Azərbaycan xalqının adı tarixin qədim qatlarında həmişə mübariz, qalib xalq kimi həkk olunub. 2020-ci ilin 44 günlük Vətən
müharibəsi isə bir daha Azərbaycan xalqını məğrur, dövlətimizi qalib kimi bütün dünyaya tanıtdı. Bu müddətdə Azərbaycanın apardığı mübarizə təkcə Ermənistanla olmadı. Vətən müharibəsi dövründə Prezident Ali Baş Komandan İlham Əliyev bir çox siyasi təhdid və təzyiqlərə mətanətlə sinə gərərək haqq işi uğrunda apardığı yolunu davam etdirdi. Beləliklə, Azərbaycanın Şanlı Ordusu on illərlə erməni tapdağında olan qədim, doğma Qarabağı geri qaytardı. Doğma Qarabağ uğrunda savaşa qalxan qəhrəmanlarımızdan biri də Xasıyev İbrahim Hacıhümmət oğludur.
Xasıyev İbrahim Hacıhümmət oğlu 1972-ci il oktyabr ayının 25-də Çüdüllü kəndində anadan olub. İbtidai məktəbi doğulduğu kənddə orta məktəbi 1989-cu ildə Marsan kəndində bitirib. Sonra Səməd Vurğun adına sovxozda fəhlə işləyir. 1990-cı ildə hərbi xidmətə çağrılır. Ukraynada hərbi xidmət edən İbrahim 1992-ci ilin əvvəllərində Azərbaycan Milli Ordusuna çağrılır. İbrahim coşqun vətənpərvərlik hissi ilə düşmənlə döyüşə atılır. Laçın dəhlizində ermənilərə qarşı bir sıra döyüşlərdə iştirak edir. Daha sonra Kəlbəcər istiqamətində döyüşlərə qatılır. Burada yaralanan İbrahim müalicədən sonra öz taboruna, yenidən Laçın rayonu ərazisinə qayıdır. Laçın şəhərinin düşmənin əlinə keçməsindən sonra ətraf kəndlərin müdafiəsində iştirak edən igid əsgər iyirmi yaşının tamamına bir ay qalmış düşmən snayperinin gülləsinə tuş gəlir və vətən eşqi ilə döyünən bir ürək həmişəlik dayanır. İbrahim Xasıyevi doğma yurdunda torpağa tapşırıblar. Şəhidin adını əbədiləşdirmək üçün Çüdüllü kənd natamam orta məktəbinə onun adı verilib.Torpaq, uğrunda ölən varsa, Vətəndir
Səhər Manaf