hemle

İrana tətbiq olunan sanksiyaların ölkəmizə nə kimi təsiri ola bilər?

Tarix:10-11-2018, 10:50
Baxış Sayı:520

Vüqar Bayramov: “Azərbaycanlı sahibkarlar sanksiyalardan imkan kimi faydalanmalıdırlar”

Qubad İbadoğlu: “İranla-Azərbaycan arasında rəsmi iqtisadi əlaqələr zəifləyəcək”

Noyabrın 5-dən ABŞ-ın İrana sanskiya tətbiq etməsi qonşu ölkənin iqtisadiyyatına ciddi zərbə vuracağı şübhəsizdir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar İranın da payı olduğu Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək “Cənub Qaz Dəhlizi” layihəsinə şamil olunmasa da, çox güman ki, Azərbaycana da təsir edəcək. Nəzərə alsaq ki, Azərbyacanda son illər İran şirkətləri aktivləşib. Belə ki, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-ü ötüb, o cümlədən də Nefçala rayonunda yerləşən Azərbaycan və İranın birgə layihəsi olan “Xəzər” avtomobil zavodu inşa edilib. Nəticədə isə son illər İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 milyard dollara çatıb. Amma bu sanksiyalardan sonra bu şirkətlərin Azərbaycanda fəaliyyəti məhdudlaşacaq. Çünki bildiyimiz kimi, sanksiyaların bir hədəfi də xarici maliyyə qurumlarının İran Mərkəzi Bankına və digər İran banklarına beynəlxalq köçürmələrin qarşısını alır. Bank əməliyyatlarını həyata keçirmək mümkün olmadıqda isə çox güman ki, İran şirkətlərinin Azərbaycanda fəaliyyəti məhdudlaşacaq. Nəticədə isə İranın Azərbaycana yatırdığı investisiyanın həcmi də azalacaq. Bu baxımdan, ABŞ-ın İrana tətbiq etdiyi genişləndirilmiş sanksiya paketi Azərbyacana mənfi təsir edə bilər. Amma çox güman ki, Azərbaycan və İran hökuməti bu mənfi tendesiyaların minimuma endirməyə çalışacaq. Belə ki, İran şirkətləri Azərbaycana pul köçürmələrini banklar vasitəsiləsilə deyil, əlbəl də edə bilərlər. Lakin bütün hallarda İranda dollar qıtlığının yaranması şirkətlərin fəaliyyətinə mənfi təsiri qaçılmazdır.
Ancaq ABŞ-ın İrana tətbiq etdiyi sanskiyaların Azərbyacan iqtisadiyyatına mənfi təsirləri olduğu kimi müsbət təsirləri də ola bilər. Çünki İran məhsullarının xaricə çıxışının məhdudlaşdırılması İran bazarında ucuz mal, məhsul bolluğu yaradacaq ki, bundan Azərbaycan vətəndaşları, xüsusən də orta və kiçik sahibkarlar yararlana biləcək. İran bazarından birbaşa mal alan sahibkarların isə bank əməliyyatı etməyə ehtiyacı yoxdur. Çünki azərbaycanlı sahibkarlar ödənişi yerindəcə həyata keçirib, həmin malı Azərbaycana gətirə bilər ki, bu da İrana tətbiq olunan sanskiyaların Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini müsbət tendensiya ilə əvəz edə bilər.

“Sanksiyalar dolayısı da olsa Azərbaycan iqtisadiyyatına təsir edir”

Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycan iqtisadiyyatına mənfi və müsbət təsirlərini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Hürriyyət”ə xatırlatdı ki, Amerika Birləşmiş Ştatları İrana qarşı tətbiq etdiyi sanksiya paketinin genişləndirilməsi ilə bağlı noyabrın 5-də qərar qəbul edib: “Amma bununla yanaşı, ABŞ İrandan neft alan 8 ölkəyə güzəşt tətbiq edib və həmin ölkələr növbəti 6 ay ərzində İrandan neft idxal edə bilər. O ölkələrə sansksiyaların tətbiq edilməsi nəzərdə tutulmur. Təbii ki, İran Azərbaycanın qonşu olkəsidir. Sanksiyalar dolayısı da olsa Azərbaycan iqtisadiyyatına təsir edir. Doğrudur, sanksiyalarda Cənub Qaz Dəhlizi istisna olaraq göstərilib. Sanksiyalar Cənub Qaz Dəhlizinə aid edilməyəcək. Sanskiyaların dosyesində qeyd edilib ki, Cənub Qaz Dəhlizi sanksiyalardan azaddır. Baxmayaraq ki, “Şahdəniz” Konsersiumunda İran şirkətinin 10 faiz payı var. Buna rəğmən, Amerika Birləşmiş Ştatları layihənin əhəmiyyətini nəzərə alaraq Türkiyə və Avropa üçün çətinlik yaranmaması üçün Cənub Qaz Dəhlizini sanksiyalardan azad edib.
Son illər Azərbaycanla İran arasında iqtisadi münasibətlərin inkişafı müşahidə olunurdu. İran kapitalı hesabına Azərbaycanda zavod və müəssisələr yaradılırdı. İran və Azərbaycan arasında nəqliyyat dəhlizində əməkdaşlıq xüsusilə qeyd edilməlidir. Güman olunur ki, sanksiyalar iki ölkə arasında xarici ticarət dövriyyəsinə təsir göstərəcək. Əgər növbəti 4 ildə Azərbaycan şirkətləri İran şirkətləri ilə əməkdaşlıqda maraqlıydılarsa, sanksiyalardan sonra bu maraqların xeyli dərəcədə azalacağı gözlənilir. Artıq Azərbaycandan İrana xarici valyuta axını dayanacaq. Bank əməliyyatlarının edilməsi praktiki olaraq mümkün deyil. İran bankları işləməyib, dayanacaq. Nəticədə də iki ölkə arasındakı iqtisadi əməkdaşlığa təsir göstərəcək. Güman olunur ki, iqtisadi azalmalar olacaq. Amma azərbaycanlı sahibkarlar bundan imkan kimi faydalanmalıdırlar. Çünki İrana sanskiya tətbiq edilməsi nəticəsində İran məhsullarının dünya bazarına çıxarılmasında çətinlik yaranıb. Bu baxımdan, sahibkarlar həmin məhsulların Azərbaycan bazarlarına çıxarılması üçün daha aktiv olmalıdırlar. Sanksiyalar baxmayaraq İranla Şimal-Cənub Dəhlizinin reallaşması mümkündür” .

“İş adamları çalışmalıdır ki, sanksiyalardan neqativ təsir kimi yox, imkan kimi istifadə edə bilsinlər”

V. Bayramov nəzərə çatdırdı ki, Azərbaycan nəqliyyat sektorunun inkişafı ilə bağlı İranda dəmiyolu xəttinə invsetiya qoyub: “Bu istiqamətdə işlərin davam edəcəyi gözlənilir. Bütövlükdə Azərbaycan üçün İrana genişləndirilmiş sanksiyaların tətbiq edilməsi arzu olunan deyil. Amma reallıq bundan ibarətdir ki, bu sanksiyalar var. Bu baxımdan, iş adamları çalışmalıdır ki, sanksiyalardan məhz neqativ təsir kimi yox, imkan kimi istifadə edə bilsinlər”.

“Artıq Azərbaycan bankları İran banklarına köçürmə etmirlər”

“Azərbaycanda olan İran bankının fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırılıb. Köçürmələr, beynəlxalq köçürmələr edilməsi qadağan edilib. Artıq Azərbaycan bankları İran banklarına köçürmə etmirlər. Əvvəlki dövrlərdə sanksiyalar tətbiq ediləndə həmin bank fəaliyyət göstərirdi. Əsas funksiyası da İranla ödənişlər idi. Bu son sanksiyalardan sonra fəaliyyətində xeyli azalmaların və məhdulaşmaların olacağı gözlənilir”,-deyə iqtisadçı qeyd etdi.

“Vəziyyət gərginləşəndə İran vətəndaşları daha çox kirayə qalmağa üstünlük verəcəklər”

Bayramovun fikrincə, İran məhsullarının bir sıra bazarlardan çəkilməsindən Azərbaycan sahibkarları imkan kimi faydalanmağa çalımalıdırlar: “Amma güman etmirəm ki, İrandan Azərbaycan böyük pullar gələcək. Çünki İran vətəndaşları öz pullarını kənar xarici ölkələrdə qoymağa maraqlı görsənmir. Xarici ölkələrdə əmlakın alınması zərurəti yaranarsa, o zaman İranın imkanlı şəxsləri daha çox Avropa, əsasən də mərkəzi-şərqi Avropa ölkələrinə üstünlük verir. Mən güman etmirəm ki, sanksiyalardan sonra Azərbaycana İrandan böyük məbləğdə vəsaitlərin gəlişi mümkün olsun. İlin sonuna qədər əmlak bazarında qiymət artımlarını proqnozlaşdırmırıq. Çünki tələb aşağıdır. Tələb aşağı olduğu halda qiymət artımları proqnozlaşdırılmır. Kirayə evlərin qiymətində avqust, senytabr aylarında artım var idi. O artımlar da sonradan stabilləşdi. O baxımdan, güman etmirəm ki, İran kapitalı əmlak bazarına ciddi şəkildə yönəlsin. Vəziyyət gərginləşəndə İran vətəndaşları daha çox kirayə qalmağa üstünlük verəcəklər və müəyyən müddət gözləmə mövqeyi seçəcəklər. O baxımdan, İran kapitalının daşınmaz əmlak bazarına böyük həcmdə daxil olmasını biz pronozlaşdırmırıq”.

“Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri genişlənəcək”

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qüvvəyə minməsi ilə əlaqədar sanksiyaların Azərbaycana təsirlərini nəzərə alaraq fikirlərini bölüşən İqtisadi Tədqiqtlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə düşünür ki, sanksiyalar Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində çətinliklər yaradacaq: “Azərbaycan üzərindən Rusiya-İran ticari-investisiya münasibətlərinə mənfi təsir göstərəcək. Eləcə də İranla-Azərbaycan arasında rəsmi iqtisadi əlaqələr də zəifləyəcək. Lakin bu sanksiya İran mənşəli sərmayələrin və köçürmələrin Azərbaycan üzərindən həyata keçirilməsini stimullaşdırmaqla, Azərbaycan iqtisadiyyatına müsbət impulslar verəcək. Xüsusilə də Azərbaycanın paytaxtı Bakı şəhərinin əmlak və kapital bazarına İrandan sərmayələr artacaq. Bu təbii ki, torpaq, mülk, mənzil satışı, kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək və valyuta bazarında sabitləşdirici rol oynayacaq. Bununla yanaşı, Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək. Bir sözlə, İrandan “qaçan” kapital Azərbaycanda bazar axtaracaq”.

Azər Azadzadə Atəs.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış