“Bəzi dövlətlərin siyasi rəhbərliyi qondarma “erməni soyqırımı” ilə bağlı tarixi həqiqəti əks etdirməyən və təhrif olunmuş bəyanatlarla çıxış edir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikri Azərtac-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada qeyd olunduğu kimi, həmin dövrdə qanunsuz erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi hallarına etinasızlıq göstərilir. Eyni zamanda, erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınların və vəhşiliklərin üzərindən sükutla keçilir:
“Keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ regionunda aqressiv separatizm əməllərinə başlayan erməni terrorçu təşkilatları çoxsaylı terror əməlləri törətmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal olunmuşdur. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizlənməyə məruz qalmışdır. Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət və soyqırımı əməlləri törədilmişdir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində etnik mənsubiyyətinə görə mülki Azərbaycan əhalisinə qarşı törədilmiş misilsiz vəhşilik və soyqırımı bunun bariz nümunəsidir. Dünyanın 10-dan artıq ölkəsi Xocalıda törədilmiş cinayətləri soyqırımı əməli kimi tanımışdır”.
Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir: “Ermənistanın işğala əsaslanan destruktiv siyasəti Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktının prinsipləri əsasında ədalətli həllinə imkan vermir. Ermənistanın işğalçılıq siyasəti regionda sülh və təhlükəsizlik üçün başlıca təhdid mənbəyi olaraq qalmaqda davam edir.
Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca mülki Azərbaycan əhalisini, o cümlədən uşaqları hədəfə almaq və öldürmək siyasətini davam etdirir.
Qondarma “erməni soyqırımı” ermənilərin və Ermənistanın törətdiyi cinayətlərin gizlədilməsi, Ermənistanın məzlum ölkə kimi təqdim edilməsi məqsədlərinə xidmət edir. Ermənistan və erməni lobbi dairələri tərəfindən tarixi faktlar məqsədyönlü şəkildə saxtalaşdırılır”.
Hikmət Hacıyev qeyd edib ki, tarix tarixçilər tərəfindən araşdırılmalı və siyasi məqsədlər üçün istifadə olunmamalıdır: “Türkiyə arxivlərin açılaraq 1915-ci il hadisələri ilə əlaqədar tarixi faktların tarixçilər tərəfindən araşdırılmasını təklif etsə də, Ermənistan bundan imtina edir.
Bəzi dövlətlər tarixin təhrif edilməsinə əsaslanan və 100 il bundan əvvəl baş verdiyi iddia olunan hadisələrə siyasi mülahizələrlə qiymət vermək əvəzinə, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə ədalətli qiymət verməlidir və Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır”.