hemlemedia.az saytı Yeni Musavat saytına istinadən yayadı.
Ermənilərin əsassız iddialarına qarşı vahid mərkəz yaradılır; İrəvan Türkiyə və Azərbaycanla tarixi anlaşma şansını həmişəlik itirmək üzrədir; sərhədlərin yenidən çəkilməsi mənfur qonşularımızın xeyrinə olmayacaq...
Saxta erməni “soyqırımı” məsələsi illərdir Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq üçün düşmən tərəfin əldə bayraq etdiyi mövzulardandır. Guya 105 il öncə Türkiyə dövlətinin genosid siyasətinə məruz qalan və öz “tarixi” torpaqlarını itirən “əzabkeş xalq” bu yolla heç olmasa, “tarixi ədaləti” bərpa eləməyə çalışır.
Ancaq əzəli Türk torpaqlarında təşəkkül tapan hazırkı Ermənistanda unudurlar ki, Cümhuriyyətin hüquqi-siyasi varisi olan indiki Azərbaycan Respublikası dünyada, BMT və digər beynəlxalq qurumlarda məhz Dağlıq Qarabağ da daxil olmaqla, SSRİ-dən çıxdığı sərhədləri çərçivəsində tanınır. Və bu gerçəklik heç vaxt dəyişməyəcək, əgər Azərbaycan özü bundan könüllü imtina eləməsə - təbii ki, bu da gözlənilmir.
İkinci yandan, əgər rəsmi İrəvan beynəlxalq hüquqdan doğan reallıqları ciddiyə almaq, qonşu Azərbaycanın və Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qəbul eləmək istəmirsə, o zaman bilməlidir ki, Bakı və Ankara da eyni məntiqlə sərhədlərin təzədən çəkilməsi haqqını özündə saxlayır. Yəni bumeranq effekti məsələsi.
Qısası, İrəvan qonşu ölkələrin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq sərhədlər daxilində tanımamaqla əslində ən əvvəl özünü avtomatik şəkildə beynəlxalq hüquqdan kənarda qoyur. Belədə Bakı ilə Ankara da Ermənistanın mövcud sərhədlər daxilində qalacağına artıq heç bir zəmanət vermirlər. Bu da o anlama gəlir ki, əgər hazırda cəbhə xətti Ağdamdan keçirsə, sabah İrəvandan da keçə bilər.
*****
Əfsus ki, siyasi avantüristlərin girovuna çevrilən erməni xalqı onun üçün hansı faciəvi oyunun oynanıldığının, hansı tələnin hazırlandığının fərqində deyil. Ermənilər əsl tərəqqi yoluna çıxmağın yeganə şərti kimi qonşu Türkiyə və Azərbaycanla vaxt itirmədən anlaşma şansını əbədilik itirmək üzrədirlər. Səbəb isə davam edən absurd və əsassız torpaq iddiaları, uydurulmuş “soyqırım” məsələsidir.
Yeri gəlmişkən neçə vaxtdır, işğalçı ölkədə vaxtilə Atatürk Türkiyəsi ilə Lenin Rusiyası arasında imzalanmış Qars və Moskva müqavilələrinin ləğvi üçün kampaniya aparılır. Kampaniyaya Paşinyan hökumətinin yetkilləri də qoşulub. Guya həmin müqavilələrlə tarixi erməni torpaqları (Şərqi Anadolu, Naxçıvan) Türkiyə və Azərbaycana verilib. Halbuki tam tərsi baş verib. Məhz Sovet dönəmində Azərbaycan-Türk torpaqları (Zəngəzur, Göyçə və s.) Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilib.
İstənilən halda, erməni avantüristlər unudurlar ki, həmin müqavilələrin ləğvi, Ankara və Bakıya sərhədləri yenidən cızmaq fürsəti verəcək. İrəvanın özü belə, təzədən mübahisəli əraziyə çevriləcək. O zaman ermənilər kimə və nəyə arxayındırlar ki, yeni sərhəd dəyişməsi məhz onların ziyanına yox, xeyrinə yekunlaşacaq?
Əlbəttə ki, erməni heç bir əlavə ərazi almayacaq - üstəlik, indikini də itirə bilər. Ona görə ki, bugünkü Türkiyə və Azərbaycanın məcmu hərbi-siyasi gücü ermənilərin hətta öz havadarları hesabına belə, yeni ərazi qazanacağını tam istisna edir. Özəlliklə də regionun, hətta dünyanın supergücünə çevrilmiş qardaş ölkə ermənilərin “çəhrayı” arzularının reallaşması önündə vazkeçilməz əngəl olaraq qalır və qalacaq. Buna kimsənin şübhəsi olmasın.
*****
Təsadüfi deyil ki, bəzi xristian dövlətləri xaric, dünya ictimaiyyətinə on illərdir yalançı soyqırımı qəbul etdirə bilməyən erməni lobbisi artıq strategiyanı dəyişib. Bu barədə “Türkiyə” qəzetindəki məqalədə deyilir. Nəşr bildirir ki, Türkiyə prezidenti yanında Ali Müşavirə Şurası Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarıb.
“Toplantıda erməni lobbisinin ”soyqırım" iddialarını Beynəlxalq Ədalət Məhkəməsində (Haaqa) qaldırmaq üçün strategiyanı dəyişdirdiyi, məsələni “soyqırım” yerinə “insanlığa qarşı cinayət” formasına çevirib nəticə almağa çalışdığı bildirilib. Bunun iki səbəbi göstərilir: əvvəla, Beynəlxalq Ədalət Məhkəməsi əsasən 1948-ci ildən sonrakı soyqırım iddialarına baxır; ikincisi, iddiaların meyarları çox sərt olduğu üçün soyqırım kimi qəbul edilməsi çətin məsələdir. Buna görə də ermənilər strategiya dəyişdirməyə başlayıblar" - qəzet yazıb.
İclasda bu dəyişikliklərin nəzarətdə saxlanılmasının vacibliyi də vurğulanıb: “Ona görə də Ərdoğan məsələ ilə bağlı təklifləri dəstəkləyib və ”soyqırım" iddialarına qarşı yeni bir qurumun yaradılmasına müsbət yanaşdığını deyib".
Söhbət Türkiyə dövlət başçısının rəhbərliyi ilə 1915-ci il hadisələrinin araşdırılması ilə bağlı yeni bir qurumun yaradılmasından gedir. “Yeni Müsavat” xatırladır ki, qardaş məmləkətin rəhbərliyi dəfələrlə Ermənistan başçılarına müraciət edərək “soyqırımı” araşdırmaq üçün beynəlxalq müşahidəçilər də daxil, tarixçilərdən ibarət birgə komissiya yaratmağı və arxivləri açmağı təklif edib.
Lakin İrəvan, erməni lobbisi bundan imtina edib. Çünki arxivlər açılsa, genosidə ermənilərin deyil, türk-müsəlmanların məruz qaldığı qətiləşəcək. Rəsmi Ankara həmişə olduğu kimi, bu dəfə də öz arxivlərini dünyaya açıq elan edib.
*****
Son gəlişmələr isə göstərir ki, Türkiyədə ermənilərin uydurma iddialarına qarşı artıq vahid mübarizə mərkəzi formalaşdırılır. Bir sıra ekspertlərə görə, Ankara bu yolla ermənilərin saxta soyqırım və ərazi iddialarına qarşı (hansı ki, hətta Ermənistan konstitusiyasında əksini tapıb) təbliğati savaşda özünün bütün resurslarını cəlb eləməklə keyfiyyətcə yeni və daha effektli bir rıçaqı işə salmaq, ermənilərə qarşı taktikanı dəyişmək niyyətindədir.
Beləcə, Ankaranın İrəvana ən müxtəlif barışıq variantı təklif eləmək zamanı başa çatır. Xoşməramlı jestlər limiti bitib. Türkiyə artıq sərt tədbirlərə keçir. Ermənistan qardaş ilə anlaşma şansını faciəvi şəkildə itirdi. Demək, Qarabağ məsələsi ilə bağlı da burada dünyaya, öncəliklə təcavüzkar ölkəyə verilən mühüm siqnallar var.
Bu məqamda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun ötən həftə Qarabağla bağlı verdiyi bəyanat yada düşür. Çavuşoğlu demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmək üçün hansı variantı seçsə, Türkiyə onun yanında olacaq. Bu da işğalçıya növbəti və aydın bir müharibə mesajı.
Əlavə edək ki, bu günlərdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə ilə hərbi sahədə əməkdaşlığın daha dərinlışəcəyinin, qardaş ölkədən yeni silahların, o sırada ən müasir döyüş sistemlərinin, Suriyada və Liviyada sınaqdan əla çıxan, “ağıllı” raketlərlə təchiz olunmuş pilotsuz zərbə və kəşfiyyat aparatlarının (PUA) alınacağını, habelə birgə silah istehsalının genişləndiriləcəyinin anonsunu verib...
Analitik xidmət,
“Yeni Müsavat