Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) tədqiqat peyki daşıyan raketin buraxılışını texniki nasazlıq səbəbilə həyata keçirə bilməyib.
Bu barədə təşkilatın rəhbəri V. Narayanan mətbuat brifinqində açıqlama verib.
Onun sözlərinə görə, Şrixarikota kosmodromundan həyata keçirilməsi planlaşdırılan 101-ci buraxılış - PSLV-C61 EOS-09 missiyası ikinci pilləyə qədər problemsiz işləyib. Üçüncü pillənin mühərriki işə düşsə də, işləmə zamanı nasazlıq aşkarlanıb və bu səbəbdən missiya yarımçıq qalıb.
Narayanan bildirib ki, problemin mühərrik korpusunda təzyiqin azalması ilə əlaqəli olduğu ehtimal edilir: "Hazırda araşdırmalar aparılır və nəticələr yaxın zamanda açıqlanacaq".
Buraxılması planlaşdırılan EOS-09 peyki Yer səthinin müşahidəsinə xidmət edir. O, hava şəraitindən asılı olmayaraq, həm gündüz, həm də gecə görüntülər çəkə bilir. Bu görüntülər kənd və meşə təsərrüfatı, şəhərsalma, təhlükəsizlik, həmçinin təbii fəlakətlərin nəticələrinin qiymətləndirilməsi baxımından önəm daşıyır.
Missiyada istifadə olunmalı olan PSLV raketi Hindistanın dörd pilləli, yüngül sinifli və birdəfəlik istifadəyə yararlı raketdaşıyıcısıdır.
Onun:
1-ci və 3-cü pilləsində bərk yanacaqlı mühərriklər,
2-ci pilləsində mayeylə işləyən Vikas mühərriki (heptil və azot tetroksidi),
4-cü pilləsində isə monometilhidrazin və azot oksidi qarışığı ilə işləyən iki maye mühərrik mövcuddur.
PSLV-nin müxtəlif versiyaları (G, XL, DL, QL) fərqli sayda və gücdə start sürətləndiriciləri ilə təchiz edilir.
Raketin əsas texniki göstəriciləri:
Hündürlüyü: təqribən 44 metr
Əsas pillələrin diametri: 2,8 metr
Start çəkisi: 230-320 ton (konfiqurasiyadan asılı olaraq)
Yükdaşıma qabiliyyəti: 3,8 tona qədər
Hazırda ISRO problemi araşdırır və yaxın günlərdə buraxılış üçün yeni tarix açıqlanacağı gözlənilir.