"Gürcüstanın Rusiya ilə birlikdə hər hansı bir formatda iştirakı qeyri-mümkündür və bu, “Rusiya öz beynəlxalq öhdəliklərinə əməl etməyənədək” bu cür də olacaq".
Bunu Gürcüstan XİN başçısının müavini Laşa Darsaliya regionda “altılıq platformasının” yaradılması təşəbbüsünə cavab olaraq bildirib.
“Biz qonşu ölkələrimiz olan Türkiyə və Azərbaycanla müxtəlif regional əməkdaşlıq formatlarında iştirak edirik. Həmkar və dost ölkələrin regionda sabitlik və sülhün gücləndirilməsinə dair cəhdləri anlaşılandır.
Rusiya Federasiyasının iştirak edəcəyi formatlara gəlincə, bizim bununla bağlı çoxlu suallarımız var. Rusiyanın da qoşulacağı formatların mövcudluğu üçün Rusiyanın öz beynəlxalq öhdəliklərinə əməl etməsi lazımdır”, – deyə XİN rəsmisi əlavə edib və bu öhdəliklərə atəşkəsə əməl edilməsi, Gürcüstan ərazisindən qoşunların çıxarılması, qaçqınların qaytarılması və digər məsələlərin də daxil olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiya Gürcüstan ərazisində qurulan Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıqdan sonra, Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsib.
Mövzunun görünən və görünməyən tərəflərini Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Şərq"ə açıqlamasında şərh edib:
"Gürcüstanın ərazi bütövlüyü pozulub və hələ də bərpa edilməyib. Bu məsələdə Rusiya fəal iştirak edib. Azərbaycan "3+3" formatı ilə bölgənin əməkdaşlıq istiqamətində fəaliyyət göstərməsini istəyir.
Fikrimcə, Gürcüstanın mövqeyi heç də yanlış deyil. Onlar bu platformaya qoşulmamaqla bölgə ölkələrinə və dünyaya öz mesajını çatdırır ki, onun ərazi bütövlüyü pozulub.
Gürcüstanın ərazi bütövlüyünün pozulmasının günahkarı nə Türkiyə, İran, nə Ermənistan, nə də Azərbaycandır. Onların ərazi bütövlüyü Rusiyanın ucbatından pozulub. Ona görə də Gürcüstan Rusiyaya bu yolla reaksiyasını bildirir.
Digər tərəfdən də Rusiya ilə Gürcüstan arasında heç bir iqtisadi və ya digər əməkdaşlıq yoxdur. Bu baxımdan Gürcüstanın əməkdaşlıq layihəsində iştirakdan imtina etməsi də başadüşüləndir".
Politoloq Gürcüstanın sözügedən əməkdaşlıq prosesində iştirak etməməklə Türkiyə, ya da Azərbaycana heç bir təzyiq göstərmədiyini, hər üç dövlətin arasında böyük layihələrin mövcudluğundan da söz açıb:
"Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə əməkdaşlıq edir. Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan layihələri, eləcə də TAP, TANAP və s. bu ölkələr arasında enerji və nəqliyyatla bağlı çox böyük layihələrdəndir. Yəni onlar təkcə bu layihədən imtina etməklə Azərbaycan və Türkiyəyə heç bir şəkildə təzyiq göstərmir. Sadəcə olaraq sözügedən platformaya Rusiyaya görə qoşulmurlar.
Qeyd etdiyim kimi rəsmi Moskva və Tbilisi arasında heç bir iqtisadi və diplomatik əlaqələr mövcud deyil. Belə olan halda Gürcüstanın bu altılıqda iştirak etməsi nə dərəcədə məntiqli olar?
Düşünürəm ki, əvvəl də bu tip layihələr olsaydı Azərbaycan da həmin layihələrə qoşulmamalı idi. Çünki Azərbaycanın da ərazi bütövlüyü təmin olunmamışdı. Qarabağ məsələsi hələ də sona qədər həll edilməyib. Bölgənin üç şəhəri erməni nəzarəti altındadır və həmin işğalçılar bölgədən çıxmayıblar. Bu məsələ bir növ yarımçıq həll olunmuş sayılır.
Sadəcə olaraq adıçəkilən iqtisadi əməkdaşlıqla məsələni yumşaltmaq, perspektivdə uzunmüddətli və dayanıqlı sülhə nail olmağa çalışırlar.
Amma ermənilər özlərinin hərbi ritorikasından, eləcə də separatçılıq mövqeyindən əl çəkməyib, əksinə, davam edirlər.
Bu platforma əməkdaşlıq etməklə bölgənin təhlükəsizliyini təmin etmək, dövlətləri və xalqları bir-birinə yaxınlaşdırmaq üçün tərəflərə iqtisadi cəhətdən sərfəli variant tanıyır".
Azərbaycan və Türkiyə, həmçinin, İranın özü də məlum platformanın reallaşmasında maraqlıdırlar. Son günlər İran XİN başçısı Zərifin qonşu ölkələrə səfərlərinin bir tərəfi də həmin layihənin reallaşması yönündədir. Sizcə, Gürcüstan bir müddət sonra yola gəlib platformada iştirak etməyə razı olacaqmı?
"Yəqin ki, Gürcüstan bir müddət sonra bəyanat verəcək ki, ərazi bütövlüyünün təmin olunacağı şərtlər daxilində Rusiyanın da olduğu layihələrdə iştirak edə bilər.
Lakin nə qədər ki, Gürcüstanın ərazi bütövlütü təmin olunmayıb, o, Rusiyanın qatıldığı platformalarda iştirak etməyəcək".