hemle

Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Samid İmanovun şəhadətindən 4 il ötür FOTO

Tarix:11-04-2020, 00:44
Baxış Sayı:556

Neftçala, 9 aprel, İ.Cəfərli, AZƏRTAC
Bu gün Aprel döyüşlərində şəhid olan, Milli Qəhrəman, Silahlı Qüvvələrin zabiti Samid İmanovun şəhadətindən 4 il ötür. İldönümü sosial izolyasiya tədbirlərinə görə qeyd edilməsə də, bu gün Milli Qəhrəmanın ailəsi və doğmaları karantin rejiminin qaydalarına uyğun olaraq, Samidin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
AZƏRTAC xəbər verir ki, Samid Gülağa oğlu İmanov 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad kəndində anadan olub. 1998-ci ildə Neftçala rayonunda 1 nömrəli orta məktəbi bitirib və həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirib. 2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib. Xidməti müddətində 6 dəfə medalla təltif edilən az sayda hərbçilərdən biri olub.
2016-cı ilin aprel ayının əvvəllərində erməni təxribatı nəticəsində Dağlıq Qarabağda baş verən dördgünlük müharibədə yaralanan Samid İmanov əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edərək, yaralı gizirin aparılmasını əmr edib. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən geri qayıdıb, amma komandiri yerində tapa bilməyib. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oradan kənarlaşıb, lakin aldığı yaralardan qanaxma nəticəsində şəhid olub. Qəhrəman komandir həmin il aprelin 9-da Neftçalanın Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə İmanov Samid Gülağa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
AZƏRTAC-ın müxbiri şəhidin ailəsi ilə onun məzarını ziyarət edib. Milli Qəhrəmanın atası Gülağa İmanov deyir ki, Samid haqqında söz düşəndə, onun xatirələri dilə gətiriləndə qürur hissi keçirir. Amma nə qədər qürurlansa da, oğul itkisi hər ata üçün əzabdı. Bircə təsəllisi oğlunun Vətən uğrunda şəhid olması və Samidin övladlarıdır: “Samidin ölümü bir qəhrəmanlıq salnaməsi oldu. O, son anında da Vətənini, onun şərəfini düşündü. Ağır yaralansa da, düşmənə əyilmədi. Hərbçi yoldaşlarını xilas etdi… Atasının, ailəsinin və dövlətinin başını uca etdi. Bu gün dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşuq. Balamın adına məktəb var, küçə var. Samidi unutdurmayanlar var olsun!”
Samid İmanovun anası Xuraman İmanova: “Oğlumu doyunca görə bilmədim. Uşaqlıq illərindən hərbi xidmətə böyük maraq göstərirdi. Sonuncu dəfə onu ad günümdə gördüm. Başını dizimin üstünə qoydu, onun saçlarını oxşadım, ətrini içimə çəkdim. Sən demə, balamı sonuncu dəfə əzizləyirəmmiş. Heç doymadım Samidimdən. Martın 27-si səhər saat 6-da çıxdı evdən. Gecə saat 11 idi, zəng vurdu ki, “ana, yemək hazırlayın gəlirəm”. 28-i də səhər-səhər çıxdı işə getdi. Heç qucaqlaşıb öpüşmədik də... Hər gün yola saldığımız kimi yola saldım. Pilləkənləri enəndə bir dəfə dönüb baxdı. O baxışı qaldı yadımda. Pilləkənləri enəndə dönüb baxmağını unuda bilmirəm. Cəsur oğul böyütdüm, gözümü yaşlı qoydu...”
Milli Qəhrəmanın qardaşı Sadiq İmanov isə Samidin ölümündən sonra onun haqqında danışmağın çətin olduğunu deyir: “Sizə nə qədər danışsam da, ürəyim rahat olmayacaq. Samid məndən 5 yaş böyük idi. Hərdən şəhərə gəzməyə çıxanda məni Şəhidlər xiyabanına aparırdı. Burada onun dostları uyuyurdu. Mən uzun illər Rusiyada yaşadığımdan onu az-az görə bilirdim. Aprel döyüşlərinin başlanması xəbərini Tümendə olanda eşitdim. Tez-tez Samidlə əlaqə saxlayırdım. Sonra onunla əlaqəm kəsildi. Aprelin 6-na bilet alıb ölkəmizə qayıtdım… Sonra olanları eşitmək və görmək çox acı oldu bizim üçün... İndi hamı qardaşımın igidliyindən, şücaətindən danışır. Mən qardaşımla fəxr edirəm. Vətən belə oğullarının canı və qanı bahasına ayaqdadır.”

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan