Postsovet məkanında mövqelərini və təsir imkanlarını sürəkli itirməkdə olan Rusiya indi də Ermənistanı əldən vermək təhlükəsi ilə üzbəüzdür. Cənubi Qafqazdakı forpostunu və bir zamanlar köpək sədaqəti nümayiş etdirən "müttəfiq"ini nəzarətdən çıxarmaq istəməyən Moskva bunun üçün adekvat saydığı addımları atmaqdadır.
Obyektiv reallıq budur ki, Qərb, daha doğrusu, NATO hazırda Rusiyanın şimal sərhədlərindən tutmuş, Cənubi Qafqazadək müxtəlif ölkələrdə dayaq bazaları qismində təsir mərkəzləri yaradır.
Məqsəd Rusiyanın fasiləsiz və hədəfə çatıncaya qədər müddətsiz qarşıdurmaya cəlb etməkdir. Təbii ki, NATO-nun hibrid strategiyası Rusiyanın imkanlarının və resursarının tükənməsinə, Moskvanın bu qarşıdurmaya davam gətirmək üçün hərbi-sənaye kompleksini intensivləşdirəcəyi və qabaqlayıcı addımlar atmaq niyyətinə düşəcəyi təqdirdə isə yeni sanksiyalara əl atılmasına hesablanıb.
Bununla paralel olaraq Rusiyanın postsovet məkanındakı təsir imkanlarının da maksimum dərəcədə sıradan çıxarılması ABŞ və Avropa Birliyinin ümdə məqsədləri arasındadır.
Planlar dəyişməyib, strategiya eynidir və Rusiya da bunu anlayır.
Məsələn, "Moskovski Komsomolets" qəzeti son vaxtlar Rusiyada bu yaxınlaradək sabit və stabil müttəfiq saydığı, lakin istiqamətlərini dəyişəndən sonra Moskvanın qəzəbinə gələn ölkələrdən sayıla biləcək Ermənistanla bağlı geniş yazı dərc edib.
Yazıda Ermənistanın timsalında son proseslərdən, yəni Qərbin postsovet ölkələrindən birini hədəfə alaraq qonşuluqda yerləşən və NATO ilə ABŞ-ın təsirində olan ölkələrdən yararlanaraq daxili işlərə aşkar müdaxilə, habelə təzyiq ssenarilərindən bəhs edib.
Rusiya dərk edir ki, Cənubi Qafqazda onun maraqlarına ən böyük təhlükə Dağlıq Qarabağ münaqiəşəsidir.
Doğrudur, Rusiya indi bu münaqişədən bəs deyincə yararlanır, Ermənistana və Azərbaycana təsir, habelə təzyiq vasitəsi qismində istifadə edir.
Fəqət, Moskva dərk etməmiş deyil ki, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonu qorumaq və işğalçı Ermənistanı dəstəkləmək üçün atdığı bütün addımları, gerçəkləşdirdiyi bütün əməlləri pərdələmək, başqa məzmunda və formatda təqdim etmək, sadəcə mümkün deyil.
Bununla yanaşı, Rusiyanın tutduğu mövqe və xüsusilə də Ermənstanı gizli şəkildə silahlandırması Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması üçün yaradılmış Minsk Qrupunda onun həmsədr ölkə statusunun nə qədər obyektiv olması ilə bağlı ciddi suallar yaradır.
Suallara dəqiq və konkret cavab verilməməsi isə Bakını problemin həllində real, tərəfsiz vasitəçi qismində başqa ölkələrə üz tutmağa vadar edə bilər.
Həmin ölkələr arasında ən potensial namizəd təbii ki, Türkiyədir.
NATO üzvü olsa da, hazırda Türkiyə Rusiya üçün Cənubi Qafqazda yeganə qəbuledilən Alyans üzvüdür və məhz bu səbəbdən regiondakı proseslərə Türkiyənin geosiyasi təsir imkanlarını artması Moskvanı ifrat dərəcədə qıcıqlandırmır.
Rusiya da artıq etiraf edir ki, münaqişə zonasında gərginliyi artıran məhz Ermənistandır. Belə ki, iyul hadisələri, yəni Ermənistanın Tovuz rayonuna hücum etmək cəhdi Dağlıq Qarabağ münaqişəsi zonasından çox kənarda baş verən proseslərdi.
İyul döyüşlərinin getdiyi məkan isə Azərbaycanın enerjidaşıyıcılarını dünya bazarına çıxaran boru kəməri marşrutlarının keçdiyi Tovuz rayonunda idi. Türkiyənin karbohidrogenlərə olan tələbatının 1/3 hissəsi Azərbaycan hesabına təmin olunduğundan təbii ki, iyul döyüşləri başlayan kimi Ankara Bakıya tam verəcəkdi, verdi də.
Tovuz döyüşlərindən triqqer kimi istifadə etmək istəyən rəsmi İrəvan isə dərhal MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək təcili və fövqəladə toplantının çağırılmasını tələb etmişdi. Ermənilərin məqsədi Rusiyanı situasiyaya cəlb etməkdi.
Tələb havada qalmışdı. Hətta Rusiya "forpost"unun gerçək niyyətini anladığından sərt açıqlamaları İrəvana ünvanladı. Belə ki, Rusiyanın XİN başçısı Sergey Lavrov vəziyyətin gərginləşməsində məhz Ermənistanın suçlu olduğunu açıq dedi: "Situasiyanı gərginləşdirən məqam Ermənistanın sərhəddəki köhnə nəzarət-buraxılış məntəqəsini bərpa etmək istəyi oldu ki, həmin məntəqə də Azərbaycanın ixrac boru kəmərlərindən cəmi 15 km aralıda yerləşir".
Fəqət, ermənilər gərgin vəziyyətə Rusiya və Türkiyəni cəlb etmək niyyətlərindən əl çəkmədilər. Ermənistanın müdafiə naziri David Tonoyanın "Rusiya ilə Ermənistanın təxminən eyni düşmənləri var" açıqlaması isə Moskvanı ümumiyyətlə, təbdən çıxardı.
Ermənistan bu bəyanatı ilə əslində Rusiya ilə müttəfiqlik anlaşmalarını sipər edərək baş nazir Nikol Paşinyanın Qərbə meyllənmiş siyasətinin rahat həyata keçirilməsini, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə birbaşa cəlb olunmasını reallaşdırmağa yönəlmişdi.
Qərbin Rusiyanın zəiflədilməsinə yönəlmiş taktikasının Cənubi Qafqazla bağlı strategiyasında Ermənistan və bu ölkənin baş naziri, administrasiyasını az qala bütünlüklə amerikalı milyarder Corc Sorosun yetirmələrindən ibarət "kadr"larla doldurmuş Nikol Paşinyan xüsusi yer tutur.
Məhz bu səbəbdən iyul döyüşlərindən dərhal sonra Nikol Paşinyan anti-Rusiya siyasətinin zahirən yumşalması görüntüsü yaratmaq üçün taktiki addımlar atdı. Belə ki, o, Rusiyanın tam nəzarətində olan Cənubi Qafqaz Dəmir Yoluna qarşı maliyyə iddialarını dayandırdı. Ermənistan parlamentinin vitse-spikeri, Paşinyan komandasının mənsubu Alen Simonyan isə nümayişkaranə şəkildə Corc Sorosu "köpək" adlandırdı.
Lakin Ermənistan unudur ki, böyük dövlətlər kiçik müttəfiqlərinə görə aşkar qarşıdurmalara başlamırlar. İllah da ki, bu kiçik, daha doğrusu, küçük müttəfiqin sədaqəti sahibində böyük şübhələr doğurur.
Nikol Paşinyanın bütün zahiri oyunlarına rəğmən Ermənistan rəhbərliyində Sorosun kadrlarının yerləşdirilməsi davam edir.
Üstəlik, "Ermənistanla Rusiyanın düşmənləri təqribən eynidir" tipli bəyantlar verən rəsmi İrəvan Rusiyanın birtərəfli dəstəyinə bel bağlayır. Halbuki İrəvan NATO-nu rəqib hesab etmir, tam əksinə, Qərblə aktiv təmaslardadır. İrəvanda NATO-nun informasiya mərkəzi var və məhz NATO Ermənistanda silahlı qüvvələrin təkmilləşdirilməsi proqramını gerçəkləşdirir.
Və ən nəhayət... Rusiya Ermənistana Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını təklif etmişdi. Bunun cavabında isə Nikol Paşinyan Qarabağa yollanaraq Moskvanın bütün cəhdlərini faktiki olaraq puç etdi.
Beləliklə, Ermənistanın Rusiyaya təklif etdiyi ssenariyə bir daha nəzər salaq.
Moskva Cənubi Qafqazda strateji tərəfdaşı olan Azərbaycanla münasibətləri tam korlayır, Dağlıq Qarabağ münaqişəsinə birbaşa cəlb olunur, NATO-nün hərbi baxımdan ən qüdrətli üzvlərindən olan Türkiyə ilə aşkar qarşıdurmaya başlayır, Rusiyanın Cənubi Qafqazdakı proseslərə təsir imkanları bilavasitə Ermənistandan və bu ölkənin sərsəm baş naziri Nikol Paşinyandan asılı duruma düşür.
Ermənistan isə Qərbdən alınan göstərişlərpi reallaşdırır, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını heçə endirir.
Rusiya bunu istəyirmi?
Cavab Moskvanındır.
Elçin Alıoğlu
ATESH,AZ