsi ondan uzaq gəzir, baxmayaraq ki, bunu özü açıq deməyib. İctimai tədbirlərə onu çox vaxt dəvət etmirlər. Həyat tənhalıqla və öz axarı ilə davam edir. Düşdüyü situasiya onunçün çox ağırdır. Onun günahı günahsızlığı, ona ədalətsiz münasibətdir. O, təsdiq edir ki, buna layiq deyildir, insan kimi, normal şəraitdə yaşamaq vaxtı gəlib çatmışdır.
Heydər Əliyevə məruzəsində Şamil Süleymanov qeyd etmişdi ki, arxivdən onun barəsində qırxıncı illərdə açılmış işi qaldırmışdır. Diqqətlə öyrənmişdir. Həyatındakı bütün faktlar işdə əksini tapmışdır. Bundan əlavə orada DİXK-DTN-in keçmiş agentlərindən daxil olmuş çoxlu məlumatlar vardır. Mənbələrin böyük əksəriyyəti onun haqqında müsbət fikir ifadə edirlər, onu vətənpərvər, Vətənə sədaqətli, sovet quruluşuna, hökümətinə və rəhbərliyinə qarşı mənfi fikirlərə yol verməyən şəxs kimi səciyyələndirirlər.
Şamil Süleymanov həmçinin öz qənaətini də bildirmişdir ki, münasibətləri olduğu 5 il ərzində yalnız müsbət təəssüratlar qalmışdır, real düşüncəyə malik insandır, daxilində yaxşılığa ümid yaşayır. Mövcud materialların, mənbələrin məlumatlarının, davranış tərzinin, ilk növbədə işdə olan materialların analizi əsasında onda aydın və tam fikir yaranmışdır ki, bu adamın günahı yoxdur, o, Beriya aparatının siyasi təqibinin qurbanıdır, onlara uyğun olmayan şəxs kimi repressiyaya məruz qalmışdır.
Şamil Süleymanov qeyd etmişdi: “Heydər Əliyeviç, Vətəninə sədaqətli adam şəxsi həyatı bahasına böyük risklə rəşadət göstərə bilərdi, partizanlarla əlaqə yaradıb faşist generalını onlara çatdıra bilərdi. Bu hərəkəti yalnız cəsur, fədakar, Vətənə sonsuz sadiq adam edə bilərdi. Mən hesab edirəm ki, bu akt, hərəkət, fəaliyyət – o, ən yüksək mükafata layiqdir – ona Sovet İttifaqı Qəhrəmanı adı verilməyə qədər. Bundan əlavə o, müharibəni Berlin divarları yanında başa vurmuşdur, Reyxstaq divarlarında, fəaliyyətdə olan Qırmızı Ordu sıralarında baş leytenant rütbəsində və tağım komandiri vəzifəsində. Bununla yanaşı, Heydər Əliyeviç, bu gün mənim onunla dostluq münasibətlərim mövcuddur. Ənvər Həsənov 25 ildən artıq müddətdə olduğu həmin aurada zərrə qədər də tərəddüd etməmişdir, Vətənə sadiq qalmışdır, o, bizim düşmənlərin cərgəsinə keçməmişdir, antisovet mövqeyi tutmamışdır, quruluşumuzdan narazı olmamışdır. Sovet dövlətinin və partiyanın xəttini tamamilə bəyənir. O, vətənpərvər, bizim dövlətə sədaqətli olaraq qalır. Bütün bunların müqabilində bu adam layiq olmadığı halda və məcburən “köməkçi” damğası gəzdirir. Məgər bu ədalətlidir? Mənim dəqiq fikrimcə, faşist əsirliyində olan şəxs həyatı ilə risk edərək qərar qəbul edir və qəhrəmanlıq göstərirsə, heç cür faşist köməkçisi ola bilməz, onu öz yurdunun vətənpərvəri kimi dəyərləndirmək lazımdır. Bu halda biz yuxarıdan bu vətəndaşın reabilitasiyasının mümkünlüyü məsələsinə münasibət bildirilməsini gözləyə bilmərik. Ona görə, mənim şəxsi qənaətimdir ki, belə qala bilməz, o, reabilitasiya olunmalıdır və siyasi və vətəndaş hüquqları bərpa edilməlidir. Ədalət zəfər çalmalıdır, DİXK-DTN tərəfindən buraxılmış səhvin düzəldilməsi vaxtı gəlib çatmışdır, ona görə ki, bu insan ömrünün qalan hissəsini azad və bərabər hüquqlu yaşamalıdır. Bunun üçün isə tapdalanmış yolla gedilməməlidir, yəni ki, praktikada mövcud əmr və təlimatlara rəğmən, məhz Azərbaycan DTK-nın rəhbərinin xidməti mövqeyindən istifadə etməklə, istisna hal kimi Ənvər Xanlar oğlu Həsənovun reabilitasiyası üzrə iradəli qərar qəbul etmək lazımdır”.
Heydər Əliyev Şamil Süleymanovu diqqətlə dinlədi, məruzə prosesində çoxlu dəqiqləşdirici suallar verdi. Şamil Süleymanov Ənvər Həsənovun düşdüyü ağır vəziyyətə bais olan çətin şəraitin elementləri haqqında konkret məqamlara aydınlıq gətirdi. Heydər Əliyev Şamil Süleymanovun öz mövqeyində qətiyyətlə durmasını, Ənvər Həsənovla bağlı problemin mütləq şəkildə həllinə dair münasibətini müsbət qəbul etdi. Razılaşdı ki, bu insana qarşı kobud səhv edilib və mütləq düzəldilməlidir. Heydər Əliyev Şamil Süleymanova bununla əlaqədar ətraflı arayış tərtib etməyi, onun təqsirsizliyini təsdiqləyən faktları və məqamları əks etdirməyi tapşırdı.
Onun kabinetini tərk etməzdən əvvəl Şamil Süleymanov bəyan etdi ki, həyata keçirilmiş bütün hərəkətlərdə bir çatışmayan halqa var. Bunu tamamlamaq üçün SSRİ Müdafiə Nazirliyinin Arxiv İdarəsinə sorğu göndərilməlidir ki, onlarda Ənvər Həsənovun əsirlikdə və partizanların cərgəsində olmasına dair mümkün məlumatları təqdim etsinlər. Heydər Əliyev Şamil Süleymanovu dəstəklədi və bildirdi ki, onla-rın məlumatları mövcuddursa, bu “i” üzərində nöqtəni qoymağa kömək edəcəkdir.
Bu sözlərdən sonra o, bir qədər fikrə getdi və yalnız özünə məlum fikirlər içərisindən seçərək aram-aram bunları ifadə etdi: “Bilirsən, bu yaxınlarda mənə Azərbaycan KP MK-nın sənaye üzrə katibi Əli Cabbar oğlu Əmirov zəng etmişdi, bu adamın məsələsini araşdırmağı, aydınlaşdırandan sonra isə onun reabilitasiyası məsələsinə baxmağı xahiş etmişdi. Mən 2-ci şöbənin rəisini çağırdım və ona bu məsələni araşdırmağı və konkret təklifləri məruzə etməyi tapşırdım. Sonra o, məruzə etdi ki, Ənvər Həsənov həbsxanada faşistlərə “kömək etmə” maddəsi ilə cəza müddətini tam çəkib. Repressiya olunanların bu kontingentinə reabilitasiya aid edimir. Ancaq sənin məruzən məsələni dəyişir. Mən əminəm ki, Moskvanın bizim sorğuya cavabı bizə ən doğru qərarı söyləyəcəkdir”...
***
...Şamil Süleymanov şadlıq əhval-ruhiyyəsi içərisində idi. Heydər Əliyev ona sualla müraciət etdi: “Necədir?” O, cavab verdi: “Baş gicəlləndirici”. Heydər Əliyev dəstəyi qaldırdı, nömrə yığdı, aşağıdakıları dedi: “Əfəndiyev, keçmiş repressiya olunmuş Ənvər Xanlar oğlu Həsənovun reabilitasiyası haqqında Qərarı hazırla və onu mənə gətir. Süleymanovda olan materialları isə götür və reabilitasiya üzrə topluya əlavə et”. Sonra isə üzünü Şamil Süleymanova tutub dedi: “Bax belə, sən çox yaxşı və xeyirxah bir iş gördün. Təbrik edirəm”...
***
...O (Ənvər Xanlar oğlu Həsənov), bildirdi ki, MN-in Kadrlar idarəsində onu çox diqqətlə və layiqincə qəbul ediblər, amma əvvəlcə reabilitasiya haqqında sənədlə tanış olublar. Onun həqiqiliyinə əmin olduqdan sonra sürprizlər gəldi. Onlardan birincisi, Sovet Ordusunda xidmət. Xidmət dövrünü mənə müharibənin birinci günündən hesabladılar, yəni 22 iyun 1941-ci ildən. Xidmətin son günü – reabilitasiyanın alındığı gün. Fasiləsiz staj kimi hesab etdilər – əsirlik, partizanların yanında olma, Qırmızı Ordu hissələri tərkibində Berlinə qədər gedib çıxdığı xidmət dövrü, müharibədən sonrakı həbs, Uzaq Şimala sürgün, həbsdən sonra müddət reabilitasiyaya qədər. Onların hesablamasına görə, Ənvər Həsənovun Sovet Ordusunda fasiləsiz iş stajı təqribən 26 ildir. Bunlar 100 % pensiya alınmasına kifayət edir. Ehtiyata baş leytenant rütbəsində, tağım komandiri vəzifəsində buraxılmışdır. Təqaüd çox sanballıdır və onu ömrümün sonuna qədər alacaqdır. İkinci sürpriz ona iki medalın verilməsidir: 1) “1941-1945-ci illərdə BVM-də iştiraka görə”; və 2) “Berlinin alınmasına görə”. Üçüncü sürpriz o, Böyük Vətən Müharibəsinin iştirakçısı və Sovet Ordusunun təqaüdçüsü kimi bütün güzəştlərdən istifadə edəcəkdir... (Ardı var)