ww.Fedai.az
AVMVİB bu layihəni hər bir veteranın, rayon şöbələrinin müzakirəsinə çıxarır. Daha sonra bu layihəni Milli Məclisə və aidiyyatlı qurumlara təqdim etmək niyyətindədir. Xahiş edirik ki, müzakirələrdə fəal olun və öz təkliflərinizi verin…
AVMVİB Rəhbərliyi
Bu Qanun 1992-ci ilin dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasında qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibədə iştirak edən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi orqanları veteranlarının statusunu, müharibə veteranları barəsində Azərbaycan Respublikası Dövlət Siyasətinin əsaslarını təsbit edir. Qanun müharibə veteranlarına verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə müharibə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, müharibə veteranlarının öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etmələri üçün təminatları müəyyənləşdirir.
Maddə 1. Veteranlar barəsində dövlət siyasəti
— Müharibə Veteranları barəsində dövlət siyasəti aşağıdakı əsaslar üzərində qurulur:
— sosial və hüquqi müdafiənin təmin edilməsi;
— əmək hüququnun minimum səviyyəsindən az olmayan dolanacağı təminat verilməsi;
— fiziki və ruhi sağlamlıq, fəal uzunömürlük üçün şərait yaradılması;
— yaşayış sahəsi ilə təminat;
— hər bir veterana zəruri təlabatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi;
— əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə kömək göstərilməsi, müharibə veteranının bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə balavasitə cəlb edilməsi,
Maddə 2. Müharibə Veteranları barəsində Azərbaycan Respublikasının qanunvericiliyi
Müharibə Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericilyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə müharibə veteranlarının hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Müharibə Veteranı
Aşağıdakılar müharibə veteranları sayılırlar:
İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə keçmiş sovet respublikası uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilər və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir
1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belarusiyanın, Balitkyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına,
Onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;
1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş,lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;
İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə»medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə.
Maddə 4. Müharibə veteranı adı verilməyən şəxslərin siyahısı
Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş hərbi qulluqçular istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövürdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dən qüvvədə olmuş Azərbaycan Respublikası cinayət məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş hərbi qulluqçular istisna olmaqla) və ya barələrində cnayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş hərbi qulluqçulara şamil edilmir.
Könüllü hərbi birləşmələrdə olan və döyüş əməliyyatlarında iştirak etməyən şəxslərə şamil edilmir.
Könüllü döyüş əməliyyatlarında iştirak etmiş sıravi və zabit heyyətinə aid olan şəxslər hərbi xidmət yerini özbaşına olaraq
tərk etsələrdə, döyüş əməliyyatlarında iştirak etdikləri üçün onlar müharibə veteranı satusu əldə edirlər.
Maddə 5. Müharibə veteranlarının pensiyaları
Müharibə veteranlarının pensiyaları «Əmək pensiyaları haqqında»Azərbaycan Respublikasının Qununu əsasında təyin edilir.
Maddə 6. Maddə 6. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi qaydaları
Müharibə veteranı adının və vəsiqəsinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və vahid nümunədə vəsiqə təsdiq edilir.Müharibə Veteranı üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
Müharibə Veteranı statusunun təsdiq edən sənədin bu Qanuna uyğun gəlmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
Maddə 7. Müharibə Veteranı təşkilatlarının yaradılması və istehsal fəaliyyətinə təminat verilməsi
Müharibə Veteranı təşkilatları müvafiq qanunvericilik aktlarına əsasən yaradılır, dövlət qeydiyyatından keçirilir və fəaliyyət göstərirlər.
Müharibə veteranı təşkilatı qeydiyyata alındığı gündən hüquqi şəxs hesab edilir.
Dövlət orqanları müharibə veteranı təşkilatlarına öz hüquq və vəzifələrini həyata keçirməkdə hərtərəfli kömək göstərməlidirlər.
Dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranları təşkilatlarına maliyyə yardımı göstərə bilər, onlara müvafiq büdcələrədən vəsait ayıra bilər, nizamnamə vəzifələrini həyata keçirmək üçün binalar, avadanlıq və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilərlər.
Maddə 8. Əmək fəaliyyətinin davam etdirilməsi
Müharibə iştirakçısı pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yatarmaq hüquna malikdir.
Müharibə veteranları pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər
Maddə 9. Mənzil şəraitinin yaxşlaşdırılması
Müharibə veteranları Azərbaycan Respublikasının mənzil qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikinti kooperativlərinə və bağçılıq orqanlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər.
Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.
Maddə 10. Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi
Müharibə iştirakçılarına, həlak olmuşların dul arvadlarına müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla ) mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müavinət verilir.
Maddə 11. Tibbi xidmət, dərman və müalicə vasitələri ilə təminat
Müharibə iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında pulsuz sanatoriya-kurort müalicəsi ala bilərlər.
Müharibə iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dəman və müalicə vasitələri almaq üçün müavinət verilir.
Müharibə veteranlarının tibbi müayinəsini həyata keçirilməsi üçün ixtisaslaşdırılmış poliklinikalar müəyyən edilir.
Maddə 12. Geriatriya yardımı, protezləşdirmə
Müharibə iştirakçılarına, yəni qulluğa ehtiyacı olan xroniki xəstələr üçün müvafiq icra hakimiyyəti orqanı geriatriya kabinetləri, pansionatları,xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirir
Müharibə iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və protezlər düzəltdirirlər.
Maddə 13. İctimai nəqliyyatdan istifadə sahəsində müharibə iştirakçılarına güzəştlər
Müharibə iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir.
Maddə 14. Müharibə veteranlarına sosial xidmət
Müharibə veteranlarına müvafiq icra hakimiyyəti orqanları,dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımı şərai yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər.
Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi
proqramları respublika dövlət büdcəsinin, müvafiq icra hakimiyyəti orqanının vəsaiti hesabına maliyyələşdirilir.
Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır.
Maddə 15. Müharibə veteranı təşkilatlarının beynəlxaq əlaqələri
Müharibə veteranları təşkilatları öz nizamnamələrinə uyğun olaraq qeyri-hökumət xarakterli beynəlxalq birliklərə daxil ola bilər, onlarla bilavasitə əlaqə saxlaya və müqavilələr bağlaya bilərlər.
Dövlət orqanları müharibə veteranları təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.
Maddə 16. Müvafiq icra hakimiyyəti orqanlarının və müəssisələrin veteranlara əlavə güzəşt vermək hüququ
Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər.
Bundan ötrü müvafiq fondlar yaradıla bilər.
Maddə 17. Mərasim xərcləri
Hər bir rayonun, şəhərin ərazisində müharibə veteranları üçün yas və toy mərasimləri keçirilməsi üçün müvafiq icra orqanı tərəfindən binaların tikilməsi təmin edilməlidir.
Vəfat etmiş müharibə veteranının mərasim xərcləri (qəbir yerləri, yuyulması, dəfn edilməsi) müvafiq icra orqanları tərəfindən ödənilir.
Müharibə veteranları vəfat etdikdən sonra onlar üçün nəzərdə tutulmuş təqaüdlər onların dul arvadlarına verilir.
Maddə 18. Qanunun icrasına nəzarət
Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun tələblərinə zidd hallara yol vermiş aidiyyatlı orqanlar, müəssisə və təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
Məsuliyyətin müəyyənləşdirilməsini Qanunverici orqan müəyyən edərək konkretləşdirməlidir.